Tofiq Zülfüqarov: “İrəvan danışıqlardan tam imtina etməyə hazırlaşır”


Sabiq XİN başçısı Münhen görüşünün baş tutmamasının pərdəarxası haqda ilginc açıqlamalar verdi

Gözləntilərə baxmayaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Münhen görüşü baş tutmadı. Xatırladaq ki, hələ ötən aydan etibarən Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında növbəti danışıqların fevral ayında Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında olacağı anons edilmişdi.

Hətta bununla bağlı Ermənistan XİN rəhbəri də yerli mediaya açıqlamasında demişdi ki, heç nəyi istisna etmək olmaz. “İrəliyə doğru addım atdığımız aydın məsələdir, vaxt və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk”, - Z.Mnatsaknayan bildirmişdi.

Əslində XİN rəhbərlərinin yanvarda baş tutan 4 saatlıq Paris görüşündən sonra Qarabağ probleminin həlli ilə bağlı ümidlər yaranmışdı. Xüsusilə də xalqların sülhə hazırlanmasının vacibliyi barədə razılaşmanın əldə olunması ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sevincinə səbəb olmuşdu. Lakin bunun ardınca Nikol Paşinyanın və onun komanda üzvlərinin daha çox müharibəni alovlandırmağa yönəlik bəyanatları fonunda Münhendə növbəti dəfə danışıqlara vaxt ayırmağın mənası qalmırdı. Hətta konfransdan əvvəl bir sıra ekspertlər danışıqlardan, həmçinin mənasız fəaliyyətindən başqa heç nəyi ilə yadda qalmayan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtinaya çağırırdı. Bütün bunların fonunda görüşün baş tutmaması bəlkə də normaldır.

Amma Münhen konfransında diqqət çəkən bir görüş oldu - Rusiya XİN rəhbərinin erməni həmkarı ilə görüşünü nəzərdə tuturuq. Məlumatlarda bildirilirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə ediblər. Bununla bağlı Rusiya XİN də açıqlama yayıb. O da qeyd olunub ki, Lavrov-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmsədrlərin səylərinin artırılmasının vacibliyi vurğulanıb. Maraqlıdır, Lavrov doğrudan da Qarabağ məsələsinin həlli üçün can yandırırdısa, nədən Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək istəməyib?

Ortaya çıxan nəticə budur ki, Rusiya XİN başçısı ənənəvi bəyanatlardan və fəaliyyətdən kənara çıxmaqda maraqlı deyil, çünki status-kvonun saxlanmasından məmnundur. Əslində Lavrovun mövqeyi həm də Ermənistanın maraqlarına cavab verir. İrəvan “nə hərb, nə sülh” vəziyyətinin əbədilik davam etdirilməsinə çalışır, bunu hazırkı hökumətin siyasəti də sübut edir.   

Mnatsakanyan Ermənistan mediasına açıqlamasında deyib ki, konfrans çərçivəsində azərbaycanlı həmkarı ilə ayrıca görüş planlaşdırılmamışdı. Amma qeyd edib ki, bu, danışmaq üçün heç bir mövzunun olmadığı demək deyil. Erməni nazir E.Məmmədyarovla probleminin olmadığını da vurğulayıb. O, həmsədrlərin bölgəyə səfər edəcəyini də bildirib. Qeyd edib ki, onların əsas məqsədi liderlərin görüşünə nail olmaqdır və bu istiqamətdə işləməkdə davam edirlər.

Bir müddət əvvəl Münhen konfransı çərçivəsində azərbaycanlı həmkarı ilə görüşəcəyini açıqlayan erməni nazirin indi tam fərqli mövqe sərgiləməsi sözsüz ki, səbəbsiz deyil. Liderlərin görüşünə hazırlıqlar aparılırsa belə, bu, həm də XİN rəhbərlərinin görüşündən keçir. Əgər bir tədbirdə iştirak edən iki nazir bir araya gəlməyibsə, deməli, problemin olmadığı barədə iddialar əsassızdır. 

Bu mənada daha çox S.Lavrov amili ortaya çıxır. Hələ XİN başçılarının Paris anlaşmasından sonra Rusiyadakı bəzi çevrələrin narahat olduqları barədə məlumatlar yayılmışdı. Hesab olunurdu ki, Qarabağ münaqişəsinin tarixində ilk dəfə xalqların sülhə hazırlanması barədə anlaşmanın Parisdə əldə olunması Kremldə xoş qarşılanmayıb. Belə ki, Rusiyadakı ermənipərəst qüvvələr hansısa prosesin Moskvanın iradəsindən kənar həyata keçirilməsini həzm edə bilmirlər. Üstəlik, Rusiyanın vaxtilə masaya qoyduğu “Lavrov planı”, yaxud “Kazan razılaşması” adlı sənədi var. Bu mənada Lavrov onun iştirakı olmadan Azərbaycan və Ermənistanın hansısa anlaşma əldə etməsini qəbul edə bilməz.

N.PaÅinyan mÉhz Davosda, AzÉrbaycan prezidenti Ä°lham ÆliyevlÉ ile ilgili görsel sonucu

Xatırladaq ki, N.Paşinyan məhz Davosda, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyaya getdi və onun Qarabağla bağlı radikal mövqeyə qayıtması bu səfərdən sonraya təsadüf etdi. Bir sıra ekspertlər hesab edir ki, Qərbin, xüsusilə də ABŞ-ın Qarabağla bağlı təşəbbüsü ələ almaq cəhdləri, həmçinin Fransada əldə olunan razılaşma Rusiyada qıcıq yaratdığından Münhen konfransında Lavrov “əyləci” basıb.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də deyib ki, Qərb  - ilk növbədə ABŞ Dağlıq Qarabağa dair danışıqlar prosesinin intensivləşdirilməsinin tərəfdarıdır (Axar.az). Politoloq bildirib ki, Qərb bu məsələlərə bu və ya digər formada müdaxilə edərək prosesin canlanması ilə praktiki nəticələrə nail olmaq istəyir. “Bir müddət öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu məsələlərdə aktiv rol oynaması Rusiyada qıcıq doğurdu. Amma Rusiya nəinki məsələyə qısqanclıqla yanaşdı, bütövlükdə tərəflərdən birini - Ermənistanı tam nəzarəti altına alaraq, danışıqlar prosesini öz inhisarına götürdü. İndi danışıqlar prosesi ərəfəsində yaranmış siyasi mühitin səciyyəsinə, xarakteristikasına gələndə deməliyik ki, erməni tərəfi Rusiyanın müdaxiləsindən sonra mövqelərini xeyli sərtləşdirib” - Q.Hüseynli deyib.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Onun fikrincə, baş nazir Paşinyan danışıqlar prosesinə əngəl ola biləcək kifayət qədər məsuliyyətsiz bəyanatlar səsləndirir: “Mən belə hesab edirəm ki, bu bəyanatların səsləndirilməsi təkcə Paşinyanın mövqeyi deyil, ona kənardan təsirin də olduğu aydın görünür. Rusiya prosesə tam da olmasa, bəlli ölçülərdə nəzarət edir desək, yanılmarıq. Çünki erməni tərəfi tamamilə Rusiyanın yönləndirdiyi istiqamətlə hərəkət edir və proseslərdə qeyri-konstruktivliyin daha çox hissəsi məhz bu düzəlişin nəticəsində baş verir”.

Politoloq 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya və Ermənistan XİN rəhbərlərinin gözlənilən görüşünə diqqət çəkib: “Rusiya XİN rəhbəri də bu görüşdə iştirakı ilə dünyaya göstərmək istəyir ki, prosesdə həlledici rol Rusiyaya məxsusdur. Ən azı belə bir təəssüratın yaranması Rusiya xarici siyasəti üçün həlledici əhəmiyyətə malikdir. Bunu Münhen Təhlükəsizlik Konfransında göstərmək Rusiya üçün vacibdir. Lavrovun artıq Mnatsakanyanla baş tutan görüşü və Qarabağla bağlı müzakirənin aparıldığı barədə məlumatın yayılması dediklərimizi təsdiqləyir”.

Politoloq qeyd edib ki, hər iki dövlət rəhbərinin görüşünün baş tutması məsələsi də gündəmdədir: “Hətta bu görüşün ABŞ-da baş tutacağı da istisna edilmir. Zənnimcə, Lavrov əvvəla, liderlərin görüşü üçün lazım olan sənədlərin gündəliyə çıxarılmasını əngəlləyəcək. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü üçün lazım olan əsaslar gündəmdə olmayacaq. Əlbəttə, bütün bunlar versiyalardır. Amma bu versiyaların olma ehtimalı çox yüksəkdir”.

S.Lavrovun Azərbaycana münasibəti bəllidir. Hətta illər öncə Rusiya XİN başçısı “Dağlıq Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” kimi absurd iddia irəli sürməklə işğalçı Ermənistanın çörəyinin üstünə yağ sürtmüşdü. Onun rəhbərlik etdiyi qurumun sözçüsü Mariya Zaxarova da vaxtaşırı anti-Azərbaycan mövqeli bəyanatlar səsləndirib. Amma bir sıra hallarda Rusiya-Azərbaycan münasibətlərindən danışan ekspertlər iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olduğunu, həmçinin dövlət başçılarının dostluq münasibətlərini önə çəkirlər. Bu mənada S.Lavrovun sərgilədiyi anti-Azərbaycan münasibəti onun şəxsi mövqeyi, xarici siyasət idarəsinin özəl fəaliyyətidir, yoxsa bunu həm də Putinin siyasətinin məntiqi nəticəsi saymaq olar?

Sabiq xarici iÅlÉr naziri Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a dedi ki, Qarabağla bağlı Qərbin həll planının olduğu qənaətində deyil: “Düzdür, ortada hansısa bəyanatlar var. Amma prosesi irəli aparmaq üçün Lavrovun təklifindən fərqlənən hansısa sənədin olması barədə məndə məlumat yoxdur”.

Eks-nazir dedi ki, Münhen konfransında erməni nazirlə görüş təşəbbüsü Lavrova məxsus olub: “Lavrov konfrans çərçivəsində vasitəçilik rolunu göstərmək üçün Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək niyyətində idi. Bu hadisə Rusiyanın rolunu göstərən hadisə olmalıydı. Belə görünür ki, ermənilər buna getməyiblər. Ermənistan XİN rəhbəri öncədən qəribə bəyanat verdi ki, mən belə bir görüşə hazırlaşmıram. O,  Paşinyandan sonra belə bir görüşdə iştirak etmək istəmədi”.

Münhendən sonra nə baş verəcəyinə gəldikdə, T.Zülfüqarov bunları bildirdi: “Erməni nazir niyə bu görüşdən qaçır? Çünki Paşinyanın yürütdüyü siyasəti həyata keçirir. Paşinyan deyir Azərbaycan getsin Qarabağla danışsın! Azərbaycan da Paşinyanın bəyanatına gərək lazımi cavab versin. Ermənilər danışıqlar prosesindən tam imtina etməyə hazırlaşır, bu proses artıq özünü göstərir. Təbii ki, rəsmi Bakı danışıqlara sadiqliyini bildirməlidir. Amma həm də bəyan olunmalıdır ki, Ermənistanın bu mövqeyi ilə hansı danışıqlar aparıla bilər? Vəziyyəti real qiymətləndirmək məqamı yetişib”.

T.Zülfüqarov Lavrovun Putindən fərqli xətt yürütdüyü qənaətindədir: “Lavrovun ermənipərəstliyi öz yerində. Amma hiss olunur ki, artıq Ermənistan XİN rəhbəri Lavrovun məsləhətlərinə önəm vermir, bu da Lavrovun xoşuna gəlmir. Sadəcə, Lavrov daim Rusiya siyasi elitasının daxilində bu fikri müdafiə edir ki, Ermənistan bizə lazımdır. Rusiyanın siyasi elitasında artıq bölünmə var. Yəqin ki, bu vəziyyətə Putin tərəfindən qiymət veriləcək. Təcrübədən görünür ki, Putin sözünü deyir”.

Eks-nazir V.Putinin Azərbaycana normal münasibət bəslədiyi qənaətindədir: “Fakt budur ki, Putin Paşinyandan Köçəryanı azad etmək xahişini edib və ona ”yox" cavabı verilib. Bu, birbaşa Putinin nüfuzuna zərər gətirən addımdır. Təbii ki, belə vəziyyət uzun çəkə bilməz. İndiki halda Putinin mənliyinə toxunan Paşinyandır. Erməni baş nazir Putinin xahişinə baxmayaraq, Köçəryanı həbsdən buraxmır, hətta Sərkisyanı da həbs etmək istəyir". Sabiq nazirin fikrincə, belə olan halda Rusiya prezidenti Ermənistana qarşı qəzəbli olmalıdır, Azərbaycana qarşı yox".

Amma bütün bunlara baxmayaraq, S.Lavrov hələ də işğalçı Ermənistanın maraqlarına uyğun davranırsa və bu da Azərbaycanda narahatlıq yaradırsa, o halda prezidentin müdaxiləsinə ehtiyac var...

Elşad Paşasoy

Tarix: 19-02-2019, 10:22
Xəbəri paylaş





Xəbər lenti