Rusiya dünyaya meydan oxuyur: “Azərbaycan bu durumda yalnız və yalnız...”


Rusiya növbəti öldürücü sanksiyalarla üz-üzədir. ABŞ-da 5 senator sanksiyaların nəzərdə tutulduğu qanun layihəsi irəli sürüblər. “Kremlin aqressiyasına qarşı Amerikanın təhlükəsizliyinin müdafiəsi” adlı layihə əvvəlki “Cəhənnəm sanksiyalar” adını almış layihədən daha sərtdir.

Eyni zamanda, bu günlərdə Avropa İttifaqı Kerç boğazındakı hadisəyə görə Rusiyaya qarşı əlavə sanksiyaları razılaşdırıb.

Bütün bunlara qarşı Kreml nəinki cavabsız qalır, əksinə Amerika və dünyanı təhdid etməkdə davam edir. Rusiya Dövlət Televiziyası "Russia-1" ABŞ-ın Rusiyanı təhdid edəcəyi halda "Tsirkon" hipersonik raketlərinin hansı əraziləri hədəf alacağını açıqlayıb.

ABŞ-da Rusiyanın istehsal etdiyi "Tsirkon" hipersonik raketlərinin hədəfi ola biləcək 7 yer indidən müəyyən edilib. Bəhs edilən siyahıdakı ilk hədəfin ABŞ-ın yüksək rütbəli hərbiçiləri ilə yanaşı Baş qərargah komandanının da oturduğu Pentaqon.

Rusiyanın "Tsirkon" hipersonik raketlərinin başqa bir hədəfi isə "Fort Ritchie" hərbi bazasıdır. Ancaq 1998-ci ildə fəaliyyəti rəsmi olaraq dayandırılan bazanın niyə Rusiya tərəfindən hədəf kimi qeyd edildiyi bilinmir.

Dördüncü hədəf Kaliforniyada yerləşən McCellan Strateji Taarruz Qüvvləri Komandanlığı Mərkəzidir.

Mətbuatda yer alan xəbərə görə, beşinci hədəf isə çox aşağı tezlikli radio yayımı istifadə edən və ABŞ dənizaltı qüvvələri ilə əlqəyə cavabdeh olan "Jim Creek" Nüvə Qüvvələri Komandanlığı Mərkəzidir.

 

Raven Rock Dağ Kompleksi və "Fort Ritchie" də (Raven Rock Dağ Kompleksinin müdafiəsini təmin edən hərbi baza) vurulacaq hədəflər arasında göstərilir. İkinci hədəf isə Vaşinqtonun 100 km şimal-qərbində ABŞ dəniz qüvvələri və dəniz piyadalarının yerləşdiyi "Camp David" Dövlət Komandanlığı Mərkəzidir.

Bütün bunlarla yanaşı Rusiya prezidenti Vladimir Putin fevralın 26-da Federal toplantıda çıxışı zaman ölkəsinin yeni raketlər düzəltdiyini açıqlayıb. Bununla Kremlin sahibi şübhəsiz ki, rəqiblərinə mesajlar ötürür.

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev ABŞ-ın Venesuelaya hərbi müdaxilə üçün hazırlıq gördüyünü irəli sürüb. Pentaqonun bölgədəki hərbi imkanlarını gücləndirdiyi qeyd edilən açıqlamada, ABŞ-ın Maduronu devirmək üçün xüsusi hərbi birlikləri ilə ordunu Porto Riko və Kolumbiyaya göndərdiyi qeyd edilib

Azərbaycanın mövcud durumda nə etməli olduğu barədə yaranan suallar gərginlik pik həddə yaxınlaşdıqca durmadan artır.

 Ä°lgili resim

Siyasi təhlilçi Nəzakət Məmmədova müharibənin olacağını güman etmir: “Rusiya və ABŞ heç zaman birbaşa vuruşmayıb və bundan sonra da vuruşmayacaqlar. Hər ikisi nüvə dövlətidir, Rusiya fövqəldövlətin varisidir, böyük dövlətdir, yenidən fövqəldövlətə çevrilmək ambisiyalarını hər addımda büruzə verir, amma Rusiyanın fövqəldövlət şansları çox zəifdir. ABŞ, Avropa və Çin Rusiyanı mühasirəyə alıblar, ona NATO-nun genişlənməsi kimi geosiyasi, sanksiyalar kimi iqtisadi təzyiq göstərməklə Rusiyanı cilovlamağa çalışırlar. Lakin ən son dövrdəki Suriya, Venesuela hadisələri də göstərir ki, Rusiya sovet dövründə olduğu kimi okeanın o tayına və Yaxın Şərqə olan iddialarından əl çəkmir, necə ki, Ermənistan, Ukrayna hadisələri də ABŞ-ın Rusiyanın birbaşa sərhədlərinə və maraq zonası elan etdiyi bölgələrə iddiasını ortaya qoydu. Təbii ki, Pentaqonu vurmaq hədəsi real deyil. Hətta nəzəri cəhətdən təsəvvür etsək, bunun cavabı odur ki, Rusiya Pentaqonu vurarsa, ABŞ da eyni cür addım ata bilər. İki ölkə arasında soyuq müharibə dövründə real olaraq hətta 1962-ci il Karib böhranı zamanı olduğu kimi nüvə müharibəsi baş verə bilərdi, lakin son anda hər iki ölkə anladı ki, bu, dünyanı fəlakətə aparır. Hər iki ölkənin strategiyası daha çox bundan ibarətdir ki, lokal və regional müharibələrdə birbaşa üz-üzə gəlmədən üçüncü tərəflərə yardım etməklə, rəqibi zəiflətmək. Biz bunu Suriya müharibəsində əyani şəkildə gördük. Rusiya və ABŞ döyüş meydanında üz-üzə gəlməsələr də, qarşıduran tərəflərə yardım etməklə öz geosiyasi maraqlarını həyata keçirdilər. Rusiya və ABŞ bu gün dünyanın əksər qitələrində qarşıdurma vəziyyətindədir. Rusiyanın siyasəti ABŞ-la tamamilə ziddiyyət təşkil edir və məqsəd onun liderlik, yaxud hegemonluq statusunu sarsıtmaq, soyuq dünya müharibəsində olduğu kimi ikiqütblülüyə və ya çoxqütblülüyə əsaslanan yeni dünya nizamı formalaşdırmaqdır. Məsələn, ABŞ BMT-nin süqutunu istəyir, Rusiya isə qətiyyətlə ona qarşı çıxır, çünki Təhlükəsizlik Şurasında Daimi üzv olaraq veto hüququndan istifadə edərək dünya problemlərinin həllində söz sahibliyini qoruyub-saxlamağa çalışır. ABŞ Dohada Talibanla danışıqlar aparan kimi, Rusiya Moskvada terrorçu elan etdiyi Talibanla əfqan siyasi xadimlərinin görüşünü təşkil edir. Ermənistan, Gürcüstan, Ukrayna, Suriya, Venesuela...Siyahını çox uzatmaq olar.

Rusiya Avropanın da işlərinə müdaxilə edib, ABŞ-dan geri qalmamağa çalışır. Makron həm ABŞ, həm Rusiyanı Fransadakı "sarı jiletlilər"ə dəstək verməkdə ittiham etmişdi. Sanksiyalara gəlincə, Rusiya nəinki sanksiyalardan qorunmağa çalışır, üstəlik müttəfiqlərinə də yardım etməyə çalışır. Bunlardan məsələn, İrana bu günlərdə verilən 5 milyard kredit, bu ölkəni Azərbaycanın da iştirak etdiyi Şimal-Cənub layihəsinə qoşmaq və s, Xəzərin statusunda həmrəylik və s. Türkiyəyə də aid oxşar misallar çəkə bilərik”.

N.Məmmədova rəsmi Bakının hansı addımları atmalı olduğunu da qeyd etdi: “Azərbaycan bu durumda yalnız və yalnız milli maraqlardan çıxış etməli, beynəlxalq hüquqa istinad etməlidir, necə ki, edir. Prezident özü də bu yaxınlarda bəyan etdi ki, bizim siyasətimiz balanslaşdırılmış siyasət yox, milli maraqlara əsaslanan siyasətdir. Biz bəzən Azərbaycanın xarici siyasətində təzadlı məqamlarla rastlaşırıq. Lakin bu, elə milli maraqlara əsaslanan siyasi xəttin təzahürüdür. Azərbaycan bütün güc mərkəzləri ilə işləyir. Məsələn, ölkəmiz Davosa getdi, halbuki Tramp tədbiri baykot edib ona qoşulmadı. Bu o demək deyil ki, Azərbaycan Amerikanın satellitidir və öz mövqeyini ona uyğun qurmalıdır. Çinin "bir qurşaq, bir yol" layihəsində iştirak bizə sərfəlidir, iştirak edirik. Yaxud İran və Rusiya ilə Şimal-Cənub layihəsi, halbuki hər iki ölkə ABŞ sanksiyalarına məruz qalıb. Eləcə də, Cənub Qaz Dəhlizi Rusiya və İranı qane etmir, lakin ABŞ bu layihədə çox maraqlıdır, çünki onun vasitəsilə Avropanın Rusiya təbii qazından asılılığını azaldır. Azərbaycan bu layihədə ABŞ-ın, Rusiya və İranın xoşuna gəlmək ücün yox, öz milli maraqları ücün iştirak edir. Düşünürəm, ABŞ və Avropa ilə münasibətlər daha da yaxınlaşmalı, Rusiyaya Qarabağ probleminin həllində təzyiq göstərilməlidir. Mesaj verilməlidir ki, o, Cənubi Qafqazın mühüm dövlətinin dəstəyindən məhrum ola bilər və bu, Rusiyanın cənub strategiyasına sarsıdıcı zərbə ola bilər. Rusiya anlamalıdır ki, problemi monopoliyada saxlamaqla uzun müddət davam edə bilməz. Münaqişə gec-tez öz həllini tapmalıdır, amma nə qədər tez həll olunsa, bir o qədər öz maraqlarına xələl gəlmədən nizamlanar”.

Cavanşir ABBASLI,
Musavat.com

Tarix: 26-02-2019, 22:51
Xəbəri paylaş





Xəbər lenti