Türkiyə erkən seçkilər ərəfəsindədir? –SEÇİCİNİN MESAJLARI AKP QƏRARGAHINDA TƏHLİL EDİLİR


Endrü Uilks

“Əl-Cəzirə”, 04.04.2019

 

Bazar günü Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin tozanağı hələ yatmayıb, müşahidəçilər prezident Rəcəb Tayyib Ərdoğanın davamlı seçki müvəffəqiyyətindən sonra İstanbul və Ankaranın itkisinə necə təpki verəcəyini görmək istəyirlər.

Türkiyənin iki böyük şəhərində etibarsız bülletenlərin sayımı aparılsa da, Ərdoğanın məsləhətçiləri Ədalət və İnkişaf Partiyası (AKP) namizədlərinin uğursuzluğunu artq təhlil edirlər.

Müxalifətin zəfəri seçki uğurlarından sonra AKP-nin “sonunun başlanğıcı” təəssüratı yaradıb.

Köşə yazarı Kamal Can deyib: “Bunu sona aparan mərhələ adlandırmaq daha düzgün olardı”. Bir çox digər şərhçi kimi, o, Türkiyənin zəifləyən iqtisadiyyatını ildən-ilə böyüyən inkişaf və rifahdan sonra bir çox seçicilərə təsir göstərən amil sayır.

“Yerli seçki olduğuna görə hakim partiyanın seçici bazası, ondan bunu etməmək xahiş olunsa da, Ərdoğan və başqalarına dərs vermək qərarına gəlib”.

Digərlərinin fikrincə, AKP-nin kampaniyasında üst səviyyəli şəxslər müxalifəti terror tərəfdarları olaraq səciyyələndirməsi bəzi seçiciləri ondan uzaqlaşdırıb.

“Hökumət öz əleyhdarlarına qarşı sərt dildən istifadə etdi, – deyə Kamal Can əlavə edib. – Bu üslub hətta tərəfdarları arasında rəğbətlə qarşılanmayıb. Müxalifət isə iqtidar partiyasının bu taktikasına uymayıb”.

 

Erkən seçkilər ola bilərmi?

2003-cü ildən etibarən ölkəyə rəhbərlik edən Ərdoğan son dövrdə səlahiyyətləri genişləndirilmiş prezident olaraq, 2023-cü ilin iyun ayına qədər prezident və ya parlament seçkilərinin keçirilməsini istəmir.

Ancaq bir çox müşahidəçi Türkiyənin 82 milyon vətəndaşından 27 milyonunu əhatə edən beş böyük şəhərdən dördünün müxalifətin nəzarətinə keçməsinin prezidentin əl-qolunu bağlayacağını düşünür.

AKP və Milliyyətçi Hərəkət Partiyasından (MHP) Adana, Antalya və Hatay kimi böyük yaşayış mərkəzlərini alaraq Ankara və İstanbula əlavə edən müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Gürsel Tekinin fikrincə, seçkinin nəticələri dəyişiklik arzusunu göstərib.

“AKP-nin gələcəyi bu nəticələrdən dərs alıb-almayacağından asılıdır”.

Türk cəmiyyətindəki qütbləşmyə işarə edərək, Tekin deyib: “İnsanlar sülh və harmoniya içində yaşamaq, iqtisadi problemlərinə həll tələb edir, hüquq dövləti, partizan siyasətdən qurtulmaq istəyirlər”

Erkən seçkilərdən daha çox ehtimal olunan hökumət daxilində kadr və siyasət dəyişikliyidir, bəzi analitiklər bu ay nazir yerdəyişmələrini proqnozlaşdırırlar.

 

Zəif iqtisadiyyat

Ərdoğanın siyasi karyerasına dair araşdırma aparan “Big Boss”-un yazarı Mustafa Hos hesab edir ki, nəticələr – 20%-ə çatmış inflyasiya və 10 işçidən birinin işsiz qaldığını göstərən iqtisadi böhranla əlaqədar xəbərdarlıqdır. “Erkən seçkilər Ərdoğanın bu mesajları qəbul etməsindən asılı olaraq reallaşacaq”.

1990-cı illərdə maliyyə naziri olmuş Ufuk Söyləməzin fikrincə, iqtisadi vəziyyətin pisləşməsi 2023-cü ilə qədər erkən seçkilərlə nəticələnə bilər. “Bu iqtisadi tendensiya davam edərsə, erkən seçkiləri keçirmək məcburiyyətində qalacaqlar. Onsuz da erkən seçkilər planlaşdırılmır, onlar şəraitə görə keçirilir”.

Ancaq Ərdoğanın seçki gecəsi şərhlərini vurğulayanlar var. Prezident ölkəni sabitləşdirmək üçün seçkisiz müddətə ehtiyac olduğunu deyib.

AKP-nin Batman millət vəkili Zivər Özdəmir partiyanın və MHP-nin Bazar günü 50%-dən çox səs qazandığını deyib. “AKP-nin 17 illik iqtidarı dövründə 15 seçki keçirilib və bütün bu seçkilərdən o, lider partiya olaraq çıxıb. Xalq hələ də Ərdoğanın, partiyamızın və koalisiyamızın arxasında durur, hələ də MHP-nin dəstəyi ilə Məclisdəki əksəriyyət xalqın rifahı üçün qanunlar qəbul edir və biz hələ də problemləri həll gücünə sahibik”.

Köşə yazarı Kamal Can qısa müddətdə erkən seçki şanslarını zəif saysa da, yerli seçkilərin Ərdoğanın demokratik mandatına zərər verdiyini söyləyib. “Bu seçkinin nəticələri onu önümüzdəki dörd ildə lazımi enerji ilə təmin etməyib”.

Zivər Özdəmir deyib: “Uzun müddət hakimiyyətdə olmağımızın səbəblərindən biri həmişə xalqın səsini dinləməyimizdir. Keçmişdə gördüyünüz kimi, biz dəyişikliklər edəcəyik və buna görə də, siyasətimizi insanların tələblərinə uyğun olaraq dəyişdirə bilərik. Beynəlxalq münasibətlərdə, daxili məsələlərdə və iqtisadiyyatda da düzəlişlər edə bilərik”.

Sabiq maliyyə naziri Söyləməz tezliklə üst səviyyə hökumət mövqelərinin yenidən qurulmalı olduğunu söyləyib. Maliyyə naziri və Ərdoğanın kürəkəni Berat Albayraka işarə edərək o: “Nazirliklər və kabinetə yenidən baxılmalı və meritokratiya, yəni partiya və şəxsi əlaqələrə istinadsız yeni insanlar təyin olunmalıdır”, – deyib.

Hökumətin nəzarətdən çıxmış şəhərlərə qəyyum bələdiyyə başçıları təyin ediləcəyi də gözlənilir. 2016-cı ildə terrorizmlə əlaqəli həbs edilmiş HDP-lilərlə olduğu kimi.

Ancaq Hos xəbərdarlıq edib ki, İstanbul və Ankara kimi böyük şəhərlərdə, demokratik olmayan hər hansı bir hərəkət Ərdoğanın inşa etdiyi mərkəzləşməyə zərər verə bilər. “Əgər belə bir müdaxilə baş verərsə, bu yalnız erkən seçkilər yox, prezidentlik sisteminin sonu da olacaq. Ərdoğan sistemi ilə birlikdə aradan gedəcək”.

Tərcümə: Strateq.az

Tarix: 4-04-2019, 14:57
Xəbəri paylaş





Xəbər lenti