ABŞ inqilablar və müharibələr qitəsində yeni “tonqallar” qalayır – Avropanı hərbi çevrilişlər bürüyə bilər



Amerika istəyir ki, Rusiya, İran və Çin siyasətində Avropa Birliyi ölkələri ona tam dəstək versin; əks təqdirdə...

Fransa və Almaniyada hərbi qiyam təhdidinin arxasında ABŞ-ın olması iddiaları getdikcə daha çox  müzakirə olunan və ciddi arqumentlərlə əsaslandırılan məsələyə çevrilib. Məlumat üçün qeyd edək, Fransada 20 təqaüddə olan general, həmçinin 100 zabit, mindən çox əsgər hakimiyyət əleyhinə bəyanat imzalayıblar. Əsgərlərin içərisində hazırda orduda xidmət edənlər də var.
Hərbçilərin bəyanatında Fransanın xaosun içində olduğu vurğulanır və “sarıjiletlilər hərəkatı” müdafiə olunur. Həmçinin İslam təhdidinə qarşı hökumətin səssiz qalması da qınanır. Xarici mediada yer alan məlumatlara görə, son 60 ildə Fransa siyasətində belə kəskin ifadələr yer almayıb. Bəyanatda başı kəsilən bir tarix müəllimindən də bəhs olunub və islamçılara qarşı sərt mövqeyə etirazlar əksini tapıb.
Almaniyada da oxşar proseslər gedir. Belə ki, Almaniyada bir qrup təqaüddə olan hərbçinin Berlində hərbi qiyam törətmək planı ortaya çıxıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, “Təqaüddə olan və keçmiş hərbçilər qrupu” adı altında bir araya gələn təxminən 13 min hərbçi Merkel hökumətini devirmək üçün planlar hazırlayıb. Onlar Berlində hökumətin COVİD-19-la bağlı karantin rejiminə qarşı keçirilən aksiyaya daxil olaraq qarşıdurma yaratmaq və dövlət təşkilatlarına hücum planı hazırlamaq üçün əlaqədə olublar. Qrupda Almaniya ordusunun təqaüdçü hərbçiləri ilə yanaşı, 1990-cı ildə ləğv edilən keçmiş Şərqi Almaniya Ordusunda (NVA) xidmət edən çox sayda hərbçinin də fəal olduğu bildirilir.
Biden tells allies 'America is back,' but Macron and Merkel push back,  World News | wionews.com
Siyasi şərhçilər proseslərin arxasında ABŞ-ın olduğunu istisna etmirlər. Belə ki, Co Baydenin beynəlxalq güclərə qarşı apardığı mübarizəyə, Rusiya, İran və Çini sanksiyalarla çökdürmək planına, ən yaxın müttəfiqi olan Avropa Birliyinin ciddi yanaşmaması rəsmi Vaşinqtonun bu cür ciddi mesajlar verməsinə, daha doğrusu hərbi çevrilişlə təhdid etməsinə səbəb olub. Ekspertlər hesab edir ki, ABŞ Avropa Birliyi ilə nə qədər dost və müttəfiq görünsə də, aralarında çox ciddi rəqabət də var. 2011-ci ilin yanvar ayından başlayaraq, Yaxın Şərqin bir neçə ölkəsində inqilabların baş verməsinin də əslində Avropa Birliyini çökdürməyə yönəldiyi deyilir. Aralıq dənizinin cənub sahilindəki ərəb ölkələrində qiyam baş verərkən o ölkələrin vətəndaşları Aralıq dənizinin şimal sahilinə, Avropanın inkişaf etmiş ölkələrinə, əsasən də Almaniyaya, Fransaya, İtaliyaya üz tutdular. O zaman mütəxəssislər iddia edirdilər ki, bu təkcə Yaxın Şərqin karbohidrogen ehtiyatlarını ələ keçirmək planı yox, həm də ABŞ-ın əzəli və əbədi rəqibi olan Avropanı zəiflədib özündən daha çox asılı vəziyyətə salmaq planının tərkib hissəsi idi. Avropanın ABŞ-ın əsas rəqibləri ilə əməkdaşlığı davam etdirməsi, sanksiyalara ciddi əməl etməməsi də rəsmi Vaşinqtonu “Qoca Qitə”yə qarşı hər zaman gərginlikdə tutur. “Sarıjiletlilər hərəkatı”ndan Fransa generallarının, Almaniya hərbçilərinin qiyam tərtibinə qədər hər birində Amerikanın əlinin olduğu düşünülür.
Generallar Makronu çevrilişlə hədələdilər - Busaat.az
Hazırda dünyada dolların ən ciddi rəqibi avrodur. Avropa Birliyinin iki aparıcı ölkəsində bu cür gözlənilməz hadisələrin, hərbi qiyam tərtibinin olması bütövlükdə AB iqtisadiyyatının tənəzzülə uğraması ilə nəticələnə bilər, həm də Avropa Birliyinin vahid valyutası olan avronun da məzənnəsinə öz mənfi təsirini göstərə bilər. Zəif bir Avropa Birliyi həm də ABŞ-ın dünyaya hegemonluq siyasətini istisnasız dəstəkləyən dövlətlər toplusu deməkdir.
Yazarlar Elman Sadıqov
Elman Sadıqov
İqtisadçı ekspert Elman Sadıqov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ neçənci dəfədir ki, onun siyasətini dəstəkləmədiyi hallarda Avropa Birliyini bu cür cəzalandırır: “Avropa Birliyində baş verənlər də səbəbsiz deyil. Hazırda AB-də ciddi fikir ayrılıqları var, xüsusilə burada son 10 ildə baş verən yumşalma siyasəti ABŞ-ın bir neçə çox önəmli siyasi addımları ilə üst-üstə düşmür. Buradan aydın idi ki, Avropa Birliyi ilə bağlı hansısa məsələlər ortaya çıxacaqdı. Bu məsələlərdən biri 2016-cı ildə Brexitlə bağlı ortaya çıxdı. Referendum keçirildi və faktiki olaraq Brexit baş tutdu. Lakin bu məsələnin Brexitlə yekunlaşmayacağı istisna deyildi. Ardınca “Sarıjiletlilər hərəkatı” adı almış etirazlar ortaya çıxdı, ancaq bu məsələdə digər AB ölkələri Fransaya dəstək verdilər, nəticədə sarıjiletlilərin aksiyalarının Fransa, eləcə də Avropa Birliyi iqtisadiyyatına vura biləcəyi zərərlər minimallaşdı. Səbəb isə o idi ki, bütün AB bu məsələdə Fransanı dəstəklədi”.

Ekspert hesab edir ki, hazırkı dövrdə də qeyd olunduğu kimi bir təlatümün baş verəcəyi gözlənilir: “Burada təbii ki, müharibədən söhbət getmir, Fransa və Almaniya Avropa Birliyinin mərkəzidir. Dövlət çevrilişi ehtimalı yoxdur. Ancaq Merkelin bu il siyasətdən getdiyini nəzərə alsaq, Avropada çox ciddi bir lider çatışmazlığı hiss olunmaqdadır. Mənim bundan öncə Mario Draghi ilə bağlı bir yazım olmuşdu və qeyd etmişdim ki, Mario Draghi İtaliya üçün çox ciddi bir seçimdir, çünki  çox güclü iqtisadçıdır və İtaliyanın özünün iqtisadi məsələlərini həll etməsinə ehtiyac var.  Merkeldən sonra da AB-də çox ciddi lider çatışmazlığı olacaq, onu əvəzləyəcək bir insan çətin olacaq. Almaniya AB-nin lokomotivi, güc mərkəzi idi. Avropa Birliyinin siyasətində ABŞ-la baxış fərqləri, o cümlədən Rusiya, İran və Suriya məsələlərində AB-nin daha yumşaq yanaşma sərgiləməsi əvvəl-axır bu cür problemlər ortaya çıxaracaqdı. Dövlət çevrilişinin baş verməsi inandırıcı deyil, ancaq bu, çox ciddi bir mesajdır. Bu mesajın arxasında duran əsas amil budur ki, Avropa Birliyi ABŞ-ın Rusiya ilə bağlı siyasətində ona dəstək versin, diqtə etdiyi kimi davransın. Çünki Bayden açıqlamalarında Avropa Birliyini öz müttəfiqi adlandırır, Rusiya, İran və Çinə qarşı sərt mövqe ortaya qoyacağını, müttəfiqlərindən də eynilə bu cür mövqe tutmağı tələb edir. Avropa Birliyinin bu qədər yumşaq mövqe tutması artıq ABŞ-ı qane etmir. Bu mesajlar artıq Çini də narahat edir”.

E.Sadıqovun sözlərinə görə, Çinin Avropa Birliyinə çıxışını təmin edəcək nəqliyyat dəhlizləri planları ABŞ-ı çox ciddi narahat edir və buna səssiz qalmayacağı gözlənilir: “Dünyanın çox böyük nəqliyyat dəhlizlərinin mərkəzində olan ölkələrdə proseslər gözlənilir. Hazırda Çinin Avropaya çıxışını təmin etmək üçün bir neçə nəqliyyat dəhlizinin açılacağı planlaşdırılır ki, bu, ABŞ-ı çox narahat edir. Ona görə Avropa qarşısında bu cür ciddi tələb qoyulub. Avropanın Çin, Rusiya və İranla bağlı siyasətdə tutduğu mövqe ABŞ-ı qane etmir və ABŞ burada tək qalır, gücü parçalanır. Tramp da deyirdi ki, biz NATO-ya ən çox maliyyə ayıran dövlətik. NATO da Avropa Birliyinin təhlükəsizliyi üçündür. O zaman AB-yə xərclədiyimiz bu qədər vəsaitlərin qarşılığında onlar bizim siyasətimizə dəstək verirmi? Əslində o zaman da bu tələb qoyulmuşdu. Brexit bizim düşündüyümüzdən qat-qat ciddi bir məsələ idi.  Hazırda Avropa Birliyindən daha ciddi siyasət ortaya qoymaq tələb olunur və əgər müəyyən yolla AB bunu  həyata keçirsə, bu həmin dövlətlərin İrana, Çinə və Rusiyaya qarşı mövqeyinin daha da sərtləşəcəyi anlamına gəlir”.
Ekspert vurğuladı ki, bu mənada ABŞ Avropa Birliyinin Rusiyadan enerji asılılığının azalması üçün də səylərini əsirgəmir: “Hazırda Avropa Birliyini narahat edən əsas məsələ enerji təhlükəsizliyidir ki, bunu ABŞ da prioritet hesab edir. Avropa Birliyinin enerji məsələsində Rusiyadan asılılığını minimallaşdırıb, burada Qətər, Türkmənistan və Xəzər qazı vasitəsilə onu əvəzləməyə çalışır. Bu gün Rusiyanın “Şimal axını 2” layihəsinə bu səbəbdən sanksiya qoyur və Avropa Birliyinin asılılığını azaltmağa çalışır. Bütün məsələlər Avropa Birliyi ilə ABŞ arasındakı fikir ayrılığından doğur. Xüsusən Merkelin getməsi ərəfəsində bu çox ciddi təzyiqdir. Bundan sonrakı dövrdə Avropa Birliyinin siyasətində hansı dəyişikliklər edəcəyi bizim regionu, Rusiyanı, İranı maraqlandıran məsələdir”.
Tarix: 5-05-2021, 22:56
Xəbəri paylaş





Xəbər lenti