Bakının verdiyi son şans: Paşinyan əldən qaçırsa... - TƏHLİL

 Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran əsas strateji məqsədləri birmənalı surətdə müəyyən edib.

Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan rəhbərlərinin mümkün görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, erməni tərəfi real sülh danışıqlarına əl yeri qoymur:

“Paşinyan bir-birinə zidd bəyanatlarından geri qalmır və müxtəlif sayıqlamalarla danışıqlarda əsas hədəfin Bakını hərbi yoldan çəkindirməyin olduğunu söyləyir. Üstəlik, o, çəkinmədən Ermənistanın hücum taktikasına keçə biləcəyini bəyan edir. İrəvan sülhdən dəm vursa da, hərbi hazırlıqlara dair saxta bəyanatlarla bir növ Azərbaycana psixoloji təzyiq göstərməyə çalışır. İşğalçı dövlətin bu cür əda ilə danışması heç bir əndazəyə sığmır”.

Politoloq bildirib ki, bütün hallarda tərəflər arasında danışıqların başlaması müsbət haldır:

“Çünki bütün müharibələrin sonu danışıqlarla nəticələnir. Düzdür, Bakının görüşə razılıq verməsi danışıqlara ümid etdiyi anlamına gəlmir. Azərbaycan bununla dünya ictimai rəyinə və beynəlxalq aləmə bir daha substantiv və nəticəli danışıqlara, regionda sülhün bərpası üçün əlindən gələni etməyə hazır olduğunu sübut etdi. Bakı haqlı olaraq İrəvandan da birmənalı bunu tələb edir və sonuncu dəfə İrəvanın nəbzini yoxlamağa hazırlaşır. Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran əsas strateji məqsədləri birmənalı surətdə müəyyən edib. Bu, ilk növbədə Qarabağ məsələsinin həlli və Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyətin verilməsidir. Bu fonda Ermənistanın növbəti sərsəmləmələri qəti rədd ediləcək. İrəvan bilməlidir ki, Bakı məsələnin sülhlə yanaşı, hərbi yolla da həllinə hazırdır. Bunu isə Ermənistanın növbəti görüşdəki davranışı müəyyən edəcək. İrəvan danışıqlarda vaxt udmaq taktikasına davam edərsə, Bakı bu süni oyunlara birdəfəlik son qoyacaq və problemin lazımı şəkildə həllinə start verəcək. Bu mənada düşünürəm ki, Paşinyan Bakının ona verdiyi sonuncu şansdan istifadə etməyi bacarmalıdır”.
 
Tarix: 6-03-2019, 10:15
Xəbəri paylaş





Xəbər lenti