Elxan Şahinoğlu: İrəvan İsrail-Azərbaycan münasibətlərini pozmaq istəyir


İrəvan İsrail-Azərbaycan münasibətlərini pozmaq istəyir

Ermənistan Xarici İşlər Nazirliyi İsraildə diplomatik missiya açmaq imkanını nəzərdən keçirir.

“Ermənistan İsraildə səfirliyini açmağı düşünür, hazırda iki ölkənin münasibətləri yeni səviyyəyə keçib. Ermənistan həmçinin qarşılıqlı olaraq İsrailin İrəvanda səfirliyinin açılmasını istəyir”. Bunu Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Hovannisyan “The Jerusalem Post”a bildirib.

Azərbaycana silah satma məsələsinə münasibət bildirən Hovannisyan qeyd edib ki, Ermənistan, ABŞ-ın nümunəsi ilə İsrailin Qarabağ münaqişəsi tərəflərinə silah satışını dayandırmasını istəyir. XİN rəsmisi səfirliyi Qüds şəhərində deyil, İsrailə məxsus digər bir şəhərdə də aça biləcəklərini qeyd edib və bildirib ki, İrəvan səfirliyin məhz Qüds şəhərində açılmasında israrlı deyil.

Hovannisyan İsrailin Azərbaycana silah satması məsələsinə də toxunub və açıq şəkildə qeyd edib ki, İrəvan İsrailin Bakıya silah satmamasını arzulayır.

Qeyd edək ki, İsrail Azərbaycana strateji tərəfdaşı olan ölkə sayılır ə bizim əsas silah tədarükçülərimizdən biridir. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İsrail hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bizim İsraillə münasibətlərimiz ən vacib sahələr üzrə uğurla inkişaf edir.

Bəzi obyektiv səbəblərə görə Azərbaycanın İsraildə səfirliyi fəaliyyət göstərmir. Ancaq İsrailin Azərbaycanda səfirliyi  var. Maliyyə çatışmazlığını əsas gətirərək, dünyanın əksər ölkələrində səfirliklərini bağlayan Ermənistan maraqlıdır ki, birdən-birə məhz İsraildə səfirlik açmaq istəyir.

Ekspertlər hesab edirlər ki, əslində, Ermənistanın İsraillə diplomatik münasibətləri hansı məqsədlə genişləndirmək istəyi aydındır və bu, sırf Azərbaycan faktoru ilə bağlıdır. Görünən odur ki, Ermənistan İsraillə münasibətləri inkişaf etdirməklə yanaşı, həm də bu münasibətləri Azərbaycanın əleyhinə yönəltməyi planlaşdırır. Digər vacib məqam isə bundan ibarətdir ki, Ermənistan həmin səfirliyi Qüdsdə deyil, başqa şəhərdə açmaq istəyir. Burda da erməni hiyləgərliyi görünür. Bilirlər ki, səfirliklərini Təl-Əvivdən münaqişəli Qüds şəhərinə köçürən ölkələrə ərəb ölkələrinin əksəriyyətinin, xüsusən də İranın münasibəti pis olur. Ermənistan səfirlik açmaq niyyətinin həm də özünə qarşı yönəlməsinin qarşısını qabaqcadan almağı bu yolla planlayır.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan səfirlik məsələsində Azərbaycanı qabaqlamaq və İsrail-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyir: “İrəvanın bu istəyinin qarşısını almalıyıq. İsrailin Azərbaycanda səfirliyi varsa, Azərbaycanın da İsraildə səfirliyi olmalıdır. Müəyyən səbəblərə görə, İsraildə səfirliyimizin açılması yubadılır. O səbəblər məncə, bəhanə olmamalıdır. Çünki biz onsuz da İsraillə çox sıx əməkdaşlıq edirik və bu əməkdaşlıq hansısa böyük qonşumuza qarşı deyil. Azərbaycanın İsraildə səfirliyinin olmaması erməniləri həvəsləndirib ki, bizi qabaqlasınlar və İsraildə səfirlik açsınlar. Amma ermənilər bir şeyi deyəsən unudurlar ki, hələ İsrailin Ermənistanda səfirliyi yoxdur. Öncə onlar bu məsələni həll etməlidirlər və bu elə də asan həll olunan deyil. Ermənistan İsraildə səfirlik açmaq istəyirsə, bu, Azərbaycanı bir qədər tələsdirməlidir, biz Təl-Əvivdə səfirlik açmalıyıq. Səfirliyimizin açılmasını çox yubatmaq olmaz. Ermənistanın İsraildə səfirliyi olsa, Azərbaycanın isə olmasa İrəvan həmin səfirliyi vasitəsilə Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmağa çalışacaq. Səfirliyimiz olsa, əlaqələrimizi daha da səmərəli şəkildə tənzimləyə bilərik. Ermənilərin məqsədi odur ki, orada səfirlik açıb Azərbaycanla münasibətlər pozmaq istiqamətində iş aparsınlar. Düzdür, buna müvəffəq olmaya da bilərlər. Amma hər halda, biz onların bizi qabaqlamasına imkan verməməliyik. Erməni nazir müavini o cür açıqlama veribsə, deməli, iki ölkənin diplomatları arasında səfirlik məsələsi ilə bağlı hansısa danışıqlar gedir. Biz o danışıqlardan özümüz üçün nəticə çıxarmalıyıq”.

E.Şahinoğlu hesab edir ki, Ermənistan İsraillə əməkdaşlığı gücləndirib İsrail silahlarına maraq göstərə bilər: “Amma Ermənistanın İsrail silahını almağa pulu yoxdur. İsrailin modern silahlarını almağa Ermənistanın pulu çatmaz. Azərbaycan isə bu silahları almaq üçün milyardlarla dollar xərcləyib. Ermənistan ucuz kreditlə yeganə ölkə olaraq Rusiyadan silah alır, başqa ölkədən silah almağa pulları yoxdur. İkincisi, Rusiya imkan verməz ki, özünün forpostu gedib İsraildən silah alsın. Ermənistan özü İsraildən silah almaq imkanında olmadığı üçün çalışır ki, İsrailin Azərbaycana silah satışına mane olsun, silah satışının qarşısını alsın. Lakin bu istəklərini reallaşdırmaları mümkün deyil”.


Tarix: 11-03-2019, 09:05
Xəbəri paylaş





Xəbər lenti