Rusiyanın fiaskosu və ya Hamburq niyə Yalta olmadı?

Rusiyanın fiaskosu və ya Hamburq niyə Yalta olmadı? Sanki bu görüş büsbütün dünyanı dəyişəcək və Rusiyanın geosiyasi ambisiyalarını tamam sənədləşdirəcək, onlara siyasi mandat verəcəkdi. Amma bunların heç biri olmadı.

İndi rusiyalı təhlilçilər arasında məyusluq var, çünki ikinci Yalta konfransı alınmadı. Hərçənd, Hamburq görüşü ərəfəsində onların çoxu Rusiya ilə ABŞ arasında ikinci Yalta konfransına bənzər anlaşmanın baş tutacağına ümid edirdi.



Yada salım ki, Yalta konfransı 1945-ci ildə olmuşdu və müharibədən sonrakı dünyanın ABŞ, SSRİ, İngiltərə arasında bölüşdürülməsilə başa çatmışdı. İndilik isə demək olar ki, nəhayət, ABŞ və Rusiya prezidentləri görüşə bildilər. Daha realistlər irəlicədən düşünürdülər ki, ən yaxşı halda yalnız Suriya məsələsində hansısa irəliləyiş ola bilər. Başqa məsələlər isə yalnız “zond” xarakteri daşıyacaq və tərəflər ayrı-ayrı məqamlarla bağlı bir-birinin mövqeyini öyrənməyə cəhd edəcək.


Belə pessimist proqnozlar boş yerdən qaynaqlanmırdı. Donald Tramp ABŞ cəmiyyətinin və müvafiq strukturlarının ciddi nəzarəti altındadır. Onun kiçik güzəşti belə öz ətrafındakı şübhə atmosferini bir az da tündləşdirə bilərdi.


Amma təbii bir sual yaranır. Sonra nə olacaq? Vaxtilə politoloq Z.Bjezinski dünyada beş geosiyasi mərkəz-qütb müəyyənləşdirmişdi. Onlardan dördü dünya xəritəsində oturuşub. Bunlar ABŞ, Avropa, Rusiya və Çindir. Ən maraqlısı odur ki, təkcə ABŞ-la Rusiya arasında deyil, elə ABŞ-la Çin və yaxud ABŞ-la Avropa arasında da müəyyən “sürtünmə” duyulur və bu, özünü Hamburq ərəfəsində də büruzə verdi.


Görüş ərəfəsində ABŞ-la Avropa arasında müəyyən qədər söz “atışması” oldu, Çinlə Rusiya rəhbərləri isə özlərinin 22-ci görüşlərini keçirdilər. Maraqlı tərəfi budur ki, Avropanı da, Çini də müəyyən mənada ABŞ siyasətinin “körpə”ləri adlandırmaq mümkündür.


Düzdür, vahid Avropa ideyasının çox böyük tarixi var - ən azı, gedib Napoleon dövrünə çıxır. Amma bu ideyanın gerçək xarakter alması, onun institusional mahiyyət tapması üçün ABŞ çox böyük töhfə verib. Çini isə ABŞ üçün vaxtilə sabiq dövlət katibi H.Kissincer kəşf etmişdi. Amma indi bu iki ünvan - Avropa və Çin müstəqil geosiyasi vahidlər kimi çıxış edirlər.


Bütün bunlar o deməkdir ki, ən azı bir müddət çoxqütblü dünya modeli üstünlük təşkil edəcək. Bu isə özündə müəyyən qədər qeyri-müəyyənlik və hətta bir az xaos da ehtiva edir. Amma nə etmək olar? Böyük hesabla birinci “soyuq müharibə”nin müəyyənliyi artıq keçmişdə qalıb. Bunun da səbəbləri var.


Əsas budur ki, məsələn, hətta Rusiyaya qarşı belə, “vahid cəbhə” yaratmaq mümkün deyil, çünki böyük geosiyasi ambisiyaları olsa da, daha Rusiya əvvəlki dövrlərdə olduğu kimi, qlobal siyasi və ya iqtisadi çağırışları daşımır özündə. Bəs onda nəyə ümid etmək qalır?


Yalnız bir sıra ədədlər müəyyən təskinlik verir. Məsələn, ABŞ-ın təkcə hərbi büdcəsi Rusiyanın total büdcəsindən iki dəfə və NATO-nun illik büdcəsi Rusiyanın hərbi büdcəsindən 15 dəfə böyükdür. Deməli, növbəti silahlanma yarışı olarsa, kimin irəli, kimin geri gedəcəyi elə bir tapmaca deyil.
İndi Rusiya iqtisadiyyatı planlı dövlət iqtisadiyyatı deyil, di gəl, o, yenə də rəqabət qabiliyyəti olmayan iqtisadiyyatdır və hətta ən patriotik rus iqtisadçıları belə, Rusiyanın sıçrayış edərək texnoloji cəhətdən inkişaf etmiş ölkələr sırasına qalxacağına inanmırlar.


Elə ona görə də söz yenə əlahəzrət iqtisadiyyatındır, əsl dünya liderini yenə də o, müəyyən edəcək - gec və ya tez...


Dünyadakı geosiyasi proseslərə baxanda da geoiqtisadi çalarlar heç də az nəzərə çarpmır. Dünyada nüfuz üstündə, enerji və tranzit imkanları uğrunda savaş gedir. Heç kimin də əslində güzəşt etmək fikri yoxdur.


Trampın hakimiyyətə gəlişi ərəfəsində elə hey bir sual verirdim: görən, ABŞ siyasəti nə qədər personifikasiya olunub, o, bir siyasi liderin siyasi simpatiya və antipatiyalarından nə qədər asılıdır?


İndi görürəm ki, ABŞ-da da siyasət daha çox institusional xarakter daşıyır və “Amerika arzusu” kimi elə “Amerika siyasət maşını” da real məzmuna malik məsələdir. Ona görə bir daha deyirəm ki, Rusiyanı böyük məyusluq gözləyir. Prinsipcə, dünyanın yenidən bölüşdürülməsi baş verə bilər, amma bundan əvvəl daha bir “soyuq müharibə” olmalıdır...

Hüseynbala Səlimov
Tarix: 13-07-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti