Qulamhüseyn Əlibəyli: “Müxalifətin bölüşə bilmədiyi ”kim aparıcı müxalifətdir" məsələsidir"


“Yeni idarəçiliyin gətirilməsi, prezidentin islahatların davam edəcəyi barədə bəyanatları belə deməyə əsas verir ki...”

Xalq Cəbhəsinin öncüllərindən olan Qulamhüseyn Əlibəyli siyasi arenada əvvəlki qədər görsənmir, aktiv fəaliyyəti nəzərə çarpmır. Onun 2008-ci ildə yaratdığı Aydınlar Partiyasının da fəallığı müşahidə edilmir.

İki dəfə deputat olmuş partiya sədri ilə müsahibəmizə elə son zamanlar niyə passiv fəaliyyət göstərməsini soruşmaqdan başlamışıq.

- Qulamhüseyn bəy, son dövrlər siyasətdə az görünürsünüz. Bunun xüsusi bir səbəbi varmı?

- Xüsusi bir səbəbi yoxdur. Sadəcə, səhhətimdə olan bəzi problemlərə görə aktiv siyasətdən kənarlaşmışam. Bu o demək deyil ki, siyasətdən getmişəm.

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunuruq, vaxtaşırı toplaşaraq fikir mübadiləsi aparırıq.

Bundan başqa, Azərbaycan Xalq Hərəkatının yeni yarandığı vaxtlarında iclaslarda iştirak eləmişəm. Amma dediyim kimi, səhhətimdəki narahatlıqlar oldu, son məsələlərə qoşula bilmədim. Amma hərəkatda üzvlüyümüz qalır. Növbəti yığıncaqlarda iştirak etmək fikrim var. Mən hüquqşünasam, həmin hərəkatda müəyyən sənədlərin hazırlanmasında iştirakım olacaq.

Digər tərəfdən, Azərbaycanda siyasi proseslər çox zəifləyib. Təkcə bizim partiya ilə bağlamaq olmaz, digər partiyaların da fəaliyyətində görmək mümkündür. Bu da sosial-iqtisadi problemlərin yaratdığı nəticələrdir.

Çünki siyasi partiyaların fəaliyyət dairəsi azalıb. Bu fəaliyyət də mediada işıqlanmalıdır. Amma açıq deyək ki, bir çox mətbuat orqanları partiyaların işini işıqlandırmağa həvəsli görünmürlər.

- Bəzilərinin fikrincə, yenə eyni adamlar yığışıb ora, ənənəvi adamlardır, insanların onlara güvəni qalmayıb, yeni nəsil gəlməlidir. Siz bu iradları bölüşürsünüzmü?

- Təbii ki, zaman keçdikcə siyasi fəaliyyətdə yeniləşmə olmalıdır. Azərbaycanın siyasi həyatında yeniləşmə getmədiyini deyə bilmərik, sadəcə, zəifdir. Amma xalq hərəkatından çıxan bu siyasətçiləri süni şəkildə sıxışdırmaq da mümkün deyil.

Tədricən yeni siyasətçilər yetişməlidir ki, onlar özlərində güc tapsınlar, bizi kimi köhnələrin yerini tutsunlar. Yoxsa “siz gedin, biz gələk”, bu, ifadə düzgün səslənmir. Sən bir özünü siyasətdə təsdiqlə, mənim yerimi sən tut. Tutaq ki, mən getdim, axı yenilərdən o qədər güclüləri yoxdur.

- Onların özlərini təsdiqləməsinə nə mane olur?

-  Təsdiqləməkdən əvvəl, siyasi fəaliyyətin perspektivi zəif görünür. Mən universitetdə tədrislə məşğulam. Gənclərimiz daha çox özəl və dövlət sektorunda karyera qurmağa çalışır. Bu da haqlı yanaşmadır.

Siyasətlə məmurluq və ya sahibkarlıq fəaliyyəti fərqlənməlidir. Siyasi sferaya maraq azdır. Hakim partiyada da cavanlar son vaxtlar qabağa çəkilir.

Parlament, nazirlik səviyyəsində onlara yer verilir. Yəni onlarda da yenilənmə indi gedir. Amma hamı da YAP üzvü olmaq istəmir. Belə çıxır ki, karyera yüksəlişi üçün hakim partiya üzvü olmalısan.

Çünki müxalif partiya gənclərinə münasibət yaxşı deyil, iş tapa bilmirlər, dövlət qulluğuna qəbul edilmirlər. Ona görə belə problemlər var və perspektivi görməyən adamlar siyasətdən uzaq, iqtisadi sahədə karyera qurmağa üstünlük verirlər.

Əslində bu tendensiya dünyada müşahidə edilir. 1990-cı illərin əvvəllərində dünya miqyasında siyasətə maraq varıydı, indi bu meyl zəifləyib, iqtisadi maraqlara yer verib.

- Bu halda siyasi mübarizənin bir əhəmiyyəti qalmayıb?

- Biz kökündən baltalayıb, “tamamilə qalmayıb” deyə bilmərik, amma siyasətə maraq həddindən artıq azalıb. Bəlkə pessimist fikir kimi görünə bilər, amma reallıqdır.

Gələcəkdə siyasətdə parlayan gənclərimiz ola bilər. Radikal mövqe tutan, konstruktiv yanaşan gənclərimiz də var. Amma köhnələrə “gedin!” deməklə olmayacaq.

Məsələn, vaxtilə Müsavatda Tural Abbaslı var idi, ayrıldı, özü partiya qurdu, bu gün öndə gedən siyasətçi gənclərdən biridir.

Müsavatda fəaliyyətini davam etdirsəydi, kölgədə qala bilərdi. Təqdir etmirəm k, mütləq ayrılıb hərə bir partiya qurmalıdır. Amma kimsə özündə bu potensialı görürsə, niyə də olmasın.

- Qeyd elədiniz ki, siyasi partiyalara, siyasətin özünə maraq azalıb. Bu baxımdan hesab etmək olarmı yeni yaranmış həmin Xalq Hərəkatını qarşıda ciddi perspektiv gözləmir?

- Hakimiyyət öz yerində, müxalifətin də daxilində yetərincə problemləri var. Müxalifətin bir araya gəlməsi, vahid qüvvə olması, bloklar yaratması təbii prosesdir.

Müxalifət partiyalarının qarşısında duran vəzifələr çox mürəkkəbdir. Ölkədə demokratik yolla hakimiyyət dəyişikliyi çətin prosesdir, bu ənənələr hələ formalaşmayıb.

Seçkilərlə bağlı ciddi problemlər olur. Müxalifət vahid qüvvə deyil, vahid ideologiyaya söykənmir. Sadəcə, ayrı-ayrı məqamlar olur ki, onları bir araya gətirir.

Həmin məqam həll olmayanda çəkişmələr, didişmələr başlayır. Adətən seçkiqabağı müxalif düşərgədə bloklar yaranır, seçki bitir, dağılır. İndi hara qədər mümkündürsə fəaliyyət göstərsinlər.

Arzu eləməzdim ki, əvvəlki blokların taleyini Xalq Hərəkatı da yaşasın. Amma bu  birliyi müxalifətin müəyyən hissəsinin qruplaşması, təmərküzləşməsi kimi qiymətləndirmək olar. Nə qədər yaşayacağını zaman göstərir.

- Sizcə, müxalifətin birliyi niyə alınmır, nəyi bölüşə bilmirlər? Nəyin üstündə yola getmirlər?

-  Fikrimcə, müxalifətin bölüşə bilmədiyi “kimdir müxalifət”, “kim aparıcı müxalifətdir” məsələsidir. Hər bir siyasi təşkilat hədəfləyib ki, yeganə real müxalifət  odur, başqalarını müxalifət saymırıq.

Bu da indinin işi deyil, 20-25 il əvvəldən proses başlayıb. Zaman-zaman çəkişmələr olub. Müsavatla Xalq Cəbhəsi birliyin içində çəkişiblər.

Nəticədə birincilik uğrunda mübarizə müxalifət partiyalarını parçalayıb, dağınıq vəziyyətə salıb. Eyni zamanda liderlərin şəxsi ambisiyaları, bir-birini qəbul etməməsi də bu məsələdə rol oynayıb.

-  Sizcə, kimdir indi aparıcı müxalifət?

-  Kim özünü hakimiyyətə müxalif sayırsa odur. Ən kiçik partiya deyək ki, bizik, üzvlərimizin sayı digərlərindən azdır. Amma biz özümüzü hakimiyyətə müxalif sayırıq.

Müxalifətçilik o demək deyil ki, hakimiyyəti söyəsən, “iqtidara gəlsək sizi belə günə salacağıq, belə məhv edəcəyik” bəyan edəsən. Müxalifətin əsas missiyası hakimiyyəti daim nəzarətdə saxlamaq, gördüyü nöqsanları deməkdir.

-  Yeri gəlmişkən, iqtidarı söyən, təhqir edənlər var. Hökumət rəsmiləri partiya sədrlərinə çağırış edir ki, onları susmağa, təhqirsiz tənqid səsləndirməyə dəvət edəsiniz, çünki bu cür mübarizə üsulu kişilikdən deyil. Siz necə düşünürsüz? 

- Siyasətdə söyüş zəiflikdir. Kimliyindən asılı olmayaraq təhqir yolverilməzdir. Bu meyl sosial şəbəkələrdə geniş yayılıb. Xüsusən xaricdə yaşayan müəyyən şəxslər tərəfindən təhqirlər yağdırılır.

Elibeyli Huseynli.jpg (29 KB)

“Müxalifətçilik o demək deyil ki, hakimiyyəti söyəsən, ”iqtidara gəlsək sizi belə günə salacağıq, belə məhv edəcəyik" bəyan edəsən"

Ölkə başçısına tənqidlər ola bilər. Prezidentin fəaliyyəti hamı tərəfindən eyni qiymətləndirilə bilməz. Baxmayaraq ki, son dövrlərdə müsbət addımlar da var. Lakin təhqir mübarizə yolu deyil. Ailə üzvlərinin söyülməsi isə Azərbaycançılığa, türk millətinə yaraşan hal deyil. Onu da nəzərə almaq lazımdır ki, icra strukturlarında da xeyli sayda söyüşlə məşğul olan məmurlar var.

Gəncə hadisələrini yada salaq: hamı bilirdi ki, Elmar Vəliyev camaatla necə danışır. Hətta səhv etmirəmsə “Yeni Müsavat”ın əməkdaşını da təhqir etmişdi. İsmayıllıda, Qubada da eyni hadisələr yaşandı. İnsana ləyaqətinə sığışmayan təhqirlər olmuşdu. İnsanların çağırılıb aşağılanması, məmurlar tərəfindən təhqir olunması halları baş verib.

Bunun ikitərəfli qarşısı alınmalıdır. Təkcə partiya sədrlərinə müraciət etməklə düzəlmir. Deyək ki, biz müraciət elədik. Lap elə sizin qəzet tribunasından səslənirəm -  söyüşü dayandırın! Amma sabah müraciət edəni də söyürlər. Oturublar orda, hansısa mənbədən maliyyələşirlər, bu söyüşləri davam etdirirlər. Güman etmirəm ki, siyasi qüvvələrin bir araya gəlib onlara müraciət etməsi ilə söyüşə son qoyacaqlar.

Əksər siyasətçilər də mövqelərini bildiriblər. Hüquqi müstəvidə mübarizə aparmaq çətindir, əksəriyyəti xaricdədir...

Siyavuş Novruzov dövlətdən ev alan jurnalistlərə səslənmişdi ki, siz də onları söyün. Bu lap yolverilməzdir. Əvvəla, hakim partiya rəsmisidir, parlamentdə komissiya sədridir. İndi dövlət jurnalistə ev veribsə, bunu minnətli etmək, onu söyüşə söyüşlə cavab verməyə səsləmək əcaiblikdir.

Ona görə icra hakimiyyəti sistemində müəyyən qaydalar yaradılmalıdır. Bu ilin əvvəlindən müsbət meyllər başlanıb, əgər davam edərsə, müəyyən ümid yaradır.

Bir tərəfdən korrupsiyalaşmış, oliqarxlaşmış məmurların tədricdən hakimiyyət səlahiyyətlərindən məhrum edilməsi, klassik bürokratiyadan imtina edilib yeni idarəçiliyin, inzibatçıların vəzifəyə gətirilməsi, prezidentin islahatların davam edəcəyi barədə bəyanatları belə deməyə əsas verir ki, həmin söyüşlər də azalacaq.

İnsanlar niyə bu təhqirlərə qulaq asır? Çünki sanki ürəklərindən tikan çıxarır. Son atılan addımları neftdən böyük gəlirlər gələndə etmək lazım idi, indi dövlətin üstünə bu qədər ağır yük düşməzdi.

Bütün hallarda son atılan addımlar, minimum əmək haqqının qaldırılması hətta bir adama yaxşı təsir edibsə, təqdir eləmək lazımdır.

- Prezidentin son addımları, gənc nazirlər təyin etməsi, müavinətlərin artırılması, oliqarxlaşmış iri fiqurların sistemdən kənarlaşdırılması ardıcıl baş verir. Hökumət siyasətində əhəmiyyətli dəyişiklik etdi...

- Yumşalmanı müsbət qarşılayıram. Cəmiyyətlə idarəçilər arasında uçurum olmamalıdır. Bu təmasdan həm xalq, həm idarəçilər qazanır. Digər tərəfdən, hakimiyyət öz məmurlarının hərəkətlərindən cana doyub.

- Aydınlar Partiyası Qarabağ Komitəsində də təmsil olunur?

-  Yox, təmsil olunmuruq. Əvvəllər bir neçə dəfə İşçi Qrupu şəklində iştirak eləmişik. Amma demişdim ki, rəhbərlikdə təmsil olunmayacağıq.

 - Ümumiyyətlə, Qarabağ tələbi ilə mitinqlər keçirilməsinə zərurət varmı?

-  Fikrimcə, olar. Qarabağ ümummilli problemdir. Və kim bu problemlə hansı formada məşğul olmaq istəyirsə, ona mane olmaq lazım deyil.

O da problemə bu cür kömək etmək istəyir. Qarabağ Komitəsi hesab edir ki, mitinq xalqın əhval-ruhiyyəsini ifadə edə bilər. Hakimiyyət də bu mövqeyi nəzərə almalıdır. Ermənistan Ali Sovetinin Qarabağı Ermənistana birləşdirmək və danışıqlar prosesində danışıqların şərti barədə qərarı var. Ermənistan həmişə əlində qərarı tutub ki, parlament mənə bu səlahiyyətləri verib, artığına gedə bilmərəm. Bizim cəmiyyətdə hələ ki bu cür prioritetlər formalaşmayıb.

Bu gün danışıqlar düzgün gedir, amma cəmiyyətin ümumi mövqeyini ifadə edən sənəd yoxdur. Bir neçə il qabaq  Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarovun bir təşəbbüsü olmuşdu.

Onlar Qarabağla bağlı danışıqların əsas şərtlərini açıqlayan bir sənəd hazırlamışdılar və əksər siyasi partiyalar tərəfindən imzalandı. Bu yaxşı cəhətdir.

Amma mitinq olanda iştirakçıların diqqətini cəlb edir, problemi ön plana çıxarır. İstənilən siyasi qüvvənin Qarabağla bağlı mitinq keçirməsini alqışlayıram.

-  Hazırda sülh platformasından, xalqların barışmasından danışılır...

-  Bu, təzə proje deyil. Xalq diplomatiyası dəfələrlə qaldırılıb, qarşılıqlı səfərlər olub, tədbirlər birgə keçirilib. Amma kəskin fərq var.

Bir tərəfdən ərazilərin 20 faizi işğal olunub. Xocalı kimi faciəmiz var, bu genosidi görən gedib onu törədənlə barışmaq istəməyəcək.

 - Bəs neyləmək lazımdır, danışıqlar prosesi də nəticə vermir...

- Mənə elə gəlir ki, aprel döyüşləri yeni güclə başlanmalıdır. Azərbaycan həmsədrlər institutunun tərkibindən imtina etməlidir.

- Qulamhüseyn bəy, sosial şəbəkələrdən istifadə edirsiniz?

-  Həm vaxtım çatmır, həm marağım yoxdur. Əksər siyasətçilər oradadır. Bir qədər mühafizəkarlığımla bağlıdır. Xüsusi həvəs göstərmirəm. Bəlkə də səhv edirəm. Hər halda, çalışaram ki, gələcəkdə qoşulum.

- Bəzi deputatlar, hökumət rəsmiləri sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmağa çağırış edirlər. Siz necə düşünürsünüz?

- Sosial şəbəkələr publik sahə deyil. İnsanlar orada özlərini daha rahat hiss edirlər. Onun məhdudlaşdırılması cəmiyyətdə daha çox qıcıq yaradacaq. Küçəyə çıxmayanlar aktivliyini virtualda kompensasiya edir. Sabah qapasan, yenə həmin adamlar küçəyə çıxmağa çalışacaqlar.

Hakimiyyət cəmiyyəti nə qədər sıxırsa, onda söyüş başlayır. Məsələlər çox vaxt parlamentdə həll olunur. Çünki parlament cəmiyyətin sosial hissələrini əks etdirir.

Müxtəlif mövqeli insanlar tərəfdarlarının parlamentdə çıxışını görəndə rahat olurlar. Məsələn, Jirinovskinin çıxışları şovinist rusların küçələrə çıxmasının qarşısını alır. O cümlədən sosial şəbəkələrə məhdudiyyət qoyulması küçə variantını aktuallaşdıracaq.

- Növbəti parlament seçkisində deputatlığa namizəd olmaq fikriniz varmı?

-  Bəli, düşünürəm. Böyük ümidim yoxdur, ötən seçkilərin təcrübəsi göstərir. Amma hər halda, seçki siyasi aktivlik formasıdır. Maddi vəziyyətimizdən asılı olaraq, qərar qəbul olunacaq. Hər bir halda seçkidə iştirakın tərəfdarıyam.

Emil SALAMOĞLU

Tarix: 28-02-2019, 08:43
Xəbəri paylaş





Xəbər lenti