Prezidentin köməkçisi Əli Həsənov Əli Kərimlini tənqid etdi

           

Prezidentin köməkçisi Əli Həsənov Facebook profilində AXCP sədri Əli Kərimlini tənqid edən yazı ilə çıxış edib. 24saat.org həmin yazını olduğu kimi təqdim edir:

“Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları

Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya ASAN xidmət inqilabının təcrübəsini yayır

1988-ci ildən bəri Azərbaycanın aktiv siyasi həyatındayam. 1993-cü ildənsə Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları – QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram. Məsuliyyətlə söyləyə bilərəm ki, bütün fəaliyyətim dövründə həm dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyev, həm də onun siyasi varisi Prezident İlham Əliyev siyasi plüralizmi və çoxpartiyalı sistemi Azərbaycanın demokratik inkişafının təməl prinsipi kimi görüblər, ölkədə vətəndaş cəmiyyətinin mühüm seqmenti olaraq həm ictimai, həm də siyasi opponentlik mexanizmlərinin işlək və çevik olmasına çalışıblar, çoxrəngli ideoloji-siyasi palitranın mövcudluğunu arzu ediblər. Çünki cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin də cari proseslərə, gələcəyə hesablanmış konsepsiyalara baxış və rəylərini bilmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazırlıq formasında qalması üçün vacib şərtdir. 

Hakim komandanın məsul üzvlərindən biri olaraq məhz bu yanaşmanı əsas götürməklə ötən illər ərzində ölkənin siyasi səhnəsində yer alan, yer almaq istəyən, siyasi proseslərə istər açıq, istərsə də dolayı şəkildə təsir göstərməyə cəhd edən çeşidli qrupların, ayrı-ayrı şəxslərin fəaliyyətini müşahidə və təhlil etmək imkanım olub.

Qənaətlərimi qısa və ən ümumi şəkildə belə ifadə edə bilərəm: əks düşərgənin ümumi tablosunda konstruktiv qüvvələr də yer alıb, destruktiv qüvvələr də; bir zamanlar özlərini “milli demokrat” adlandıran, amma sonradan Avropa Liberal Demokrat İttifaqına qatılmaq naminə dəyərlərini dəyişən sağçılar da var, özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular da; dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar da məlumdur, bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar da. Sosial bazasını, ictimai dəstəyini Azərbaycan xalqı arasında axtaran və siyasi perspektivini milli iradəyə bağlayan qüvvələrin də şahidi olmuşuq, bütün iddialarını xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxanları da. Lakin Azərbaycanın müstəqil bir dövlət kimi öz əzələlərini möhkəmləndirməsi, ehtiyac yarananda, müstəqilliyimizi istəməyən qüvvələrə nümayiş etdirməsi, regional gücə, beynəlxalq arenada söz sahibinə çevrilməsi baxımından yetərincə təlatümlü keçən ötən illərdən hasil etdiyim bir qənaət də budur ki, milli mənafelərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplardan biri Əli Kərimli və onun çevrəsindəki şəxslərdir. 

Bu maddi maraq qrupu ta komsomolçu keçmişlərindən üzü bəri daim “maliyyəni verən musiqini də sifariş edər” devizi ilə hərəkət edərək, əvvəlcə mənsub olduqları siyasi partiyanın param-parça vəziyyətə düşməsi üçün heç nədən, hətta liderlərinə xəyanət etməkdən də çəkinməyiblər, sonra isə qazandıqları “təcrübəni” Azərbaycan dövlətinə, xalqına, milli maraqlarımıza qarşı istifadə etməyə başlayıblar.

Hazırda bu qrup milli dəyər, məfkurə və müqəddaratımıza zidd olan ritorikaları ilə Azərbaycanda böyük vüsətlə gerçəkləşən və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmaq yolunu tutublar. 

Sirr deyil ki, Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşubdur.
Əli Kərimlinin xaricdə mənzillənən internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür.

Bəri başdan qeyd edim ki, Əli Kərimlinin müsahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin inikası olmaqla dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir.

İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək iddialarınınəsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır. Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Odur ki, sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar.

Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə, iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir. 

Axı ölçüsü, tutumu hər kəsə bəlli olan bir meydanda üç-beş min adamın iştirak etdiyi mitinq tribunasından hansı dəyərli və təzə fikir səsləndi, yeni proqram açıqlandı, hansı fərqli yol xəritəsi elan edildi ki, Azərbaycan hakimiyyəti onlara xüsusi diqqət yetirməli oldu? Doğrudanmı, bu adamlar sadə riyazi hesablamalar apara, bütün güclərini ortaya qoyub “Məhsul” stadionuna yığdıqları bir neçə min adamın Azərbaycanda elektoratın son dərəcə cüzi, sıfıra yaxın bir hissəsini təşkil etdiyini, tərəfdarlarının hətta ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olduğunu görə bilmirlər? Onlar görməsə də, Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür! Azərbaycan cəmiyyəti yaxşı görür ki, 25 ildən artıq bir müddətdə müxalifət düşərgəsində ərsəyə gətirilən “birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında “bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar. 

Azərbaycan cəmiyyətinin və onun önəmli bir kəsimi olan gəncliyin nəzərindən yayınmır ki, əvvəllər müxalif düşərgədə yaranan birlik formatlarının avanqard qüvvəsini keçmiş hakimiyyətin “bəlkə də qaytardılar” ümidi ilə yaşayan nümayəndələri təşkil edir.

İndi heç keçmiş hakimiyyət nümayəndələri də haçansa tutduqları postlara yenidən qovuşmaq üçün Əli Kərimlinin liderliyini qəbul etmir, onu öz revanş arzularının ifadəçisi kimi görmürlər. Bu təqdirdə yeni nəsil niyə öz karyera imkanlarını AXCP-nin sıralarında puç etməlidir? 
Ümummili lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişinin ilk ilində orta məktəbin birinci sinfinə gedən şagirdlər hazırda yeni təhsil sistemi üzrə magistr dərəcəsi əldə ediblər. Onların bir qismi akademik elmi fəaliyyətlə məşğul olmaq üçün təhsilini davam etdirir, xeyli hissəsi isə dövlət qurumlarında, özəl müəsissə və şirkətlərdə çalışırlar. Onlar bilirlər ki, həm mövcud dövlət idarəçilik sistemi, həm də özəl sektor Azərbaycanda məhz ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin hakimiyyəti sayəsində bərqərar olub.

Azərbaycan gəncliyinin məhz bunun fərqində olmasının nəticəsidir ki, Əli Kərimlinin sədrlik etdiyi təşkilatda son bir neçə ildə ali məktəbdən məzun olmuş, dövlət qurumlarını heç demirəm, özəl sektorda uğur qazanmış, vətəndaş cəmiyyəti qurumlarında, mətbuatda öz intellekti və istedadı ilə önə çıxmış gənclər yox səviyyəsindədir.

Belə bir ölü təşkilat və həmin təşkilatın sədri ictimai-siyasi proseslərə hansı müsbət dinamika gətirə bilər ki? 
İndi ən ucqar kəndlərimizdə böyüyən gənclər dövlətin himayəsi sayəsində aparıcı xarici universitetlərdə təhsilin müxtəlif pillələri üzrə yaxşı perspektiv vəd edən, dünyanın gələcəyini müəyyən edəcək ixtisaslara yiyələnməkdədirlər.

Əlbəttə, deyilə bilər ki, AXC hakimiyyəti illərində də xaricə təhsil almağa göndərilənlər olub.

Amma o göndərişin coğrafiyası təkcə bir ölkə ilə yekunlaşırdı, tələbələr həmin ölkənin ümidinə buraxılırdı və gənclər zərurət duyulan peşə və ixtisaslara deyil, AXC hakimiyyətinin ideoloji beyinyuma, azərbaycanlıları “yenidən formatlama” siyasətinə uyğun olaraq əsasən filologiya, tarix, sosial elmlər kimi sahələrə yönləndirilmişdilər.

AXC və YAP iqtidarlarının fərqi də bundadır:

bizim partiya vətəndaşı dövlət və ya daha pisi, hansısa ideologiya üçün vasitə, xammal olaraq görmür. Ümummilli liderimizdən bizə miras qalan ən mühüm tövsiyə budur – dövlət vətəndaş üçündür. Biz gəncləri, cənab Prezidentin ifadə etdiyi kimi, Azərbaycanın gələcəyi olaraq görürük, onların öz milli dəyərlərimizi, milli ruhumuzu qoruyaraq ən çağdaş elmlərə, çağdaş ixtisas və peşələrə yiyələnməsinə çalışırıq… Bəli İlham Əliyev dövlətin vəsaiti ilə hansısa şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı olan yeni nəsil yetişdirməklə məşğul olmur. O, öz milli mənsubiyyəti və doğma Azərbaycanı ilə fəxr edən gəncliyin formalaşması üçün çalışır.

Bütün bunların nəticəsidir ki, Əli Kərimli xalqımızın xüsusi həssaslıq nümayiş etdirdiyi 20 Yanvar günündə Şəhidlər Xiyabanına ziyarətə gələn, ümumiyyətlə, onun mövcudluğu ilə maraqlanmayan kütlənin qarşısına keçib, öz ətrafında izdiham görüntüsü yaratmağa çalışırdı.

Lakin bu cür illüziyalar yaratmaq istəyi son nəticədə elə öz əleyhinə işlədi və cəmi bir neçə gün sonra Məmmədəmin Rəsulzadənin heykəlinin ziyarətinə on minlərin önündə gedəcəyini bəyan etdiyi halda, Novxanıya 120 nəfərlə daxil oldu. Bu isə onun “liderliyini” dırnaq arasına saldı, ciddiyyətdən nə qədər uzaq olduğunu hər kəsə agah etdi. Bu adamların siyasət anlayışı da qeyri-ciddidir, dedi-qodusu da öz səviyyələrindən o tərəfə getmir.

Əli Kərimli müsahibəsində sual edir ki, “hakimiyyətdə olduğu dövrdə İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün nə edib”?

Bu suala mən cavab verəcəyəm və həm də Əli Kərimli və ətrafı kimi subyektiv mülahizələrlə ictimai rəyi manipulyasiya etmək üçün deyil, real faktlarla danışacağam. 

Müasir dünyada zaman və şərtlər sürətlə dəyişir, Azərbaycan hakimiyyəti məhz dövrün çağırışları, müasirliyin parametrləri, tərəqqinin cazibəsi ilə hərəkət edir. Bugünkü Azərbaycan sosial-iqtisadi baxımdan tam yenilənib. Ötən 15 ildə Azərbaycanın həm paytaxtı, həm də bölgələrimiz müasirləşib, məmləkətimizin dörd bir yanında istehsal və xidmət obyektləri yaradılıb, milyonlarla insan işlə təmin edilib… 

2005-ci ilin parlament seçkilərində teledebatlarda çıxış edən o vaxtkı müxalif namizədlərdən biri Azərbaycanın həqiqətən də kiçik olan dövlət büdcəsini Baltikyanı ölkələrdən birinin büdcəsi ilə müqayisə edib hakimiyyətə gələcəyi təqdirdə, büdcəni 5 milyard manata qədər artıracağını vəd verirdi.

İlham Əliyev, əlbəttə belə bir vəd vermədi, amma növbəti seçkilərə opponentlərinin xəyal etdiyi büdcə göstəricisindən bir neçə dəfə çox büdcə ortaya qoydu. Çünki, o, populist vədlər siyasətçisi deyil, real əməl və amal sahibi idi. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, ancaq gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir. Prezidentin özünün də TASS informasiya agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, o, həmişə populizmdən, populist ritorikadan uzaq olub. Azərbaycan iqtidarı çalışıb ki, özünü xüsusi olaraq nümayiş etdirmədən ölkənin uğurlu inkişafı üçün lazım olan addımları atsın.

Tarix: 18-02-2019, 22:12
Xəbəri paylaş





Xəbər lenti