Qarabağda güzəşt istəyənlər terrorun hədəfində - Eldar Namazovla MÜSAHİBƏ


Qarabağda güzəşt istəyənlər terrorun hədəfində - Eldar Namazovla MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq gedir. 

Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb. Lakin görüşün vaxtı barədə konkret məlumat yoxdur. Qeyd edək ki, bu, İlham Əliyevlə Nikol Paşinyan arasında keçiriləcək ilk rəsmi görüş ola bilər. Lakin Ermənistan tərəfi danışıqlar ərəfəsində daha sərt ritorika nümayiş etdirir. Bu isə gözlənilən müzakirələrin mümkün nəticələri ilə bağlı bir sıra suallar yaradır. “Cümhuriyət” məsələyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazovla müsahibədə aydınlıq gətirməyə çalışıb. 

-Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq işləri müsbət nəticə verərsə, bu, 2016-cı ilin iyun ayında Sankt-Peterburqda aparılmış müzakirələrdən sonra yarımçıq dayanmış danışıqlar prosesinin ən yüksək səviyyədə bərpası ola bilər. Sizcə, iki il səkkiz aylıq fasilədən sonra danışıqların davam etdirilməsi müsbət nəticə verəcəkmi?

-Mən bu danışıqlardan müsbət nəticə gözləmirəm. Mənim qənaətim ondan ibarətdir ki, müsbət nəticə əldə etmək üçün Azərbaycan ordusunun ikinci, 2016-cı ilin aprel döyüşlərindən də geniş miqyasda hərbi əməliyyatlar aparması lazım gələcək. Hiss olunur ki, bütün xarici təzyiqlərə baxmayaraq, Ermənistan işğal etdiyi əraziləri sülh yolu ilə qaytarmaq fikrində deyil. Bunun da əsas səbəbi Ermənistanın daxilində formalaşmış sərt, millətçi və terrorçu mühitlə bağlıdır. Erməni terror təşkilatlarının fəaliyyətlərini izləsək görərik ki, onların törətdiyi aktlarının yarıdan çoxu türklərə, azərbaycanlılara deyil, həm də öz vətəndaşlarına qarşıdır. Yəni, türk və azərbaycanlılara qarşı mübarizədən imtina edən, terrorçu təşkilatlara pul ayırmayan, onların şüarlarını qəbul etməyən ermənilər məhv edilib. Hər dəfə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən irəliləyiş yarananda Ermənistanda mütləq hansısa qanlı hadisələr baş verir. Vaxtilə Levon Ter-Petrosyan güzəştə getmək istəyirdi, onu devirdilər. Sonra Robert Koçaryanın prezidentliyi dönəmində ATƏT-in İstanbul sammiti ərəfəsində Dağlıq Qarabağla bağlı razılaşmanın əldə olunacağı gözlənilirdi. Amma 1999-cu il oktyabrın 27-də parlamentə silahlı hücum edildi, terror aktı törədildi və ölkə rəhbərliyinə daxil bir neçə insan qətlə yetirildi. Bu yaxınlarda açıqlanan faktlardan isə məlum oldu ki, Serj Sarkisyan 2016-cı ilin aprel döyüşlərindən sonra prezident olarkən Xankəndinə səfər edib və Dağlıq Qarabağdakı qondarma rejimə rəhbərlik edən separatçıların qarşısına münaqişənin nizamlanmasına dair sənəd qoyub. Sarkisyan bildirib ki, ya danışıqların ətrafındakı rayonlar qaytarılmalı və bu sənəd üzrə sülh əldə edilməli, ya da böyük müharibə olacaq. O görüşdə iştirak edən erməni generallarından biri bu yaxınlarda həmin sənədi mətbuatda dərc edib və bildirib ki, Qarabağda aparılan danışıqlarda bir-iki nəfərdən başqa heç kim Serj Sarkisyana etiraz edə bilməyib. Serj Sarkisyan İrəvana qayıdandan sonra “Sasna-Tsrer” terror təşkilatı polis bölməsinə hücum edib, oranı zəbt edib və bir neçə polisi öldürüb. Nəticədə, Ermənistanın paytaxtında siyasi böhran başlayıb və bu yolla Dağlıq Qarabağ məsələsində kompromisin qarşısı alınıb. Yəni, Ermənistanda siyasətçilər Azərbaycanla kompromisdən qorxa-qorxa danışırlar. Çünki erməni terror təşkilatları onları öldürə bilər. Bu baxımdan, Ermənistanın həm indiki, həm də əvvəlki rəhbərliyində belə bir fikir formalaşıb ki, əgər Azərbaycana torpaq lazımdırsa, qoy hərbi yolla özü azad etsin. Bu qorxu hissi onlarda o qədər güclüdür ki, mən danışıqlardan hər hansı ciddi nəticə gözləmirəm. Ona görə də hesab edirəm ki, Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etmək üçün genişmiqyaslı hərbi əməliyyata başlamalıdır. 

- Paşinyanın səsləndirdiyi kəskin bəyanatlar erməni cəmiyyətinin təzyiqinin nəticəsidir, yəni qeyd etdiyiniz kimi qorxudan irəli gəlir, yoxsa onun subyektiv siyasi mövqeyidir? 

-Paşinyan təzyiq altındadır. Həm əvvəllər, həm də indi Ermənistana rəhbərlik edən adamlar yaxşı başa düşür ki, işğal altındakı ərazilər azad olunmalıdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Eyni zamanda, Qərb və Rusiya torpaqların işğaldan azad edilməsinin vacibliyinə dair konsensus yarada bilib. Onlar başa düşür ki, hansı siyasətçi güzəştə imza atsa, onun terror aktı nəticəsində məhv edilməsi qaçılmazdır. Ona görə də bu təzyiq var. Digər tərəfdən, Paşinyanı Levon Ter-Petrosyana yaxın siyasətçi sayırlar. Vaxtilə Paşinyan Ter-Petrosyanın komandasında təmsil olunub, onun mitinqlərini, seçki kampaniyasını təşkil edib. Bu səbəbdən də Paşinyanı Ter-Petrosyan kimi işğal olunmuş əraziləri qaytarmağa hazır olmaqda ittiham edirlər. Digər tərəfdən, kompromisə gedən siyasətçiyə qarşı terror edilə bilər.

- Müdafiə naziri David Tonoyan Ermənistanın hərbi strategiyasını dəyişdiyini bildirib. Tonoyan bəyan edib ki, Ermənistan müdafiədən hücum strategiyasına keçir. Danışıqlar ərəfəsində bu bəyanatın səsləndirilməsini Ermənistanın müzakirələrdə sərt mövqedən çıxış edəcəyinə dair anons hesab etmək olarmı?

-Bu açıqlama daha çox daxili auditoriya üçün nəzərdə tutulub. Qeyd etdiyim iki təzyiq mexanizmindən başqa Paşinyan üçüncü problemlə üzləşib. Onun sosial-iqtisadi sahədə düşünülmüş proqramı yoxdur. Həmçinin, Ermənistan təbii resurslara malik deyil, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır, Rusiya ilə birbaşa quru əlaqələri mövcud deyil. Paşinyanın reytinqi Ermənistan cəmiyyətində getdikcə aşağı düşür. İnqilab nəticəsində iqtisadiyyatın dirçələcəyinə dair gözləntilər özünü doğrultmadı. Belə bir vəziyyətdə acınacaqlı sosial-iqtisadi durumdan cəmiyyətin diqqətini yayındırmaq üçün müdafiə naziri səviyyəsində hay-küylü bəyanatlar səsləndirirlər. Hətta Dağlıq Qarabağdakı separatçı rejimin də danışıqlara qatılmasının vacibliyi barədə bəyanatlar verirdilər. Vasitəçilər də başa düşür ki, bu, bir xülyadır. Ermənistan ordusu Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərdə Ermənistan ordusu var və danışıqlar da Ermənistanla aparılmalıdır. Aprel döyüşləri göstərdi ki, Ermənistanın müdafiə sistemini yarmaq Azərbaycan üçün çətinlik törətmir. Ona görə də hücum strategiyası barədə irəli sürülən şüarlar daxili ictimai rəyi sakitləşdirməyə hesablanıb. 

- Tonoyan bildirib ki, hücum strategiyası, ilk növbədə, yeni silahların alınmasından ibarət olacaq. Bu məqsədlə Rusiyadan “SU-30M” qırıcıları alınacaq, 100 milyon dollarlıq növbəti kredit müqaviləsi imzalanacaq. Belə bir sazişin imzalanması Qərbyönümlü kurs tərəfdarı olan Paşinyan hökumətinin Rusiyadan siyasi asılılığını artırmırmı? 

- Mən bununla bağlı Rusiyanın tanınmış hərbi ekspertlərindən birini diqqətinizə çatdırmaq istəyirəm. Həmin ekspertlər bildirirlər ki, Cənubi Qafqazda ən güclü havadan müdafiə sistemi Azərbaycana məxsusdur. Sovet dövründə də belə idi. Ən güclü havadan müdafiə briqadaları Mingəçevirdə və Bakıda yerləşirdi. Azərbaycanın neft yataqlarını, neft daşlarını qorumaq üçün havadan müdafiə sistemi yaradılmışdı. Son illər Azərbaycanla hərbi əməkdaşlıq nəticəsində “Dəmir gümbəz”, “Barak-8”, “Arrow” kimi güclü havadan və raketdən müdafiə sistemləri alıb. Rusiya ekspertləri bütün bunları sadalayıb deyir ki, Ermənistanın Rusiyadan dörd ədəd təyyarə alması balansı dəyişə bilməz. Mən hesab edirəm ki, dörd ədəd “Su-30” təyyarəsinin Ermənistana verilməsi sırf konyukturaya hesablanmış addımdır. Rusiya Paşinyanı devirmək istəyir. “Məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş qüvvələrlə Kreml heç vaxt əməkdaşlıq etmir. Paşinyan da bu qısa müddətdə Rusiya prezidenti ilə münasibətlərini korlayıb. Putinin xahişinə baxmayaraq, Robert Koçaryanı nəinki azad etməyib, hətta oğlu Sedrak Koçaryana qarşı da cinayət işi qaldırıb. Rusiya Paşinyanı devirmək üçün məqam axtarır. Ona görə də Rusiya Ermənistan cəmiyyətində milli qüvvələri gücləndirməyə çalışır. Həmin qırıcıların verilməsi də Ermənistan ordusunu gücləndirmək üçün deyil, millətçi qüvvələri fəallaşdırmağa xidmət edir. Yəni, həmin qüvvələr Paşinyana qarşı çıxıb dostlarının Qərb deyil, Rusiya olduğunu desinlər. Dörd ədəd  təyyarə heç nəyi dəyişmədiyinə görə Tonoyanın bəyanatının da əsası yoxdur. 

-Əvvəllər Paşinyan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının müstəqil tərəf kimi iştirak etməsi şərtini irəli sürürdü. Amma indi Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşünə hazırlıq getdiyinə dair məlumat yayılıb. Yəni, üçüncü tərəfdən söhbət getmir. Paşinyan əvvəlki kimi danışıqları ikitərəfli formatda davam etdirmək məcburiyyətində qalıb, yoxsa onun yenidən Qarabağ separatçılarını danışıqlara qatmaq cəhdləri görüşün baş tutmamasına səbəb olacaq?

- Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı danışıqların aparılacağına dair xəbəri hələlik ciddi qəbul etmək lazım deyil. Həmin məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, bu istiqamətdə işlər aparılır, lakin görüşün vaxtı və yeri məlum deyil. Görünür, bu bəyanatdan yaxın zamanlarda birmənalı nəticə çıxartmaq mümkün deyil. İlham Əliyev və Nikol Paşinyan beynəlxalq tədbirlər çərçivəsində söhbət ediblər. Növbəti görüş də ola bilsin ki, belə bir səviyyədə olsun. Amma hiss olunur ki, Ermənistanın baş naziri rəsmi danışıqlardan qaçır və görüş keçirmək istəmir. Paşinyan çətin vəziyyətdə qalıb. O, Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlarda iştirakını təmin edəcəyinə dair seçkilər zamanı verdiyi vədləri yerinə yetirə bilmir. Ona görə də Paşinyan çalışır ki, görüşləri qeyri-rəsmi şəkildə, hansısa tədbirlər çərçivəsində keçirsin ki, sonra heç kim onu ittiham edə bilməsin. Fikrimcə, Paşinyanın özünü cığal uşaq kimi aparmasına son qoyulacaq. O, arqument tapıb rəsmi danışıqlara qatılmalı olacaq. Nəzərə almaq lazımdır ki, indiki danışıqların predmeti Dağlıq Qarabağın statusu ilə bağlı deyil, ətraf rayonların işğaldan azad olunması məsələsidir. Ona görə də Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakına ehtiyac yoxdur. Azərbaycan da dəfələrlə bəyan edib ki, ətraf rayonlar azad olunsa və Ermənistan öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxartsa, o zaman Dağlıq Qarabağın erməni icması ilə müzakirə apara bilər. Paşinyan bəhanə tapıb rəsmi danışıqlara başlamalı olacaq. 

- Fransız sosioloqu Reymon Aron qeyd edirdi ki, sülh mümkün deyil, müharibə ehtimalı isə yoxdur. Siz isə ərazilərin hərbi yolla işğaldan azad olunmasının vacibliyini təklif edirsiniz. İndiki şəraitdə hərbi əməliyyatlara başlamaq nə qədər realdır? 

 -Belə ifadələri mən də eşitmişəm. Həmin aforizmlər Azərbaycanla Ermənistan arasındakı hərbi paritetin mövcud olduğu dövrə aiddir. Yəni, tərəflər arasında güc balansı bir-birinə uyğun idi. 1994-cü ildə hərbi paritet mövcud idi. Ona görə atəşkəsə imza atıldı. Ermənistan ordusu aramsız hücumlarla Tərtəri, Bərdəni işğal edib Yevlax yoluna çıxmaq istəyirdi. Rusiya buna nail olmaqla Bakı-Tiflis-Ceyhan neft kəmərlərinin qarşısını almağa çalışırdı. Ermənilər altı-yeddi dəfə Tərtərə hücum etsələr də, Azərbaycan ordusunun müqaviməti nəticəsində xeyli sayda itki verib geri çəkilməli oldular. Beləliklə, atəşkəsə imza atmalı oldular. Bu hərbi paritet uzun müddət davam etdi və 2006-cı ildən etibarən böyük neft gəlirləri daxil olduqdan sonra Azərbaycan öz silahlı qüvvələrini modernləşdirməyə başladı. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən də artıqdır. Azərbaycan Rusiyadan 10 milyard dollar dəyərində silah və hərbi texnikanın alınmasına dair müqavilə imzalayıb həyata keçirdi. Bundan başqa, Pakistan, Türkiyə, İsrail, Belarus və başqa ölkələrdən müasir silah və hərbi texnikanın alınmasına dair müqavilələr imzalanıb. Yəni Azərbaycan hərbi balansı öz xeyrinə dəyişmək imkanlarından istifadə etdi. Bu səbəbdən, həmin ifadələr aktual görünmür. Beynəlxalq ekspertlər də bunu etiraf edir. Ermənilərin aldığı silahlar və hərbi texnika da köhnədir, əhalisinin də sayı Azərbaycandan 4-5 dəfə azdır. Ermənilər işğal etdiyi əraziləri qaytarmasalar, Azərbaycan hərbi əməliyyat keçirib işğal edilmiş əraziləri azad edəcək. 


Tarix: 27-02-2019, 22:57
Xəbəri paylaş





Xəbər lenti