Paşinyan Moskva, Tehran və Brüssel arasında...
Bu gün ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. Düşündük ki, bu ərəfədə rəqib ölkənin –Ermənistanın baş nazirinin də “xarici siyasi vurnuxmalar”ını çək-çevir etsək, hər halda, faydasız olmaz.

Amma azacıq uzaqdan başlayacam. “Qəribəlik” fiziki parametr kimi kvarkları işarələmək üçün daxil edilir. Dərhal sual yarana bilər ki, Kainatın kiçicik kərpiclərinin - kvarkların erməni liderinə nə dəxli ola bilər? Əlbəttə, hansısa birbaşa əlaqə yoxdur, müəyyən assosiasiya yaradan məqam budur ki, kvarklar sərbəst şəkildə mövcud ola bilmirlər.

Ermənistandakı qəribə xarici siyasi-diplomatik vurnuxmaları da bircə cümlə ilə belə ifadə etmək olardı: ermənilər, o cümlədən də onların indiki lideri sərbəst – azad mövcud ola bilmirlər, N.Paşinyan ora -bura ona görə qaçır ki, həm özü, həm də ölkəsi üçün “varlı dayı” axtarır.

Bəli, xaotik, bəzən hətta tamamilə ziddiyyətli “xarici siyasi münasibətlər” və yaxud da “diplomatik tryuklar” artıq ruslar demişkən, Paşinyan cənablarının stixiyasıdır – erməni lideri İrandan sonra Avropa səmtinə üz tutdu, bu dəfə Brüsseli seçdi və yenə də ruslar demişkən, “kirpilə ilanı cütləşdirməyə” cəhd etdi, beləki məxməri inqilabın lideri Avrasiya İqtisadi Birliyinin sədri olmaqla bahəm Avropa Birliyinə də (AB) “yaxın persona” olmağa çalışır.

Amma inqilabçı baş nazir risk etmirmi? Axı Rusiya ilə münasibətlər yenicə düzəlməyə başlayıbdı!

Qeyd edək ki, cənabi N.Paşinyan həzrətlərinin Suriyaya məhdud “sülhməramlı kontingent” göndərmək istəyi Kremlin dərhal diqqətini cəlb etdi və şəxsən müdafiə naziri S.Şoyqu qərara yüksək qiymət verdi. Erməni parlamentinin spikeri Ararat Mirzoyanın Federasiya Şurasındakı çıxışından sonra isə Rusiya KİV-ləri o qədər təsirləndilər ki, xorla “Axır ki, iki ölkə arasındakı buzlar əridi” dedilər...

Düşünmək olardı ki, yavaş-yavaş hər şey əvvəlki çevrəsinə qayıdır. Kremlin Paşinyanla bağlı tərəddüdlərinə son qoyulur, erməni siyasətçi və diplomatlarına böyük əndişə yaşamaq üçün əsas qalmır; Moskva öz nökərinin nadincliklərini bağışlamağa başlayır.

Amma yox, məlum oldu ki, Paşinyanın bununla kifayətlənmək fikri yoxdur. Əvvəlcə İrana yollandı, hərçənd ki, lap əvvəldən məlum idi ki, səfər Vaşinqtonun qəzəbindən savayı bir şey yaratmayacaq.

Eləcə də İran liderlərinin də təmtəraqlı qəbuldan və bir də qucaqlaşmaqdan savayı erməni liderinə təklif edə biləcəyi başqa bir imkanları yox idi. Odur ki, bu adam İranda “suyu bir az bulandırandan” sonra boş vədlərlə öz Ermənistan məmləkətinə qayıtdı.

Fəqət, biz də bir az İran siyasətimizi gücləndirməliyik. Birincisi, ona görə ki, çox təəssüf, bizim İrana yönəlik xoş məaramlı siyasətimiz heç də həmişə simmetrik tərzdə qarşılanmır: bir İran lideri “böyük fars şairi Nizaminin məzarını ziyarət etmək” üçün Azərbaycana gəlir, digər biri “yana-yana” keçmiş hökmdarların səhvləri ucbatından İran torpaqlarının “bir hissə”sinin itirilmasıindən danışır. Odur ki, bizim də bütün bunlara cavab verə biləcək siyasi “rıçaq”larımız olmalıdır.

İkincisi, əgər İran istəsə, səmimi siyasət yürütsə, Dağlıq Qarabağ probleminin həllinə çox ciddi təkan verə bilər, yetər ki, bunun üçün Ermənistanla ticari-iqtisadi əlaqələrinin heç olmasa, məhdudlaşdırsın. Bu üzdən də bir daha deyirik ki, İranla bağlı siyasətimizi azacıq gücləndirməliyik, iranlı soydaşlarımızla daha fəal işləməliyik.

Burada söhbət qətiyyən İranda etnik - separatçı meyllərə dəstək verməkdən getmir, amma böyük bir təəssüf hissilə etiraf etməliyik ki, bu ölkədəki çox kiçicik erməni icması milyonlarla azəri qardaşlarımızdan daha fəaldır.

Qərəz, Paşinyan İrandan dolu-dolu qucaqlardan savayı bir şey ala bilmədi. Bu səbəbdən eşidəndə ki, o, Brüsselə yollanıbdır, elə də təəccüblənmədik. Prinsipcə, onu “başa düşmək” olar: bu adam anlayır ki, Avrasiya İqtisadi Birliyində nə üzvlük, nə də hətta sədrlik İrəvana heç nə verməyəcək və təsadüfi deyil ki, Birliyin sədri qismindəki ilk çıxışında Paşinyan daha çox özünün təşkilatla bağlı tənqidi mövqeyini əsaslandırmağa çalışmışdı.

Amma onu yalnız nəzakət xatirinə dinləyib kiçik alqışılarla ölkəsinə yolladılar, çünki hamı onsuz da Avrasiya İqtisadi Birliyinin real olaraq perspektivsiz təşkilat olmasının fərqindədir.

Fəqət, N.Paşinyanın problemi təkcə bu amorf və ya perspektivsiz təşkilatla bağlı deyil, onun MDB, Avrasiya Birliyi və KTMT liderlərilə çox soyuq münasibətləri yaranıb. Erməni lideri gözəl dərk edir ki, o, bu siyasi ansamblda artıq “skripka”, yad elementdir. Amma onun bütün MDB məkanında “inqilab” etməyə gücü yoxdur, həm də Soros cənabları hətta istəsə də buna pul çatdırmaz. Odur ki, dözməkdən savayı bir çarəsi yoxdur.

Bilavasitə onun Avropaya yönəlik indiki vurnuxmlarına gəldikdə isə, düşünürük ki, Kreml buna nisbətən dözümlə yanaşacaq, çünki hələ S.Sarqsyan Kremli inandıra bilmişdi ki, onun ölkəsinin AB ilə imzaladığı sazişin “geosiyasi tərəfləri” yoxdur. Biz hətta istisna etmirik ki, həmin o sazişə start verilməzdən öncə onu Moskvada yaxşı - yaxşı redaktə etmiş və yalnız bundan sonra “xeyir-dua”sını vermişdilər.

Bundan başqa, Kreml özü də AB-də “desant”larının olmasında maraqlıdır, çünki Avropa ilə iqtisadi rəqabətdə duruş gətirmək onun üçün getdikcə daha çətin olur. Elə Avropa siyasətçiləri arasında da bir qədər liberal yanaşma təzahür etdirənlər, keçmiş sovet ölkələrilə siyasiləşdirilməmiş, sırf iqtisadi münasibətlər qurmağın tərəfdarları var.

Əlbəttə ki, Qoca Dünyanın “siyasi palitra”sında onlar elə də üstünlük təşkil etmirlər, əsas Avropa strateqləri gizlətmirlər ki, “Şərq tərəfdaşlığı proqramı”nın əsas məqsədi Rusiyanı post -sovet məkanının bazarından sıxışdırmaqdır. Amma bunun hələ Ermənistan üçün elə bir təhlükəsi hiss olunmur, çünki ölkənin ekspertləri özləri də deyirdilər ki, imzaladıqları saziş boş deklarasiyadan başqa bir şey deyil.

Amma maraqlısı başqa məqamdır. AB N.Paşinyanın gözləntilərini doğruldacaqmı? Pul olacaqmı? Ən azı Ukraynanın, Gürcüstanın və heç sözsüz ki, Moldovanın təcrübəsi göstərir ki, “Şərq tərəfdaşlığı proqramı” heç də xeyriyyə proqramı deyil və burada dilənçilik yox, qarşlıqlı maraq zəminində əməkdaşlıq stimullaşdırılır və gənc ölkələrin öz iqtisadiyyatlarını inkişaf etmiş Dünyanın standartlarına uyğun qurmağa və eləcə Avropa bazarlarının bu ölkələrin, onların bazarlarınınsa Avropa iqtisadiyyatı üçün açılmasına yardım edilir.

Odur ki, böyük ehtimalla yaxın və uzaq gələcəkdə heç bir maliyyə “inyeksiyası olmayacaq” və N.Paşinyan da nə qədər çalışsa da, “kirpilə ilan cütləşməyəcək”. O ki qaldı onun AB vasitəsilə Qarabağ danışıqlarının formatında “ciddi dəyişikliklər” etməyə çalışmasına, ən azı deyilənlər və yazılanlar bunu deməyə əsas verir ki, Paşinyan burada da ciddi fiaskoya uğradı, avropalı diplomatlar erməni baş nazirininin bu “yeniliyinə” heç bir maraq göstərmədilər, əksinə ona başa salmağa çalışdılar ki, bu, Qarabağla bağlı danışıqları bir az da geri atardı.

Amma çox təcrübəli Avropa diplomatları və siyasətçiləri onu nəzərə almadılar ki, Paşinyana da hələki yalnız bu lazımdır: o, vaxt udmağa çalışır, çünki hətta onun erməni xislətini bir yana qoysaq, bu adam Kremllə Qarabağ klanı arasındakı məngənədədir, ayağını azacıq kənara qoysa, əzib “su”yunu çıxararlar...