Xalqa “Formula-1” işgəncəsi: iqtidar cəhənnəm yaşadır

 



“taun vaxtı qonaqlıq”


Alber Kamyunun “Taun” romanı epidemiyanın Oran şəhərinin sakinlərini necə bir vəziyyətə saldığına dair güclü əsərdir. Müəllifin kitabda ən sərrast atış nöqtələrindən biri xəstəliyin kütləvi yayıldığı, ölümlərin artdığı, insanların getdikcə ümidini itirdiyi bir vaxtda şəhərdə həm də əyləncə, konsert olmasını göstərməsidir. Bu mənzərəni yazıçı “taun vaxtı qonaqlıq” adlandırmaqla dəhşətli təzadı oxucuya çatdırır.
Anaxeber.info-nun qənaətinə görə, Kamyu sağ və Bakıda olsaydı, mayı 25-də şəhərdəki o cəhənnəm əzabına “taun vaxtı qonaqlıq”dan daha təsirli epitet tapa bilərdi. Pandemiyanın davam etdiyi, qabaqcıl ölkələrin hələ də qadağaları tam ləğv etmədiyi, Azərbaycanda yoluxmanın minimuma enmədiyi, ölümlərin azalmadığı, insanlara 1 ildən yuxarıdır zülm verildiyi, absurd məhdudiyyətlər qoyulduğu zamanda “Formula-1” yarışlarına növbəti dəfə hazırlıq, şəhərin mərkəzi küçə və prospektlərini bağlamaq , yollarda tıxac fəlakəti yaşatmaq hakimiyyətin xalqa etdiyi ən böyük pislikdir. 
Müharibədəki qələbədən qazandığı dividenti, reytinqi xərcləməkdə davam edən hökumət, bu cür şənliklərlə, əttökən, insanları maraqlandırmayan, onlara əzab və işgəncədən başqa heç nə verməyən, mənasız yarışlarla 27 sentyabrdan əvvəlki imicini qaytarmaqdadır. Bu təxribatı kim edir, yoxsa iqtidar özü-özünü harakiri edir, bəlli deyil.
Axı bir yarış ki vətəndaşların rahatlığını pozur, onları sevindirmir, əyləndirmirsə, bu inan nədir, nə üçün hər il Bakıda “Formula-1” təşkil olunur? Üstəlik, beynəlxalq praktikada bu cür yarışlar mərkəzi olmayan şəhərlərdə təşkil edilir, daha paytaxtın tən ortasında yolları millətin üzünə qapadıb ralli keçirmirlər. 
Digər tərəfdən, ölkənin beynəlxalq aləmdə imicinə xalq qazandırmaq üçün nəzrədə tutulan bu yarışlar elə bir ərazidə keçirilməlidir ki, insanlar narazılıq etməsin, kimsə inciməsin.
Vətəndaşın söyüşünü, nifrətini qazanmaq naminə, yolları 1 həftə bağlayıb onsuz da hər gün tıxacların cəngində olan Bakıda nəqliyyatı xaosa çevirmək hesabına avtoyarışlar keçirilirsə, bu, heç kəsə lazım deyil. Mayın 25-də heç bir xəbərdarlıq edilmədən, aidiyyatı qurumlarla - DYP və BNA ilə məsləhətləşmədən “Azneft” dairəsində “butulka effekti” yaratmaq, şəhərin nəqliyyat sistemini altını üstünə çevirmək tam bir tərbiyəsizlik idi. Bunu edən şirkət əhalini saymadan, dövlət orqanlarını vecinə almadan özünü şəhərin ağası kimi apardı və xalqın qəzəbini, etirazlarını hakimiyyətin üzərinə yönəltdi. Bu, provokasiya idi.
Başqa bir tərəfdən - hakimiyyət bu məsələyə son qoymalı, hər il təkrarlanan “Formula-1“ cəhənnəminin təşkilinə alternativlər tapmalıdır. Ən azı bu yarışları mərkəzdən aralıda keçirmək olar.
Üstəgəl, Kamyunun təbirincə desək, “koronavirus vaxtı qonaqlıq” nə dərəcədə məntiqli qərardır? Dünənə kimi küçədə maska taxmağı məcburi edən, kafedə isə maskasız oturmağa icazə verməklə absurd addımlar atan, həftəsonu metro-avtobusu bağlayıb, şənbə-bazar virus üstümüzə gəlir adı ilə başıpozuq qərarlar verən Operativsiz Qərargah indi kütləvi idman yarışına dair tükünü tərpətmir. Kim zəmanət verir ki, bu yarışa görə yoluxmalar artmayacaq? 
Hakimiyyət uğursuz şoular, yarışlarla ilk növbədə öz reputasiyasına zərbə endirir. Çünki əhalidən son 25 ildə ilk dəfə etimad və Qarabağ zəfəri ilə xalqın rəğbətini qazanıb. 
İndi xalqın əsəblərini tarıma çəkən, yollarda işgəncə ilə onlara zülm yaşadan hökumət xallarını necə xərclədiyini hesablamır. 
Halbuki BŞİH, Gənclər və İdman Nazirliyi, bu yarışları təşkil edən təşkilat birgə məsləhətləşərək Zığ yolunda, yaxud Qəbələdə “Formula-1” keçirə bilərdi. Axı şəhərin mərkəzini bağlamaq, paytaxtın ritmini pozmaq, cəmi bir cənub, bir də şimal çıxışı olan, alternativsiz, hər yeri göydələn, obyektdən ibarət, basabas, sıx bir Bakını bu günə qoymaq, məhz mərkəzi prospektdə yarış keçirməklə nə əldə etmək olur?
Bu insanlar bir həftə işdən evə, evdən işə necə getsin, bunun təcili yardımı, xəstəsi, işinə tələsəni var. Dünyanın heç bir ölkəsində bu cür analoqsuz, millətin qəzəbinə tuş gələn idman yarışları keçirilməyib...
Anaxeber.info
Turan
Tarix: 27-05-2021, 15:16
Xəbəri paylaş





Xəbər lenti