Qarabağla bağlı yeni təkliflər: Onları gündəmə kim və niyə gətirir?


Qarabağla bağlı yeni təkliflər: Onları gündəmə kim və niyə gətirir?

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bir sıra yeni ideyalar irəli sürdüyünü deyib.

Həmin təkliflərin məzmunu hələlik açıqlanmır. Cənab Layçak bildirib ki, martın 5-də Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla konstruktiv danışıqlar aparıb. ATƏT-in sədri münaqişənin nizamlanmasına dair hazırladığı təklifləri Azərbaycan Prezdentinə və xarici işlər nazirinə təqdim edib. O, ATƏT-in Minsk Qrupunun danışıqların yeganə formatı olduğunu deyib. Miroslav Layçakın fikrincə, danışıqlar formatının dəyişilməsi yalnız qarşı tərəfin razılığı əsasında mümkün ola bilər. 

ATƏT-in fəaliyyətdə olan sədri gələn həftə İrəvana səfər edəcəyini və “bir sıra yeni ideyaları müzakirə etmək üçün özü ilə aparacağını” deyib: “Biz münaqişənin həlli yollarını axtarmaqda davam edəcəyik”,- Layçak belə deyib. 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesi 2009-cu ildə irəli sürülmüş “Madrid prinsipləri” əsasında aparılır. 2011-ci ildə ATƏT-in dəstəyi ilə “Yenilənmiş Madrid prinsipləri”, 2013-cü ildə isə Rusiyanın təşəbbüsü ilə “Kazan formulu” adlı nizamlanma modeli tərəflərə təklif edilib. 2018-ci ildə ATƏT-in sabiq sədri Mario Rafaelli Dağlıq Qarabağ probleminin “Cənubi Tirol modeli” əsasında həlli təşəbbüsü ilə çıxış edib. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, ATƏT sədrinin təklifləri danışıqlar prosesinə yenilik gətirməyəcək. Sabiq nazir fikrini “Cümhuriyət” qəzetinə belə açıqlayıb: “Yeni ideyaların ixtira edilməsi mümkün deyil. Çünki bütün ideyalar irəli sürülüb. İkincisi, icraçı sədr ümumiyyətlə, danışıqlar prosesi ilə demək olar ki, məşğul olmur. Onun səlahiyyətləri çox cüzidir və ondan hər hansı fəallıq gözləmək düzgün deyil. Münaqişənin həlli ilə birbaşa məşğul olanlar həmsədrlərdir. Mən inanmıram ki, Layçakın bəyanatından sonra münaqişənin həllində ciddi dəyişikliklər ola bilər. Mən yeni təkliflərin olduğuna inanmıram. Sadəcə olaraq, Miroslav Layçak həmsədrlərin mövqeyindən irəli gələn hansısa təklifə dəstək verə bilər.

Amma məsələnin həlli istiqamətində yeni təkliflərin verilməsi real görünmür”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı, MDB Dövlətləri İnstitutunun direktoru Konstantin Zatulin də Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair təkliflərlə çıxış etmək istəyib. Daha doğrusu, K.Zatulin problemin nizamlanması adı altında Azərbaycanın ərazi bütövlüyü üçün təhdid yaradan təxribatçı açıqlama verib. 

“Dağlıq Qarabağın müstəqilliyini pozmaq olmaz.Dağlıq Qarabağ münaqişəsi Qarabağın döyüş əməliyyatları nəzarətdə saxladığı rayonları Azərbaycana qaytarmaqla həll oluna bilər. Biz hərbi planlar qurumuruq, kimisə qələbəyə çağırmırıq. Heç kim Dağlıq Qarabağın taleyini Ermənistandan ayıra bilməz. Biz Qarabağdan olan dostlarımızın “Lazerev klubu”nda fəaliyyətini dayandırmayacağıq. Bu yolverilməzdir. Mən tezliklə bu münaqişənin nizamlanmasının tərəfdarıyam. Qarabağın müstəqilliyini pozmaq olmaz, qalanları müzakirə oluna bilər”.

Zatulinin bu fikrinə də münasibət bildirən Tofiq Zülfüqarovun sözlərinə görə, onun açıqlaması heç bir rəsmi qurumun mövqeyini əks etdirmir: “Əvvəla, Zatulin bu açıqlamanı Lazerev klubundakı müzakirələr çərçivəsində verir. İkincisi, ermənilərə lobbiçilik edən bu dəstə birbaşa Koçaryan və Sarkisyanla bağlıdır. İndi onları nə Ermənistan rəhbərliyi, yəni Paşinyan qəbul edir, nə də onların fikirləri bizim üçün hər hansı əhəmiyyətə malikdir. Sadəcə olaraq, onlar çalışırlar ki, özlərinə yeni şəraitdə havadar tapsınlar və maliyyələşmə davam etsin. Onların fikirlərinə ciddi yanaşmaq lazım deyil. 

Çünki “Lazerev klubu”nu Paşinyan qəbul etmir və başa düşür ki, onlar Qarabağ klanının oyuncağıdır. Ümumiyyətlə, müzakirələr elə həddə çatıb ki, onlar Ermənistanın Rusiyadan uzaqlaşma prosesinin başladığını anlayırlar. Bu səbəbdən də belə bəyanatlar verməklə ənənəvi dostluğu bərpa etməyə çalışırlar. Əgər Ermənistan Rusiyadan uzaqlaşırsa, belə təxribatçı bəyanatların vəziyyəti dəyişəcəyinə inanmıram”./Cebhe.info/


Tarix: 9-03-2019, 08:54
Xəbəri paylaş





Xəbər lenti