Tənha Ermənistan yol ayrıcında: Ya türklərlə anlaşırsan, ya da Rusiyaya yem olursan...



 

“Heç bir ölkə Rusiyanın Ermənistana etdiyi köməyin yüzdə birini etməyib”

 
Ermənistana dost olan ölkə varmı? Var, Rusiya. Bu sırada başqa ölkə yoxdurmu? Var, bapbalaca Lüksemburqdan nəhəng ABŞ-a qədər-bütün Qərb ölkələrini bu siyahıya daxil etmək olar. Ermənistanın müdafiəsi üçün ən çox bəyanat verən Fransanı isə xüsusi qeyd etmək lazımdır. İslam dünyasından Ermənistana dəstək verən ölkə də bəllidir: İran. Bu məsələyə daha ətraflı toxunacağıq. Ermənistanın bu qədər dostu var, ancaq o, həm də tənha ölkədir. Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sərkisyan (2008–2018) 2015-ci ilin mayında bu məsələ ilə bağlı tarixi bir açıqlama verib. Deyib ki, SSRİ 1991-ci dağılandan bəri (yəni 24 il ərzində) Rusiyanın Ermənistana verdiyi dəstəyin bir faizini belə hansısa başqa bir ölkədən almamışıq. Yəni, sözdə Ermənistana dəstək olub, ancaq əməldə bu görünmür. Hazırda da vəziyyət belədir.
44 günlük II Qarabağ müharibəsindən sonra Ermənistanda Rusiyaya münasibət mənfiyə doğru kəskin şəkildə dəyişib. Ermənilər hesab edirlər ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyənin təzyiqindən qorumaq üçün gərəkən addımlar atmayıb. Nikol Paşinyan açıq şəkildə Rusiyanı şantaj edir.

Rusiyaya son dərəcə bağlı olan Serj Sərkisyan da Rusiyadan narazı idi. Məsələn, (2016) Aprel döyüşlərindən bir il əvvəl onun belə bir bəyanatı olmuşdu: “Təmas xəttində dayanan erməni əsgəri bilir ki, Azərbaycan Ordusu onları Rusiyanın silahı ilə öldürməyə cəhd göstərir”. Yəni, Ermənistan 2015-ci ildə də Rusiyanın Azərbaycana silah satmasına belə etiraz edirdi. Xatırladım ki, o vaxt Azərbaycanın aldığı silahın 85 faizi Rusiyanın payına düşürdü. Şübhəsiz ki, Rusiya bu alış-verişdən son dərəcə məmnun idi. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan Rusiyadan pulla aldığı silahı rəsmi Moskva Ermənistana havayı verirdi. Ancaq bu da Ermənistanı qane etmirdi. Ermənistan görürdü ki, Azərbaycan silah gücünə itirdiyi əraziləri geri qaytarmaqda qərarlıdır. Bu amil erməniləri narahat edirdi.
Silah məsələsi sadəcə ticarət deyil. Bəllidir ki, İsrail və Türkiyə istehsal etdikləri ən müasir silahları ilk olaraq Azərbaycana satırlar. Bu, həm də siyasi qərardır. Ermənistan təkcə Rusiyaya qarşı deyil, həm də Azərbaycanı ən müasir silahlarla təmin edən İsrail və Türkiyəni hədəfə alıb. Məsələn, İsraildən Ermənistan səfiri geri çağırıldı. Türkiyənin dron istehsalı üçün Kanada və ABŞ-dan aldığı hissələrin satışının durdurulması üçün dünya miqyasında təbliğat apardı və istəyinə nail oldu. Ancaq Türkiyə daxili imkanları hesabına Kanada və ABŞ-dan aldığı hissələri özü istehsal etməyə başladı. 
Siyasi analitiklər soruşurlar ki, nədən Rusiya, konkret olaraq Vladimir Putin 44 günlük savaş ərzində Ermənistana ciddi dəstək vermədi. Bəllidir ki, Rusiya Suriyada Bəşər Əsəd rejimini qorumaq üçün illərdir ki, müharibə aparır. Vladimir Putin az qala bütün dünyanın arxa çevirdiyi Venesuela lideri Nikolas Maduronu iqtidarda saxlayır. 2019-cu ilin yanvarında Venesuela siyasi böhran yaşadı. ABŞ və Avropa Birliyinin bütün cəhdlərinə baxmayaraq Venesuela Milli Asambleyasının Spikeri Xuan Quaydo Nikolas Maduronu iqtidardan uzaqlaşdıra bilmədi. Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu da məhz Moskva qoruyur. 

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Bu status Rusiyanın Ermənistan-Azərbaycan müharibəsinə müdaxilə etməsinə ciddi imkan yaradırdı. Ancaq Rusiya bu imkandan nümayişkaranə şəkildə imtina etdi. Bəzi analitiklər iddia edir ki, Vladimir Putin Nikolas Maduronu və Aleksandr Lukaşenkonu məhz avtoritar rejimin nümayəndəsi olduğuna görə müdafiə edir. Məxməri inqilab yolu ilə iqtidara gələn və  “Sorosun uşağı” kimi tanınan Nikol Paşinyanı isə yad element sayır. Yeri gəlmişkən, 2003-cü ildə Gürcüstanda başlamış  qızılgül inqilabı nəticəsində ölkə prezidenti seçilən Mixail Saakaşviliyə də qarşı rəsmi Moskva aqressiv mövqe sərgiləmişdi. Hazırda isə Rusiya iyunun 20-də Ermənistanda keçiriləcək erkən parlament seçkisində Nikol Paşinyanın iqtidardan getməsi üçün çalışır. Bu məqsədlə Vladimir Putinin dostu kimi təbliğ olunan Robert Köçəryana dəstək verir.
Digər analitiklər isə hesab edir ki, Türkiyənin Cənubi Qafqazda, ümumiyyətlə, dünyada artan gücü Rusiyanı rəsmi Ankara ilə hesablaşmağa vadar edir.
Yuxarıda Ermənistanın dostlarından bəhs etdik. Bəs Azərbaycanın dostları kimdir? İsrail, Türkiyə bu sırada öndə gəlir. Hələ Pakistan da var. Azərbaycanın müttəfiqləri ölkəmiz üçün böyük fədakarlıqlara hazırdır. Hətta Türkiyə Azərbaycana görə müharibə edə biləcəyini açıq şəkildə dəfələrlə bəyan edib. İsrail isə ABŞ və Böyük Britaniyada olan lobbisi hesabına Azərbaycana qarşı olan qüvvələrin ram edilməsində ciddi rol oynayır. Pakistanın da hərbi imkanları kifayət qədər yüksəkdir. O da bəllidir ki, Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımır. Ermənistanın daha hansı ölkələrlə diplomatik əlaqəsi yoxdur? Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Yəmən bu sıraya daxildir.
2012-ci ilin avqustunda Macarıstan bu ölkədə həbsdə yatan Ramil Səfərovu Azərbaycana göndərdi. Xatırladım ki, o, 2004-cü ildə NATO-nun Macarıstanda təşkil etdiyi ingilis dili kursunda birgə təhsil aldığı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirmişdi. Elə 2012-ci ildən Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsib. Ramil Səfərova görə Macarıstanla düşmən olub.
Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın müdafiəsi ilə bağlı son vaxtlar Fransa xüsusi fəallıq göstərir. Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycanın əleyhinə kəskin bəyanatlar səsləndirir. 2019-cu ildə Fransada "sarı jiletlilər"in üsyanı zamanı polis və hərbçilərin əli ilə öz xalqına divan tutan Emmanuel Makronun bu davranışının arxasında duran səbəblər sırasında Fransanın Türkiyə ilə bəlli qarşıdurması yer alır. Fransa və Türkiyə Liviyada gedən vətəndaş müharibəsində fərqli cəbhələrdə dayanıblar. Türkiyə-Yunanıstan qarşıdurmasında da Fransa sonuncu himayə edir.
ABŞ-la da Ermənistanın xüsusi münasibətləri var. Prezident Co Bayden bu il qondarma erməni genosidini rəsmən tanıdı. Azərbaycanın əleyhinə olan bədnam 907-ci düzəlişin həmmüəlliflərindən olan Co Baydenin ermənipərəst siyasətçi olması tarixi faktdır. Ancaq erməni lobbisinin təzyiqinə baxmayaraq ABŞ Ermənistana maddi dəstək vermədi. Yalnız gələn il Ermənistana 25 milyon dollarlıq yardım ediləcək. Ermənilər isə bundan 10 dəfə artığını-250 milyon dollar istəmişdilər. O da bəllidir ki, ABŞ hərbi məqsədlər üçün hər il Azərbaycana 120 milyon dollarlıq yardım göstərir. Bu fakt da erməniləri hövsələdən çıxarır. Bu, tarixən belə olub. Hər kəs, o cümlədən ölkələr də güclünün yanında yer almağa çalışır. Xüsusən II Qarabağ müharibəsindəki şanlı qələbədən sonra Azərbaycana münasibət müsbətə doğru dəyişib. Onu da unutmaq olmaz ki, Avropanı Rusiyanın enerji asılılığından qismən xilas edən ölkə də Azərbaycandır.
Ermənistanın müttəfiqləri sırasında İranın xüsusi yeri var. Xatırladım ki, Ermənistanın 4 dövlətlə sərhədi var: Türkiyə, Azərbaycan, Gürcüstan və İran. Türkiyə və Azərbaycanla Ermənistanın sərhədi qapalıdır. Ermənistan yalnız Gürcüstan və İran üzərindən digər ölkələrlə (quru yolla) əlaqə saxlaya bilir. İranın Ermənistanla isti münasibətdə olması köhnə söhbətdir. Qərb analitikləri də bu barədə tez-tez yazırlar. Bu müttəfiqliyin arxasında dayanan əsas amil türk kimliyinə söykənir. Belə ki, İranda yaşayan Azərbaycan türklərinin sayı Azərbaycan respublikasından 2-3 dəfə çoxdur. Türkiyə və İran arasında tarixən ciddi rəqabət olub. İndi də bu rəqabət davam edir. Məsələn, Suriyada İran Bəşər Əsədi müdafiə edir, Türkiyə isə Bəşər Əsədə müxalif olanlara dəstək verir. Yaxın Şərqdə Türkiyə sünni silahlı qruplara, İran isə şiə militantlara dayaq durur. O da sirr deyil ki, son illərdə İranda yaşayan türklər arasında separatizm meylləri güclənib. 40 milyona yaxın türkün yaşadığı İranda (bütün türk xalqları nəzərdə tutulur) Pan-Türkizm düşüncəsinin sürətlə yayılması molla rejimini narahat edir. Türklərlə düşmən olan Ermənistan bu baxımdan İran üçün önəm daşıyır. Ancaq Ermənistana kömək edən İran rejimi daxildə ciddi müqavimətlə üzləşir. Biz II Qarabağ müharibəsi zamanı dəfələrlə bunun şahidi olduq. Elə bu təzyiqlərin nəticəsidir ki, İran son vaxtlar Azərbaycana münasibətdə daha məqbul siyasət yeridir.

Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olan Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibətləri 2010-cu ildən etibarən pisləşməyə başladı. İş o yerə çatdı ki, diplomatik münasibətinin olmamasına rəğmən Səudiyyə Ərəbistanı Ermənistana qeyri-rəsmi şəkildə ciddi maliyyə dəstəyi verdi. Həmin o vəsaitin hesabına ermənilər ABŞ-da erməni soyqırımının tanınması üçün təbliğat və təşviqat işlərini gücləndirə bildilər. Bu tendensiyanı biz indi Hindistanın davranışında da görə bilərik. Belə ki, Kəşmir məsələsində Pakistana dəstək verən Türkiyə Hindistanın qəzəbinə gəlib. Rəsmi Dehli Ermənistanın müdafiəsi ilə bağlı bəyanatlar verməkdədir.
II Qarabağ müharibəsində biabırçı məğlubiyyətlə üzləşən Ermənistan faktiki olaraq dünyadan təcrid olunmuş vəziyyətdədir. Balaca və iqtisadi baxımdan əhəmiyyətsiz olan Ermənistan dünyanın güc mərkəzləri üçün cəlbedici ölkə deyil. Ermənistan yalnız Rusiya üçün forpost kimi lazımlıdır. Müstəqilliyindən əsər-əlamət qalmayan Ermənistanda Rusiyaya bağlı qüvvələrin iqtidara gəlməsi bu ölkənin faktiki müstəmləkəyə çevrilməsi demək olacaq. Ermənistan yol ayrıcındadır. Ya Türkiyə və Azərbaycanla normal münasibətlər qurmalıdır, ya da Rusiyanın müstəmləkəsinə çevrilməlidir. Başqa seçim yoxdur...
Elbəyi Həsənli, Sürix
https://emerging-europe.com/news/armenias-fruitless-search-for-allies-on-which-it-can-count/
Tarix: 5-06-2021, 22:53
Xəbəri paylaş





Xəbər lenti