PUTİN, TRAMP VƏ ƏRDOĞAN İSTANBULDA GÖRÜŞƏ BİLƏR –ABŞ Suriyada dalana dirənib - TƏHLİL



Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 26 fevral 2019-cu il

 

Qısamüddətliyinə İstanbulda idim. Düzdür, texnologiyanın verdiyi imkanlar hesabına Vaşinqtondakı qaynaqlarla hər gün danışa bildim, lakin heç bir şey üz-üzə danışmağın, danışanın vücud dilinə, üz ifadələrinə də baxmağın yerini vermir. Bu, ümumiyyətlə jurnalistikada belədir, ancaq xüsusilə bizim kimi milli təhlükəsizlik icması ilə danışmalı olan jurnalistlər baxımından daha keçərli olan bir qaydadır. Çünki müzakirə olunan bütün mövzular çox həssasdır. Oyunçular, təbii, öz ölkələrinin milli maraqları baxımından davamlı olaraq yalanlar da söyləyə bilirlər. Bunları görə, düzü yalandan ayıra və ölkəmizin maraqlarına ziyan vurmadan ən obyektiv rəsmi ortaya çıxara bilmək üçün oyunçuları bir-bir görmək və üz-üzə danışmaq həyati önəm daşıyır.

Həftənin ilk iş günü Vaşinqtonda bir sıra görüşlər keçirdim. Əsas mövzu Suriyadakı durum idi. Həm Türkiyəyə qarşı olanlar, həm də məsələlərə daha obyektiv baxmağa çalışanlar onlardan gözləniləni etdilər. Axırda oturub hamısının hesabını apardım. Və ortaya belə bir nəticə çıxdı: ABŞ-ın Suriyadan çıxma strategiyası yoxdur. Ona görə də, atdığı hər bir addımla Suriyada özünü küncə sıxışdırmaqdadır.

Niyə bu nəticəyə gəldiyimi və buradakı insanların düşüncə formalarını sizə tam çatdıra bilmək üçün mövcud durumun xülasəsini vermək istəyirəm.

1. ABŞ hərbçilərinin bölgədən geri çəkilmə prosesi davam edəcək. Lakin Pentaqona yaxın qaynaqlar bölgədə mütləq bir qədər hərbçi saxlanacağını, bunun strateji önəminin olduğunu söyləyirlər. Bölgədə saxlanılacaq hərbçilərin sayı hələ dəqiqləşdirilməyib. “200-400 arası” deyən də var, 800-1500 arası hərbçidən bəhs edən də.

2. Bölgədə saxlanılacaq hərbçilərin sayı ABŞ-ın geri çəkilmədən sonra YPG/PYD ilə nə edəcəyilə bağlıdır.

3. ABŞ hələlik geri çəkilmədən sonra YPG/PYD ilə nə edəcəyini dəqiqləşdirməyib.

4. Hələlik aydın olan budur ki, ABŞ İranın Aralıq dənizinə hərbçi və yük göndərmə yolu üzərində həyati əhəmiyyətli keçid nöqtəsi olan Əl-Tanfdakı hərbi bazasında hərbçi saxlayacaq və burada YPG/PYD güclərindən də dəstək istəyəcək. Bu, Vaşinqtonun YPG-ni İrana yaxın milislərə qarşı uzun müddətdə istifadə etmə strategiyası yönündə verdiyi bir qərardır.

5. ABŞ Şimali Suriyada, Türkiyə sərhəddinə yaxın bölgədə də hərbçi saxlamağa davam etməyi düşünür.

“Təhlükəsizlik bölgəsi” adlandırılan bu sahədə saxlanılacaq hərbçilərin əsl vəzifəsi məlumdur. Hərbçilərə yaxın qaynaqlar bu məsələ ilə bağlı açıq və aydın danışırlar. Özlərinin dediklərinə görə, onların ilk məqsədi bölgədəki YPG güclərinin qorunmasıdır.

İŞİD-in bölgədə sahə üzərində hakimiyyəti qalmasa da, ona qarşı mübarizə davam edəcək. Bu mübarizədə kəsintiyə yol verməmək üçün də Vaşinqtonun YPG-yə dəstəyi davam edəcək. Daha öncə Türkiyənin bölgədə keçirdiyi əməliyyatlarda göründüyü kimi, onlar İŞİD-ə qarşı aparılan mübarizəni kəsdilər. ABŞ tərəfinə görə, bunun bir daha olmaması üçün bölgədəki YPG güclərinin qorunması lazımdır. Burada saxlanılacaq hərbçilərin öncəlikli vəzifəsi də bu olacaq.

Vaşinqtonda danışılanlara görə, bölgədə saxlanılacaq hərbçilərin sayı 800-lə 1500 arasında dəyişir. Əvvəlcə 1500 hərbçi saxlanılsa da, sonradan mərhələli olaraq azaldılacaq. Bu azalmanın hansı sürətlə olması isə NATOmüttəfiqi Türkiyə ilə aparılacaq danışıqların necə gedəcəyindən asılı olacaq.

ABŞ bu bölgənin hava sahəsi üzərindəki mövcud hakimiyyətini əlindən buraxmağı da düşünmür.

 

Təşkilat daxilndə panika və fikir toqquşması

 

6. Vaşinqton bir ara “Əgər geri çəkilərsinizsə, biz də Əsəd rejimi ilə anlaşma yoluna gedərik” təhdidini sovuran YPG rəhbərliyinə İlham Əhməd vasitəsilə “Baxın ha, bu yola getməyin, bunu qətiyyən istəmirik” mesajını aydın formada çatdırıb. Hətta Amerika qaynaqları bu mesajın keçən günlərdə İngiltərədə görüşlər keçirməyə çalışan İlham Əhməd rəhbərliyindəki nümayəndə heyətinə ingilislər vasitəsilə təkrar çatdırıldığını da vurğulayırlar.

7. ABŞ-ın uzun müddətdə bölgədəki YPG milislərini yerli mühafizə gücləri daxilinə yerləşdirmək kimi bir planı – arzusu var. Yəni, onların bölgədəki ərəb güclərilə birlikdə çalışması və təşkilatın “əriməsi”nin təmin edilməsi istənir. Bunun da həm Türkiyədən qorxmaqda olan, həm də ABŞ-ın həmin planına çox dəstək verməyən YPG/PYD daxilində panika və bölünmələrə yol açması haqqında Vaşinqtona kəşfiyyat məlumatları gəlib.

8. Təşkilat daxilində PKK ideologiyasına qarşı olanlar arasında diskussiyanın başlaması və fraksiyalara bölünmənin yaşanmaqda olması da Vaşinqtonda məlumdur. Açığı, nə ABŞ, nə də YPG rəhbərliyi nə ediləcəyilə bağlı dəqiq fikrə sahib deyillər. ABŞ, bu qeyri-müəyyənlik və həyata keçirməyə çalışdığı strategiya ilə Suriyada özünü küncə sıxışdırmağa başlayıb. Çünki Vaşinqtondakı qaynaqlara görə, YPG daxilində başlayan bu diskussiya və bölünmənin ABŞ-ın İŞİD-ə qarşı apardığı mübarizəni də zəiflədəcəyi qətidir.

 

İstanbulda böyük zirvə toplantısı ola bilər

 

Məsələlərə daha obyektiv baxmağa çalışan qaynaqlar ABŞ-ın sonda mütləq Türkiyə ilə ortaq çalışmağa məcbur olacağını vurğulayırlar. Bax, buna görə mən Prezident Trampın Prezident Ərdoğanın Ağ Evin təsdiq etdiyi dəvətini qəbul edəcəyini və 2019-cu il ərzində Türkiyəyə səfər edib onunla görüşəcəyini düşünürəm. Çünki irəlidə Suriyada nələrin baş verəcəyinin mütləq ən üst səviyyədə müzakirə edilməsi lazımdır. Ona görə də məndə yaranan təəssürat Tramp, Ərdoğan  Putin arasında Suriya ilə bağlı böyük “İstanbul sammiti”nin keçirilməsinin belə ehtimal daxilinə girməyə başlamasıdır.

Tərcümə Strateq.az-ındır

Tarix: 26-02-2019, 21:27
Xəbəri paylaş





Xəbər lenti