Avropa İttifaqı ilə saziş mayda imzalanmaya bilər - səbəb


Aİ üzrə ekspert: “Yekun sazişin mayda imzalanması gözlənilmir”

Bakıda Avropa İttifaqı (Aİ)-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 8-ci iclası keçirilib. İclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər. Alt-Komitənin iclası qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə məhsuldar danışıqların aparılmasına imkan yaradan açıq və konstruktiv zəmində baş tutub.

İclasın birinci günü tərəflər arasında ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq; miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Növbəti gün isə insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

İclasın yekununda bundan öncəki görüşlərin nəticələrini və gələcək əməkdaşlıq proqnozlarını əks etdirən əməli nəticələr sənədi qəbul edilib.

İclasda Azərbaycan Respublikasının 26 dövlət qurumundan nümayəndələr, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili işlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun nümayəndələri, eləcə də Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Aİ üzv ölkələrinin Bakıdakı diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, Aİ-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə davam edir. Lakin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması böyük ehtimalla bu ilin may ayında baş tutmayacaq. Amma sazişin imzalanması üçün yekun sənədin razılaşdırılması haqqında bir sənədin imzalanması mümkündür: “Yəni sənədin əksər bəndləri razılaşdırıldığı üçün, lakin bir neçə strateji bəndlər hələ qaldığından qarşılıqlı təkliflərin üzərində işlər gedir. Böyük ehtimalla imzalanması nəzərdə tutulan tərəfdaşlıq sazişi bu ilin payızında imzalanacaq. May ayı üçün isə ümumi razılaşdırılmış məqamların bir daha gözdən keçirilməsi, komitələrin işinin yekunlaşdırılması razılaşdırılmış  məqamlar üzrə protokolların tərtibi prosedurları yekunlaşacaq. Yekun sazişin isə dediyim kimi, may ayında imzalanması gözlənilmir. Yekun saziş payızda imzalanacaq. İş davam edir və çox önəmli mərhələdədir. Proqram üzrə gündəlikdən sapmalar müşahidə olunmur”.

Ekspert onu da dedi ki, Azərbaycana qarşı Avropa Şurasında, Avropa Parlamentində və digər təşkilatlarda aparılan kampaniyaların heç birinin bu proqrama təsiri olmadı: “Bütün səylərə, maneələrə baxmayaraq bu proses uğurla davam edir. Əsas müzakirə olunan strateji məsələlər təhlükəsizlik və ticarət əlaqələridir. Avropa İttifaqı-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə daha bir mühüm mərhələni arxada qoydu. Keçirilən iclas və müzakirələrin nəticələri birmənalı olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasına hazırlığın daha bir mərhələsi idi. Artıq yekun mərhələdəyik. İclasda ümumi rəylər ondan ibarət olub ki, Azərbaycanın mövqeyi möhkəmlənib. Müzakirəyə çıxarılan sahələr üzrə Azərbaycanın təqdim etdiyi rəylər, hesabatlar komitədə müsbət qiymətləndirildi və Avropa standartlarına yaxınlaşan irəliləyişlərin əldə olunduğu bildirildi. Müxalifət qüvvələrinin son aylarda fəaliyyəti, keçirdiyi mitinqlər ölkədə sərbəst toplaşmaq azadlığı, demokratiya sahəsində müsbət durumun göstərici kimi qeyd olundu. Regional təhlükəsizliyin əsas zəif bəndi kimi Dağlıq Qarabağ konfliktinin qaldığı da iclasda xüsusi qeyd edildi. Bu iclas, müzakirələr sazişin imzalanması aparılan proseslərdir. Artıq yekun mərhələdir. Strateji tərəfdaşlıq sazişi sənədi tamamilə hazır olmaq üzrədir”.


Tarix: 8-03-2019, 08:49
Xəbəri paylaş





Xəbər lenti