İşğalçı Ermənistanın Avropadakı Qarabağ məğlubiyyəti


İrəvanın qeyri-konstruktiv siyasəti aparıcı paytaxtlarda ifşa olunmaqdadır; Azərbaycanın diplomatik uğurları onu torpaqlarının azadlığına yaxınlaşdırır

Azərbaycan daxil, beynəlxalq aləm Ermənistandan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konstruktiv mövqe gözlədiyi halda, işğalçı ölkənin yeni hökuməti də sülh prosesini pozmağa yönəlik cəhdlər göstərməkdədir.

Əslində rəsmi Bakı son aylarda Nikol Paşinyana sələflərinin səhvlərindən nəticə çıxarmaq üçün kifayət qədər şans verdi. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə işğalçı ölkənin baş nazirinə Robert Köçəryan və Serj Sərkisyanın cinayətlərini xatırladaraq, mövcud hakimiyyətə həm də ölkəsinin xilas yolunu göstərdi. Lakin görünür, Ermənistan rəhbərliyi xalqını fəlakətli vəziyyətdən xilas etməkdə maraqlı deyil.

Nikol Paşinyan martın ilk günlərində Avropanın siyasi mərkəzinə - Brüsselə çox iddialı getmişdi. Düşünürdü ki, Avropa İttifaqı (Aİ) onu “inqilab lideri” kimi qəbul edəcək, istədiyini verəcək, arzularını həyata keçirəcək. Amma Paşinyan gözləməzdi ki, Avropa Birliyindən Azərbaycanın maraqlarını müdafiə ilə bağlı mövqe eşidəcək...

ÐаÑÑинки по запÑоÑÑ Nikol PaÅinyan

Ermənistanın baş naziri ilə görüşən Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşdən sonra yenə də ənənəvi iddiasını dilə gətirdi, danışıqlar formatından bəhs etdi. Onun “Biz hesab edirik ki, münaqişənin nizamlanması üçün ilk effektiv format yaratmaq, Dağlıq Qarabağın iştirakını təmin etmək lazımdır” sözlərinə kifayət qədər tutarlı cavab verildi. Yohannes Han Paşinyanla razılaşmadığını açıq şəkildə ifadə etdi. Bildirdi ki, tərəflər Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını saxlamalıdır. Bu, Paşinyan üçün “soyuq duş” effekti verən bəyanat oldu.

Məsələ burasındadır ki, o, 2018-ci ilin mayında baş nazir seçilən kimi, Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsi şərtini irəli sürmüşdü. İddia edirdi ki, o, ancaq İrəvanın mövqeyindən çıxış edə bilər, Dağlıq Qarabağın əvəzindən danışa bilməz. Faktiki olaraq, N.Paşinyan özünün on aylıq siyasətini məhz formatın dəyişikliyi üzərində qurub. O istəyirdi ki, bu məsələdə uğura nail olsun, “danışıqlarda diktə edən şəxs” statusunda özünü erməni xalqının gözündə ucaltsın. Axı bu müddətdə heç bir uğuru olmayıb, ölkədə narazılıq gün-gündən artır, ölkəyə hətta xaricdəki erməni investorlar da kapital qoymaqdan imtina edir,  borc içərisində boğulan Ermənistana inamsızlıq o həddə çatıb ki, bu ölkəyə kredit belə vermirlər. Elə N.Paşinyan Brüsselə böyük miqdarda maliyyə ardınca getmişdi, amma əvəzində sərt sillə aldı...

ÐаÑÑинки по запÑоÑÑ HikmÉt Hacıyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetimizə dedi ki, Avropa İttifaqının mövqeyindən məmnundur: “Avropa İttifaqı tərəfindən Azərbaycana beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində göstərilən dəstək - bu ifadə də Tərəfdaşlıq prioritetləri adlı sənəddə bir daha öz təsdiqini tapıb - təqdir olunur. Ümumiyyətlə, Avropa İttifaqının siyasətində dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılması fundamental istiqamətlərdən biri kimi müəyyən olunub”.

PA rəsmisi Ermənistanın baş nazirinin Brüssel görüşlərində Aİ rəhbərliyinin açıq şəkildə mövqeyini ifadə etməsindən məmnunluğunu ifadə etdi: “Danışıqlar prosesində də Avropa İttifaqının danışıqların formatının dəyişdirilməməsi və mövcud format çərçivəsində davam etdirilməsi, danışıqlarla bağlı hər hansı şərtin qoyulmaması, bu kimi yanaşmanın qəbuledilməzliyi barədə mövqeyi tərəfimizdən alqışlanır”.

Ancaq rəsmi Bakı bu mövqeyi yetərli saymır: “Bizim təkcə Avropa İttifaqından deyil, bütün beynəlxalq ictimaiyyətdən gözləntimiz ondan ibarətdir ki, İrəvana zəruri siyasi, diplomatik ismarıclar çatdırılmalıdır ki, Ermənistan reallığı düzgün qiymətləndirərək, danışıqlar prosesində konstruktiv iştirak etsin. Bu xüsusda onu da qeyd etmək istərdim ki, elə bu yaxınlarda Avropa İttifaqının bilavasitə dəstəyi ilə iqtisadi məsələlər üzrə xüsusilə ixtisaslaşmış analitik mərkəzlərdən biri Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həll edilməsinin həm Ermənistana, həm Azərbaycana iqtisadi dividentləri barədə hesabat hazırlayıb. Biz bu hesabatın fəlsəfəsini və ideyasını bölüşürük. Azərbaycan da həmişə onu deyib ki,  münaqişə həll edilərsə, bu, regionda yeni əməkdaşlıq imkanları yarada bilər, Ermənistan əhalisi də bundan faydalana bilər. Bu xüsusda da Avropa İttifaqının öz səylərini artırması faydalı olardı”.

H.Hacıyev bir daha qeyd etdi ki, format dəyişikliyi Azərbaycan üçün qəbuledilməzdir: “Danışıqlar prosesinin də məzmunu və predmeti hər kəsə bəllidir. Bu əsasda danışıqlar davam etdirilməlidir. Münaqişə tərəfləri də Ermənistan və Azərbaycandır”.

****

Haqlı sual yaranır, qəfildən nə baş verdi ki, Avropa Ermənistanın “demokrat” liderini pərt etdi? Axı biz illərdir Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT və s. zaman-zaman “öz müqəddəratını təyinetmə” prinsipinə istinad edərək, dolayısı ilə status-kvonun uzanmasına rəvac veriblər. Avropanın aparıcı təşkilatının mövqeyindəki dəyişikliyin yeganə səbəbi var. Söhbət Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində irəli sürülən şərtdən gedir. Azərbaycan dövləti Qarabağ məsələsi ilə bağlı daim prinsipial mövqe sərgiləyib. Ancaq 2017-ci ilin 4 oktyabrında Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüş Avropanın aparıcı qurumu üçün bir növ “yol xəritəsi” rolunu oynadı. Prezident İlham Əliyev həmin görüşdə demişdi: “Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ”ikili standartlar" yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır".

Bu, kifayət qədər aydın və ciddi mövqe idi. Sonrakı aylarda və illərdə Avropadan Bakıya gələnlərin mövqeyindəki dəyişikliyi sezməmək mümkün deyildi. Bəli, Ermənistandan fərqli olaraq, Azərbaycan Avropa üçün vazkeçilməz müttəfiqdir. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa layihəni reallaşdırmağın mümkünsüzlüyünü ötən illərin təcrübəsi sübut edib. Ermənistan ucuz qaz üçün gah Rusiya, gah İrana əl açdığı halda, Azərbaycan Avropanı enerji ehtiyatları ilə təmin edir və bu istiqamətdə növbəti layihələr həyata keçirilməkdədir. Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin də əsas prioritetlərindən biridir. Məhz bunun məntiqi nəticəsidir ki, tərəflər yeni sazişlə bağlı danışıqlara başlayıb və bir çox məsələlər artıq razılaşdırılıb. Avropa İttifaqının Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırması faktını da unutmaq olmaz. Belə olan təqdirdə Avropanın Azərbaycanın Qarabağla bağlı mövqeyini nəzərə almaması, sadəcə, mümkünsüz idi...

Ötən ilin 24 noyabrında Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən bəyannamədə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ilk dəfə ortaya qoyulmuşdu. Belə ki, bəyannamədə Avropa İttifaqının ölkələrin ərazi bütövlüyünü dəstəklədiyi xüsusilə vurğulandı, “öz müqəddəratını təyinetmə” ifadəsinə isə ümumiyyətlə, yer verilmədi. Bu isə rəsmi İrəvanın illərdir apardığı siyasətinin iflası idi. Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən bəyannamə şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğurudur. Amma beynəlxalq təşkilatlar işğalçını, nəhayət, öz adı ilə çağırsa, ədalətli sülhə daha tez nail olmaq mümkündür.

Avropa İttifaqı Avropa Komissiyasına Ermənistan vasitəsilə hər hansı məhsulun qanunsuz şəkildə Avropa İttifaqına ixracının qarşısını almaqla bağlı çağırış edib. Beləliklə, işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına Avropa Parlamenti tərəfindən də etiraz ifadə olunub. Ancaq çağırışın nəticəsi olacaqmı? Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini artıq 26 ildir ki, icra etmir, üstəlik, Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz məskunlaşdırma işləri aparır, nümayişkaranə şəkildə torpaqları azad etməyəcəyini bildirir. Deməli, təzyiqlərin artırılmasına ehtiyac var. 

ÐаÑÑинки по запÑоÑÑ Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da bildirdi ki, bu kimi konfliktlərdə bir sıra tədbirlərin həyata keçirilməsi təcrübəsi var: “O cümlədən qondarma qurumların vəzifəli şəxslərinin Avropaya səfərlərinə qadağa qoyulur, iqtisadi əlaqələrə, ixraca imkan verilmir, təbliğat imkanları məhdudlaşdırılır. Avropa İttifaqı Qarabağ məsələsi ilə bağlı digər konfliktlərə aid olan addımları atsalar, daha məqsədəuyğun olar”. Politoloqun sözlərinə görə, Paşinyanın bəyanatları onun birmənalı şəkildə danışıqlardan uzaqlaşmaq niyyətində olduğunu göstərir. Bu mənada Avropa İttifaqı bəzi sərt tədbirləri həyata keçirə bilər: “Yəni Avropa Rusiyaya qarşı atdığı addımları Ermənistana münasibətdə də ata bilər”. 

Əslində rəsmi Bakının işğalçı Ermənistanla danışıqlara hazır olmasının özü qarşı tərəf üçün böyük güzəştdir. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev  ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşüb və “Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə mövcud olmalıdır”, - deyib. Qarşı tərəfsə görüşdən imtina edir...

Bu arada Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması düşməni təşvişə salıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan iddia edib ki, Azərbaycan ordusunun elan edilmiş irimiqyaslı hərbi təlimləri İlham Əliyevlə Nikol Paşinyanın görüşü ərəfəsində erməni tərəfinə təzyiq göstərməyə hesablanıb. Əslində Azərbaycanın mövqeyi bəllidir. Ehtiyatda olan polkovnik Şair Ramaldanovun dediyi kimi, artıq Azərbaycanın səbri tükənib və hər an düşmənə sarsıdıcı zərbə endirilə bilər. Əgər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altındakı Füzuli rayonuna gələrək həyasızcasına “bir qarış da torpaq qaytarmaqdan söhbət gedə bilməyəcəyini” deyirsə, bunun cavabı təbii ki, danışıqlar masasında verilməyəcək.

Bu arada Azərbaycan xalqının mövqeyini və Avropa İttifaqının son bəyanatını nəzərə alan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də hərəkətə keçməsi diqqət çəkir. Həmsədrlər öz bəyanatlarında faktiki olaraq Ermənistanın sərgilədiyi mövqeyə cavab veriblər. Diplomatlar tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən, o cümlədən aktiv hərbi əməliyyatları bərpa etmək çağırışlarından çəkinməyə çağırıb. Bu, dolayısı ilə İrəvana yönələn tərs şapalaqdır.

Avropa da sözünü dedi, həmsədrlər də. İndi söz qarşı tərəfin - işğalçınındır. İşğalçı Avropada Qarabağla bağlı diplomatik məğlubiyyətə uğradı. Ancaq növbəti döyüş məhz Qarabağda olacaq! 2016-cı ilin “Aprel dərsi” də gərək unudulmasın. Üstəlik, günbəgün güclənən, aparıcı paytaxtların bölgədə vazkeçilməz müttəfiqi olan Azərbaycan işğaldakı torpaqlarının azadlığına yaxınlaşır...

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

Elşad PAŞASOY

Tarix: 12-03-2019, 10:20
Xəbəri paylaş





Xəbər lenti