Münhen konfransından Qarabağla bağlı çıxarılan əsas dərs


Uzunmüddətli atəşkəs yalnız müharibəyə işləyir; politoloq: “Rusiya yenə Ermənistanı ələ keçirməklə danışıqlar prosesinə tam nəzarət edir...”

Qarabağa dair danışıqlarda yenidən qeyri-müəyyənlik dönəmi başlayır. Bu da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacağı öncədən anons edilmiş görüşün reallaşmamasından qaynaqlanır.

Belə bir görüşü həm Z.Mnatsakanyan, həm də ardınca E.Məmmədyarov istisna etməmişdilər. Fevralın 15-də Məmmədyarov Rusiya mediasına açıqlamasında erməni həmkarı ilə ayaqüstü də olsa, mütləq görüşəcəyini bildirmişdi. Lakin heç ayaqüstü təmas da baş tutmadı. İki ölkənin XİN başçıları arasında ötən ilin dekabrında və bu ilin yanvarında keçirilmiş çox saatlıq görüşlərin davamı gəlmədi. Həmin görüşlərin nəticəsi olaraq, “xalqları sülhə hazırlamağın zəruriliyi” barədə ilkin anlaşma əldə edildiyi, paralel surətdə iki ölkə liderlərinin ilk rəsmi görüşünün hazırlanacağı deyilirdi.

O da maraqlıdır ki, Mnatsakanyan Münhendə Qarabağ problemini Rusiya XİN rəhbəri Sergey Lavrovla müzakirə etsə də, analoji görüş Lavrovla Məmmədyarov arasında keçirilmədi. Rusiya xarici işlər naziri buna lüzum görmədi. Yəni məhz Mnatsakanyan-Lavrov söhbətindən sonra Mnatsakanyan-Məmmədyarov görüşünün reallaşmaması suallar yaratdı.

MÉmmÉdyarov-Mnatsakanyan görüÅü ile ilgili görsel sonucu

Azərbaycan XİN artıq Məmmədyarov-Mnatsakanyan görüşünün baş tutmamasının  səbəblərinə qısaca münasibət bildirib. XİN sözçüsü Leyla Abdullayeva deyib ki, Azərbaycan nəticəyə yönəlik danışıqlara hər zaman hazırdır.

Sitat: “Tərəfimizdən hər zaman və hər yerdə bəyan edilir ki, Azərbaycan nəticəyə yönəlik - ərazilərimizin işğaldan azad olunması, məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması ilə bağlı bütün danışıqlara hazırdır. 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində belə bir görüş imkanı olsaydı, tərəfimizdən mütləq dəyərləndirilərdi”.

*****

Siyasi müşahidəçilər isə sülh prosesindəki belə bir qəfil durğunluğu ilk növbədə Rusiya amilinə bağlayırlar. Məsələn, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli teleqraf.com-a açıqlamasında öncə bildirib ki, postsovet məkanındakı regional münaqişələrə Münhen Təhlükəsizlik Konfransının gündəliyində yer verilməməsi bu konfransın ciddi nöqsanlarından biridir: “Təşkilatçılar hər dəfə bunu onunla əsaslandırırlar ki, gündəliyə daha qlobal məsələləri salıblar. Amma keçmiş sovet məkanındakı münaqişələri, xüsusən də Qarabağ məsələsini bu konfransın gündəliyinə salmaqla beynəlxalq təhlükəsizliyə töhfə vermək olar. Amma nədənsə bu dəfə də bu məsələyə diqqət ayırmadılar”.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasına gəlincə, ekspert bunu ən əvvəl ictimai rəyə hörmətsizlik kimi qiymətləndirib. “Yəni Rusiya Qarabağla bağlı ”Bolton planı"nın işə düşməsinə qısqanclıqla yanaşdı. Rusiya yenidən Ermənistan tərəfini öz nəzarətinə götürdü. Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvana gəldi və Ermənistan rəhbərliyi ilə danışıqlar apardı. O, bu görüşlərdən sonra iddia etdi ki, ABŞ-ın gündəmə gətirmək istədiyi nizamlama prosesi nəticələrə hesablanmayıb. Rusiya bununla onu bildirdi ki, danışıqlar prosesini öz nəzarəti altına götürür. Hər halda, Karasinin səfərindən sonra gözlənilirdi ki, bu prosesdə Rusiyanın fəallığı daha çox nəzərə çarpacaq. Rusiya yenə də Ermənistanı ələ keçirməklə danışıqlar prosesinə tam nəzarət edir", - deyə o qeyd edib.

MÉmmÉdyarov-Mnatsakanyan görüÅü ile ilgili görsel sonucu

Sözünə davam edən politoloq deyir ki, bu baxımdan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilirdi: “Rus mediasının yazdığına görə, bu görüşün təşkilatçısı Sergey Lavrov olacaqdı. Amma Münhen konfransı başlayan kimi mətbuata məlumat sızdırıldı ki, nazirlər Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlaşırlar və bu görüş ABŞ-da keçirilə bilər. Zənnimcə, bu, təxribat xarakterli məlumat idi. Ona görə ki, bu, nə Azərbaycan, nə də Ermənistan tərəfindən rəsmi qaydada bəyan edilmədi. Ardınca isə nazirlərin nəzərdə tutulan görüşü də baş tutmadı”.

Qabil Hüseynli də nazirlərin görüşünün keçirilməsinə Rusiyanın əngəl olduğuna əmindir: “Zöhrab Mnatsakanyan isə görüş haqda onu dedi ki, ”Elmar Məmmədyarovla heç bir problemi yoxdur, istədiyi vaxt onunla salamlaşır". Hesab edirəm ki, bu, Dağlıq Qarabağ münaqişəsinə qeyri-ciddi yanaşmadır və etik davranış deyil. Bu da onu göstərir ki, Rusiya vasitəçi kimi bu görüşün baş tutması üçün enerji sərf etməyib, yaxud bunu istəmədi. Nəticədə danışıqlar prosesi yenidən dalana dirəndi. Bir daha aydın oldu ki, Qarabağ məsələsinə dırnaqarası baxan dünya dövlətləri var və onlar bu münaqişələrin həllsiz qalmasında maraqlıdırlar".

*****

Lakin konfliktin illərlə həll olunmadan qalması müharibə riskinin də qalması deməkdir. Şübhə yox ki, Münhen görüşünün baş tutmaması bu riski artıracaq. Doğrudur, hələ ki Azərbaycanın öz ərazilərini işğaldan azad eləməkdən ötrü genişmiqyaslı hərbi əməliyyatlara başlaması üçün bütün zəruri geosiyasi şərtlər mövcud deyil. Xüsusən də Rusiya faktorunu qeyd eləmək lazım gəlir.

Ancaq situasiya qəfil dəyişə də bilər. Hər halda, “fors-major vəziyyəti” deyilən vəziyyətin yaranması istisna deyil. Başqa sözlə, hərbi toqquşmanın qəfildən baş verə  biləcəyi ehtimalı qalır. Çünki atəşkəs “nə hərb, nə də sülh” rejimidir. O, on illər ərzində böyük sülh sazişi ilə yekunlaşmırsa, demək, yeni müharibə qaçılmaz ola bilər. Belə bir deyim də var ki, uzunmüddətli atəşkəs yalnız müharibəyə işləyir.

Vasitəçi güclər regionda böyük müharibənin alovlanmasını istəmirsə, o zaman bunu ciddiyə almalı və tələsməlidir. Xüsusən də söhbət konfliktin həlli üçün real rıçaqa malik Rusiyadan gedir. Münhen konfransından Dağlıq Qarabağla bağlı verilən əsas mesaj, çıxarılan əsas dərs də budur ki, sülhü istəməyənlər gec-tez savaşı qazanacaqlar - onun bütün proqnozlaşdırılan və proqnoz edilməyən nəticələri ilə birgə...

Tarix: 20-02-2019, 10:15
Xəbəri paylaş





Xəbər lenti