Hakimiyyətin “Axilles dabanı”: Əliyev niyə məmurları və balalarını cəzalandırır?

Hakimiyyətin “Axilles dabanı”: Əliyev niyə məmurları və balalarını cəzalandırır? Qudurğan və dikbaş zəngin uşaqları tarixən sarayların başına oyun açıblar. Onların ucbatından hakimiyyətlər yıxılıb, başlar gedib, qəzəbli kütlə tərəfindən saraylar dağıdılıb.
Ataların etmədiyini övladların timsalında qabaqlarına çıxmaları onların 30-40 illik əməyini yerə vurub.
Məsələn, oğlu tarzən Ağasəlim Abdullayevin arvadını və nəvəsini “Qalenvagen”lə vurub öldürməsəydi bəlkə də, Mübariz Mədətov “Xəzər dəniz gəmiçilik” QSC-də vəzifə sahibiydi. Bəs, Füzuli Ələkbərov? – hə, bax elə hər şey onun oğlu Vüqar Ələkbərovla başladı...



AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, İsmayıllı hadisələrinə qədər Azərbaycanda məmurların övladlarına görə cəzalandırılması halı baş verməmişdi.
Prezident İlham Əliyev məhz 2013-cü ildən qudurğan məmur balalarına qarşı amansız olmağa başlayıb.
2013-cü ilədək hər hansı nazir yaxud məmur övladı hakimiyyətin başına belə bəla açmamışdı. İsmayıllı hadisələri isə partlayış nöqtəsi oldu və iqtidarı daxili siyasətinə yenidən baxmağa vadar etdi.
Həqiqətən də, seçki ilində İsmayıllıda üsyan qalxması, nazir oğlunun harınlığına etiraz olaraq başçı olan əmisinin villasının yandırılmasına cəhd olunması, iki gecə barikkadalar qurulmasına qədər proseslərin miqyası genişlənmişdi.
Deyilənə görə, həmin vaxt Bakıda daxili qoşunlardan bir polis də qalmamışdı və hamısı İsmayıllıya cəlb edilmişdi. Hətta paytaxtda mitinqlər keçirilsəydi, qarşısıalınmaz bir vəziyyət yarana bilərdi.


Hakimiyyətin də İsmayıllı üsyanından çıxardığı dərslər bundan ibarət idi: regionlara dalğavari yayıla bilər, sosial narazılıq var, yerlərdə məmurlar insanları çox süründürüblər və qisas hissi ilə alışıb-yanan təbəqə var. Beləcə, ilk dəfə bir nazir oğluna görə cəzalandırılaraq vəzifəsindən çıxarıldı və bu, başlanğıc idi.
Hakim dairələrdə anlamağa başlamışdılar: İsmayıllı üsyanı təkrarlana bilər, aksiyalarda iştirak edənlərin gözündə qorxu yoxdur, xalq hər cür qanunsuzluğa səbr
edir, amma təhqirə dözmür, bu mitinqlər regionları əhatə etsə xaotik vəziyyətə gətirib çıxarar, ən əsası ölkədə iğtişaşların olmasında maraqlı olan xarici qüvvələr var. Odur ki, bir məmur başını qurban vermək daha az itkidir...




AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, prezident bir neçə gün qabaqkı son müşavirədə də məmur övladlarının özbaşınalıqlarından danışdı. İ.Əliyev onları bağışlamayacağını bəyan etdi.
Ölkə rəhbərliyi İsmayıllı hadisələrinin qayıdacağı təhlükəsini heç vaxt istisna etmir. Hakimiyyət texnoloqları qığılcım gördükləri hər yeri torpaqlayırlar ki, ordan od çıxmasın.
Üstəlik, Rusiya ilə münasibətlərin ürəkaçan olmadığı bir situasiyada, seçkiyə bir il qalmış hansısa məmur övladının qudurğanlığına görə hakimiyyətin başı bərk ağraya bilər.
O baxımdan hökumətin “Axilles dabanı” məhz İsmayıllı sayıla bilər. Necə deyərlər, “başına gələn başmaqçı olar” misalı elə bir dərs verib ki, məmur uşaqlarının özbaşınalıqlarının zərrəsini belə bağışlamaq olmaz.

Prezidentin müşavirədə də bu məsələyə xüsusi qayıtması və sərt şəkildə yenidən xəbərdarlıq etməsi, dekabrın 15-nə qədər ona arayış təqdim olunmasını tələb etməsi yeni ildən daha irimiqyaslı dəyişikliklərə gediləcəyinə deməyə əsas yaradır.
İ.Əliyev icra başçılarına, məmurlara mesaj verdi ki, dekabrın 15-də onlaqrın dosyelərinə baxılacaq və ilin sonunda yekun qərarlar veriləcək. Bu da 2018-ci ilin ilk aylarında yeni komanda üzvlərinin olacağına işarədir.
Siyasi hakimiyyət anlayır ki, məmur balalarının qudurğanlığı bütün əndazələri aşıb. Bu, təkcə Azərbaycanda deyil. Dünyada avtoritar qaydalarla idarə olunan dövlətlərin hər birində oliqarx-məmur uşaqları harınlıq edir.
Ancaq qaykaları bərkitmək, həbslə hədələmək də lazımdır. İ.Əliyev İsmayıllı hadisələri zamanı demişdi ki, qudurğanlıq edən məmur balası həbs ediləcək, atası işdən qovulacaq. Son baş verənlər də bunun göstəricisidir.
Onsuz da kifayət qədər başı problemlərə qarışan hakimiyyətə bir də bu korrupsiyaya bulaşmış vəzifəlilərin 5-10 manat görüb qudurmuş uşaqlarının görməmişliyi ucbatından cəncəl lazım deyil.


Bəs, niyə milyonçu uşaqları qudururlar? Psixoloqlar sübut ediblər ki, varlı uşaqlarını ümumiləşdirən bir neçə cəhət var. Hansı ölkədə yaşamalarından asılı olmayaraq, bütün varlı uşaqları özlərini həyatın mərkəzi hesab edirlər.
Amma bununla paralel olaraq depressiyaya və özünü yükləməyə meylli olurlar. Narsizmi də bu siyahıya əlavə etmək lazımdır. Çünki onlar xarakterlərini guya ki, bu formada ifadə və sübut etməyə çalışırlar. Hətta bəziləri idmanda, elmdə və bəzi sahələrdə uğur nümayiş etdirsələr də, heç nədən razı qalmırlar.
Bu uşaqlardan ailələrinin də gözləntiləri böyükdür. Ailələri onları dünyanın ən yaxşı məktəbində oxumağa göndərir, hər şeyin ən keyfiyyətlisini, bahalısını alır, "olmaz" sözünü az qala gündəlik lüğətdən çıxarırlar.
Amma bütün bunlar dost və sevgi əldə etməyə kifayət etmir. Varlı olmaq təkcə şampan içib, Chanel markalı geyimlər geyinmək deyil. Ekzotik səyahətlər, lüks və komfort da bu sözü yetərincə açmır.
Varlı olmaq eyni zamanda doymayan ruh, pik həddə çatmış eqolar, intriqalar, saxta dostluqlar da deməkdir.
Daha çox qazanıb, hər zaman hər şeyin az olduğunu hiss etmək deməkdir, eyni zamanda. Hətta pul və gələcək qayğısının kasıblarınkından daha çox olması anlamına gəlir bu söz...
Siam.az
Tarix: 17-07-2017, 15:25
Xəbəri paylaş





Xəbər lenti