“Cənub məsələsi”- Elçibəy kimi ideoloji lider olarsa...


Fazil Mustafa: “Burada hərəkatın hansısa bir xəttini aparmaq əslində Azərbaycan dövləti üçün problemlər yarada  bilər”

Azərbaycanda mərhum prezident Əbülfəz Elçibəy tipli bir ideoloji liderə ehtiyacın olduğu barədə hər zaman fikirlər səslənir. Son günlərdə belə fikirlərə sosial şəbəkələrdə daha çox rast gəlməkdəyik. Bu da səbəbsiz deyil.

Belə ki, son yarım ayda İrandan Azərbaycana yönələn sayğısız münasibətin fonunda Elçibəy kimi Güney və Quzey Azərbaycan ideyasını hər zaman önə çəkən, bunun gerçəkləşməsini əsas hədəf kimi qarşısına qoyan bir liderə ehtiyacın olduğu vurğulanır.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: “Hazırda Şimali Azərbaycanda Elçibəy tipli liderin olması əslində Güney Azərbaycan türklərinin problemləri ilə bağlı orada olandan daha zəruri deyil. Bu daha çox Cənubi Azərbaycanın özündə olmalıdır. Bu topluma yaxın olan, onun şinelindən çıxan obrazlar olmalıdır. Bir vaxtlar Mahmudəli Çöhrəqanlı və digərləri bu obraza uyğun idi. Amma onlar qlobal miqyaslı lider yükünü üzərlərinə götürə bilmədilər, beynəlxalq aləmdə tanınmadılar. Daha çox bu ampluaya uyğun olan hansısa bir tanınmış, beynəlxalq səviyyədə qəbul olunan bir yazar, filosof, düşüncə adamı olur. Təəssüf ki, Cənubi Azərbaycan masştabından çıxan belə bir obraz yoxdur. Bunun Quzey Azərbaycandan çıxan, yaxud burada hərəkatın hansısa bir xəttini aparmaq əslində Azərbaycan dövləti üçün problemlər yarada bilər. Bunu etiraf etmək lazımdır. Biz dövlət olaraq İranın daxili işlərə qarışdığını görmürük. Rəsmi Tehran hər nə qədər erməniləri dəstəkləsə də, bu addımdan çəkinir. Ən azından Azərbaycanın daxili işlərinə qarışdığını açıq şəkildə ortaya qoymur. Açığı, Elçibəy kimi liderin arzulanması və bunun olması müstəqil Azərbaycan üçün əlverişli olmaz. Ona görə ki, buradan oradakı prosesləri körükləmək asan deyil. Bəlkə də bu, ədəbiyyat və romantik üslubda mümkün idi. Bunun arxasında hər iki ölkənin müstəqilliyi ideyası dururdu.

ÐаÑÑинки по запÑоÑÑ Fazil Mustafa

Biz də, onlar da müstəqil deyildik. O zaman Cənubi Azərbaycan məsələsini gündəmdə saxlamaq daha asan idi. Amma indi bu mümkün olmur. Çünki İranla münasibətlərimizə xələl gələ bilər. İnsan haqları kontekstində İranın daxilində demokratikləşmənin hədəf olaraq seçilməsi istiqamətində orada olan liderlər, eləcə də xarici ölkələrdə yaşayanlar vasitəsilə Cənubi Azərbaycanın gündəmə gətirilməsi daha faydalı olardı. Güney Azərbaycanda bu ağırlığın götürülməsi siyasi cəhətdən məqsədəuyğun deyil. Bunu məhz Cənubi Azərbaycandan olan insanlar götürməlidir. Biz də onlara müəyyən dərəcədə mənəvi dəstək verməliyik. Çünki bizim özümüz ayrıca bir dövlətik və hər hansı bir qonşu dövlətlə problem yaşanmasını istəmirik. Bu dövlətin olması uğurumuzdur. Biz hər hansı bir şəkildə bu dövlətin zədələnməsinə, problem yaşamasına imkan verməməliyik. Bu baxımdan belə məsələlərdə diqqətli olmaq lazımdır”.

Deputat Elçibəyin daha çox qarşısına qoyduğu Güney və Quzey Azərbaycanı birləşdirmək hədəfinə də toxundu:“Düşünürəm ki, Elçibəyin bu hədəfi böyük hədəf anlamına gəlmirdi. Məsələ burasındadır ki, biz Qarabağda ermənilərlə savaşmırıq. Qarabağda bizim qarşımızda Rusiya, Amerika, Fransa dayanır. Biz bu ölkələrin bölgədəki maraqları ilə üz-üzəyik. Bu maraqlar da torpaqlarımız hesabına gerçəkləşir. Elçibəy də anlayırdı ki, Qarabağ məsələsini yalnız ermənilər kontekstində qiymətləndirmək olmaz, bu böyük güclərlə olan bir savaşdır. Bu savaşda da məğlubiyyət riski qələbə riskindən daha böyükdür. Ona görə Elçibəy bu problemi xalqın müəyyən dərəcədə müstəqillik əldə etməmiş hissəsinə köçürməyə daha çox üstünlük verirdi. Burada beynəlxalq güclərin İranla bağlı təzadlı mövqeləri, İrana qarşı atılan sərt addımların yekunları fonunda azərbaycanlıların taleləri Elçibəyi düşündürürdü. Yəni situasiyaya görə alınan bir qərar idi. Belə bir şəraitdə Güney Azərbaycan məsələsi İranla qonşuluq və dostluq prinsiplərindən üstündə olan məsələ deyil. Amma gələcəkdə İrana qarşı bizdən asılı olmayan addımlar atılanda biz oradakı soydaşlarımızın taleləri ilə bağlı təbii ki, narahatlıq keçirəcəyik. Onların gələcək formatının müəyyən olunmasına köməklik göstərməliyik. Məsələnin əsas mahiyyəti budur. Qarabağ məsələsinə Cənubi Azərbaycan məsələsindən daha ağır və uzaq bir hədəf kimi baxılmalıdır. Çünki bu hədəf kiçik ermənilərlə savaş məsələsi deyil. Biz Rusiya, Amerika və Fransa kimi dövlətlərə Qarabağ məsələsində müqavimət gücü ortaya qoyuruq. Ona görə indiyə qədər problemi həll edə bilmirik. Amma Cənubi Azərbaycan məsələsi İran siyasətinin necə həll olunması ilə çözülən bir məsələdir. Bu baxımdan Elçibəy Güney Azərbaycana Qarabağdan daha yüngül bir məsələ kimi baxırdı”./“Yeni Müsavat”/


Tarix: 7-03-2019, 09:14
Xəbəri paylaş





Xəbər lenti