Pol Qobl: “Ermənistan bölgədə Rusiyanın aləti olaraq qalır...”


Rusiya-ABŞ rəqabəti Dağlıq Qarabağ konfliktinin həllini uzaqlaşdırır - səbəb

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın Münhen görüşünün baş tutmaması Qarabağa dair sülh danışıqları ilə bağlı yenidən bədbin yanaşmalara rəvac verib. Bir səbəb də Münhen görüşünün iki ölkə rəhbərlərinin ilk rəsmi görüşü üçün hazırlıqları sürətləndirəcəyi ilə bağlı ümidlərin sıfırlanması ilə bağlıdır. Lakin heç XİN rəhbərlərinin özlərinin də görüşü alınmadı. Halbuki bundan əvvəlki 4 saat çəkən Paris görüşü zamanı xalqları sülhə hazırlamağın zəruriliyi barədə razılıq əldə edildiyi deyilirdi.

Nizamlama prosesi ətrafında yaranan belə qeyri-müəyyənlik fonunda Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünə hazırlıq getdiyi barədə məlumat yayılıb. Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir. O, bu məsələnin ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri zamanı da müzakirə olunduğunu bildirib. “Görüşün dəqiq yeri və tarixi isə hələlik təyin olunmayıb”, - deyə o əlavə edib.

*****

Bununla belə, bəzi təhlilçilər xalqları sülhə hazırlamaqla bağlı prosesin dayanmayacağını düşünürlər. Məsələn, rusiyalı politoloq Modest Kolerova görə, xalqları sülhə hazırlamaq barədə bəyanatlar xarici təzyiqlər nəticəsində verilməyib, danışıqların nəticəsi olaraq ortaya çıxıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, erməni KİV-ə müsahibəsində deyib.

“Sülhə hazırlıqla bağlı bu bəyanatlar Əliyevlə Paşinyan və Məmmədyarovla Mnatsakanyan arasında danışıqların dəqiq adıdır. Yəni onlar sülhü hazırlamırlarsa, niyə görüşürlər? Bəlkə onları buna vasitəçilər sövq edir? Xeyr, sövq eləmir”, - deyə o iddia edib. Rusiyalı şərhçi hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra tərəflər arasında reallaşan yüksək səviyyəli 6 görüş sülh danışıqlarında görünməmiş tələskənlikdən xəbər verir.

Pol Qobl ile ilgili görsel sonucu

Amerikalı tanınmış politoloq Pol Qobl isə hesab edir ki, Rusiya, həmişəki kimi, Qarabağ danışıqlarında irəliləyişdə maraqlı deyil və prosesi pozmağa çalışır. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, Ermənistanda nəşr olunan “168 jam” qəzetinin əməkdaşı ilə söhbətində Dağlıq Qarabağla bağlı son danışıqları şərh edərkən bildirib.

“Mən həmişə demişəm ki, bu regionda Moskva belə bir prinsipə üstünlük verir: Gürcüstan - yoldur, Ermənistan - alətdir, Azərbaycan isə - prizdir. Ancaq bu prinsipi yalnız konfliktdə olan ölkələrin özləri dəyişə bilər. O zaman Rusiya da özünün hesablamalarına təzədən baxmalı olacaq”, - deyə analitik qeyd edib.

Onun əminliyinə görə, Rusiyanın marağı Cənubi Qafqazda öz təsirini artırmaqla bağlıdır. “Məhz bu səbəbdən Moskva özünün uzun müddətli siyasəti vasitəsilə Dağlıq Qarabağ münaqişəsini mənimsəməyə çalışır. Təsadüfi deyil ki, ötən ilin dekabrında Rusiya XİN-i Azərbaycanın konstruktiv mövqeyindən danışır, erməni tərəfini də danışıqlar üçün tələsməyə və Bakıya adekvat reaksiya verməyə çağırırdı. Danışıqlar masası üzərindən Vyana anlaşamasının yoxa çıxması da təsadüfi deyil. Düşünürəm ki, Ermənistanın yeni hakimiyyəti dönəmində də tərəflərə əvvəlki həll paketlərinin təklif olunması davam edəcək”, - deyə Pol Qobl əlavə edib.

*****

Amerikalı analitikin Rusiya ilə bağlı söylədiyi qənaətlə razılaşmamaq qeyri-mümkündür. Həqiqətən, nizamlama prosesinə əsas əngəli yaradan Moskvadır. Çünki Rusiya konfliktin tezliklə nizamlanmasını özünün regiondakı maraqları üçün təhlükə sayır. Halbuki problemin həllində dönüşə nail olmaq üçün onun əlində unikal rıçaq var. Hamı bilir ki, Ermənistan Rusiyadan birbaşa asılıdır və Qarabağ məsələsində həlledici söz sahibi deyil. İrəvanın sözünü Moskva deyir. Əfsus ki, bu vəziyyət işğalçı ölkədə hakimiyyət çevrilişindən sonra da dəyişmədi. Yeni baş nazir Nikol Paşinyan da sələfləri kimi Rusiyanın şərtlərini artıq qəbul etmiş, Kremlə biyət eləmiş kimi görünür. Beləcə, Pol Qoblun təbirincə desək, Ermənistan bölgədə Rusiyanın aləti, əlaltısı, marioneti olaraq qalır. 

Bu vəziyyətdə Qərbin İrəvana təsir edib, onun Qarabağ məsələsində konstruktiv mövqe tutmasına nail olması inandırıcı görünmür. Digər yandan, Rusiya Qarabağla bağlı Qərbin hər hansı təşəbbüskarlığını və ya aktivliyini ilk növbədə özünün bölgədəki geosiyasi maraqlarına təhlükə hesab edir. Yəni Güney Qafqazda və digər regionlarda Rusiya-Qərb (ABŞ) rəqabəti də bu üzücü konfliktin həllini uzaqlaşdırır ki, yaxınlaşdırmır.

*****

Şübhə yox ki, atəşkəsin hansı səbəbdən uzanmasından asılı olmayaraq, Azərbaycan işğal rejiminin sona çatmasına çalışır və çalışacaq. Bundan ötrü yenə də diplomatik rıçaqlardan istifadə olunacaq. Ancaq 26 illik atəşkəs, “4 günlük aprel müharibəsi” göstərdi ki, işğalçını sülhə vadar eləmək, onu yalançı qələbə eyforiyasından çıxarmaq üçün güc amilini vaxtaşırı işə salmaq lazımdır.

Bu, növbəti və daha geniş miqyaslı uğurlu lokal hərbi əməliyyat şəklində də ola bilər. Məhz o halda işğalçı tərəf və onun havadarları atəşkəsi süni şəkildə uzatmağın Ermənistan üçün, öz maraqları üçün ağır nəticələnə biləcəyini ciddiyə alıb konstruktivlik nümayiş etdirə bilər, tələsməyin zəruriliyini anlayarlar. Hər necə olmasa, böyük müharibə konkret olaraq, Rusiya üçün Azərbaycan və Türkiyə kimi mühüm strateji tərəfdaş ölkələri itirməklə nəticələnə bilər.

Düşünmürük ki, Moskva vəziyyətin belə kritik inkişafında maraqlı olsun. O zaman bir yol qalır - konfliktin daha da uzanmasına imkan verməmək, 30 illik münaqişə ocağını söndürmək. Rusiya bunu reallaşdırmaq gücündədir. Çünki qeyd edildiyi kimi, Ermənistan münaqişədə söz sahibi, ciddi tərəf deyil. Onun sözünü və mövqeyini Moskva ifadə edir. Dağlıq Qarabağ ixtilafına həm də silah satışı üçün əlavə şans-imkan kimi baxan Moskva, nəhayət, buna son qoyub iki xalqın barışığı yönündə hərəkətə keçəcəkmi?

Hələ ki bunun işartıları görünmür. Demək, “hərb, yoxsa sülh” dilemması bütün ciddiliyi ilə gündəmdə qalır. Rusiya üçün də...

Siyasət şöbəsi

Tarix: 27-02-2019, 08:55
Xəbəri paylaş





Xəbər lenti