Qarabağda hücum diplomatiyası gündəmdə: Ermənilər güzəştə getmək istəmir


Qarabağda hücum diplomatiyası gündəmdə: Ermənilər güzəştə getmək istəmir

Bu yaxınlarda İrəvandan səfərdən qayıdan “Turan” İnformasiya Agentliyinin əməkdaşı Şahin Hacıyev Ermənistanda əhalinin Azərbaycana münasibətdə çox barışmaz mövqedən çıxış etdiyini deyib. 

Jurnalist mətbuata açıqlamasında bildirib ki, erməni ictimai rəyində yalnız bir baxış hakimdir - “Qarabağ bizimdir, heç kimə qaytarmayacağıq, mövqeyimiz qətidir”. “Onlar hesab edirlər ki, Ermənistan güzəştə getməyəcək, getməməlidir.

Hansısa rayonun və ya rayonların qaytarılmasından söhbət gedə bilməz. Ermənilər düşünür ki, bu, artıq həll olunmuş məsələdir və Azərbaycan bununla bağlı heç nə edə bilməz: 

“Hətta cəhd etsə belə, biz geri çəkilən deyilik””. 

Şahin Hacıyevin sözlərinə görə, ermənilər özlərini qalib hesab edir və kompromis, sülh barədə danışan hər kəsi xəyanətkar hesab edir. Yəni, Ş.Hacıyevin təəssüratları Ermənistan cəmiyyətinin sülhə hazır olmadığını göstərir. Ölkədə ağır sosial-iqtisadi problemlərə, kütləvi immiqrasiyaya baxmayaraq, ermənilər Azərbaycana qarşı işğalçılıq mövqeyindən geri çəkilmək istəmir. 

“Belə olan təqdirdə, Azərbaycan hansı yolu tutmalıdır?” sualı meydana çıxır. Azərbaycan hərbi əməliyyatlara başlamalı, yoxsa Ermənistan ictimaiyyətini sülhə inandırmağa çalışmalıdır?  

Politoloq Fikrət Sadıqov hesab edir ki, Ermənistan cəmiyyətində Azərbaycan xalqına qarşı düşmənçilik ruhu uzun illər ərzində formalaşıb. Lakin bu stereotipləri sındırmaq mümkündür: 

“Hələ Sovet dövründən başlayaraq, bütün məsələlərdə Azərbaycan günahlandırılır. İddia edirlər ki, guya biz erməniləri Dağlıq Qarabağda sıxışdırmışıq. Amma əslində belə deyil. Fikrimcə, bütün ermənilər belə düşünmür. Biz bu stereotipi qırmalıyıq. Yaxşı xatırlayıram, Sovet dövründə biz azərbaycanlılar ermənilərin başlarına sığal çəkə-çəkə davranırdıq. Dağlıq Qarabağ ermənilərinin bütün şərtlərini yerinə yetirirdik. Onlar Ermənistan televiziyasına baxırdılar, demək olar ki, müstəqil hüquqlara malik idilər. 1980-ci illərin sonlarında rəsmi Bakı ilə hesablaşmırdılar. Ermənilər necə düşünsələr də, biz onlara hazırkı stereotiplərlə yaşamağa imkan verməməliyik. Sərhədləri bağlı saxlamaqla erməniləri təcrid vəziyyətində qoymalıyıq. Türkiyə də bu siyasəti yürüdür. Ermənilər sosial-iqtisadi problemlərlə,yoxsulluqla demoqrafik böhranla üzləşirlər. Onlar özləri də etiraf edir ki, əhalinin yarısı Ermənistanı tərk edir. Əgər ermənilər bu məhrumiyyətlərə düçar ola-ola Dağlıq Qarabağ məsələsinin onların xeyrinə həll olunacağını düşünürlərsə, yanılırlar. Azərbaycan heç vaxt torpaqların işğal altında qalmasına razı olmayacaq. Əgər ermənilər azərbaycanlıların Dağlıq Qarabağa qayıtmayacağını hesab edirsə, bu, cəfəngiyyatdır. “Onlar özlüyündə belə zənn edə bilər. Amma Azərbaycan çalışmalıdır ki, Ermənistana həm siyasi, həm iqtisadi təzyiq göstərilsin. Ermənilər anlamalıdır ki, bu münaqişə həll edilməlidir. Sərt mövqe sərgiləməklə heç nəyə nail olmayacaqlar. Ermənilər güzəştə getmədikcə onları təcrid vəziyyətində saxlamaq, Ermənistanın sosial-iqtisadi vəziyyətinin daha da pisləşməsinə nail olmaq və vaxtaşırı hərbi yolla zərbə endirmək lazımdır. Azərbaycan özünü mülayim aparsa, ermənilər elə zənn edəcək ki, onlardan qorxuruq. Ona görə də hücum diplomatiyası, hərbi əməliyyatlar və iqtisadi izolyasiyadan işğalçıya qarşı istifadə olunmalıdır”.//Cebhe.info//


Tarix: 26-02-2019, 21:20
Xəbəri paylaş





Xəbər lenti