"Vahid Mustafayevlə münasibətlər gərginləşir"
Son günlərdə ANS televiziyasının açılması ilə bağlı məsələ gündəmdədir. Bildiyimiz kimi ANS-in əmlakı AMEA-nın Zoologiya İnstitutunun ərazisindədir. Kanalın açılacağı təqdirdə İnstituta hər hansı müraciətin olunub-olunmaması ilə bağlı direktor Elman Yusifovla əlaqə saxladıq.

E. Yusifov “Yeni Sabah”a açıqlaması zamanı bildirib ki, Vahid Mustafayevlə münasibətlər get-gedə gərginləşir:

“Onların şirkəti ilə münasibətlər, onların davranışını başa düşə bilmirik. Uzun illər onlarla dostluq, qonşuluq şəraitində qarşılıqlı hörmətimiz olub. Lakin illərdir bizim 1000 kvadratmetrdən çox ərazini qeyri-qanuni olaraq zəbt ediblər. Bir daha vurğulayıram, biri var onların əmlaklarının olduğu, bağlanıb möhürlənmiş ərazi-söhbət buradan getmir. Ora qorunur, polis nəzarəti altındadır. Amma bundan əlavə bizim 1000 kvadratmetri zəbt ediblər. Bu yaxınlarda bizdə böyük yerə ehtiyac yarandı, halbuki orada onların lazımsız avadanlıqları var. Biz özümüz üçün qoruyucu yer tapmalıyıq. Digər tərəfdən Fiziologiya İnstitutunun binası qəzalı vəziyyətdə olduğundan bizim binaya köçəcək. Biz öz yerimizi, bizə məxsus olan yeri gedib istifadə etmək istədikdə onlar polisə müraciət etdilər. Onlardan belə şey gözləmirdik”.

Direktor əlavə edib ki, hazırda onları məhkəməyə vermək istəyirlər:

“Görək, məhkəmə müstəvisində bu məsələ necə həll olunacaq. Kanal açılsın, yolları açıq olsun. Orada çox layiqli, peşəkar insanlar var. Onlara aid heç bir iradımız yoxdur. İradımız yerimizlə bağlıdır. ANS sui-istifadə edir, faktları dəyişir, manipulyasiya edir. Daxili İşlər Nazirinin birinci müavininin rəsmi məktubu var, orada göstərilir ki, ANS həmin yerləri boşaltmalıdır. İkinci tərəfdən, Əmlak Komitəsinin bizə yazdığı məktubda göstərilib ki, ANS-lə bağlanmış müqavilə qüvvədən düşüb. Bizim onlara dəfələrlə müraciət məktubumuz var, amma heç bir məhəl qoymurlar. Bizə deyirlər gedin Prezident Aparatına, Nazirlər Kabinetinə şikayət edin, qoy, bizim möhürü açsınlar, fəaliyyətimizi bərpa etsinlər. Bundan sonra baxarıq. Çox gülməli məntiqlə bizə cavab yazırlar”.