Moldovada 27 sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər təşkil edilib


27 sentyabrda ölkəmizin Moldovadakı Səfirliyinin önündə 27 Sentyabr – Anım Gününə 
həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı 
Mariya Panku, siyasi təhlilçi, politoloq Ruslan Şevçenko, Moldovada “Ştefanın 
davamçıları” gənclər hərəkatının sədri Dumitru Roybu, ictimai-siyasi xadimlər, müxtəlif 
icma nümayəndələri, çoxsaylı yerli və xarici gənclər, eləcə də həmvətənlərimiz iştirak 
edib.
İlk öncə, tədbir iştirakçıları Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbirdə çıxış edən deputat M.Panku tədbir iştirakçılarını azərbaycan dilində 
salamlayıb, anım günündə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini 
Moldova xalqının nümayəndəsi olaraq ehtiramla yad edib. Bu münasibətlə, Azərbaycan 
xalqı ilə həmrəy olduğunu bildirən deputat ölkəmizə sülh və firavanlıq arzulayıb. 
M.Panku doğmalarımızın əmin-amanlığının, təhlükəsizliyinin qiymətli olduğunu, bununla 
bağlı  Moldova xalqının müharibəni pislədiyini və sülhün tərəfdarı olduğunu qeyd edib. 
Moldovanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan deputat çıxışının 
sonunda Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Səfir Q.Osmanov çıxışında xalqımız üçün belə mühüm gündə həmrəylik nümayiş 
etdirərək Səfirlikdə toplaşan qonaqlara təşəkkür edib, tədbirdə çoxsaylı yerli, xarici və 
azərbaycanlı gənclərin iştirakı ilə bağlı məmnunluğunu bildirib. Səfir 44 günlük Vətən 
müharibəsi nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi ədaləti 
bərpa etdiyini qeyd edərək, hazırda Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa 
və quruculuq işlərindən söhbət açıb. Azərbaycanın bölgədə sülh və sabitliyin təminatına 
istiqamətlənmiş fəaliyyətindən bəhs edən səfir Ermənistanın son təxribatlarının bu 
prosesə maneə olduğunu vurğulayıb. Sonda Q.Osmanov Azərbaycan Respublikası 
Xarici İşlər Nazirliyinin 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı 
bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə siyasi təhlilçi R.Şevçenko çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 ilə 
yaxın davam edən təcavüzü ilə bağlı tarixi həqiqətlərdən danışıb, bu müddət ərzində 
Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa əsaslanan həllinə 
çalışdığını, buna baxmayaraq müxtəlif illərdə erməni təxribatları nəticəsində çoxsaylı 
hərbçi və mülki şəxslərin dünyasını dəyişdiyini, bununla da Azərbaycan xalqının 
səbrinin tükəndiyini qeyd edib. R.Şevçenko bildirib ki, Ermənistan hakimiyyətinin qeyri-
konstruktiv fəaliyyəti münaqişənin sülh yolu ilə həll edilməsinə davamlı maneə yaradıb 
və bu proses iki il öncə Azərbaycanın qələbəsi ilə bitən 44 günlük müharibə ilə 
nəticələnib. Sonda politoloq vurğulayıb ki, Azərbaycan rəhbərliyinin ərazi bütövlüyünün 
və suverenliyinin təmin edilməsi istiqamətində düşünülmüş və uzaqgörən fəaliyyəti 
Moldova, eləcə də digər oxşar problemlərlə üzləşmiş ölkələrə nümunə olmalıdır.
Eyni zamanda, tədbirdə çıxış edən gənclər hərəkatının sədri D.Roybu ölkəmizə bir neçə 
il öncə baş tutmuş səfərindən bəhs edərək Azərbaycan xalqının Qarabağa verdiyi 
yüksək dəyərdən bəhs edib. O, ötən il yenidən Azərbaycana səfər edərək ermənilər 
tərəfindən Gəncəyə edilən raket hücumunun acınacaqlı nəticələrinin şahidi olduğunu, 
tamamilə dağıdılmış Ağdamda qarşılaşdığı mənzərədən təəssüfləndiyini bildirib.
Tədbirdə Moldovadakı Azərbaycanlılar Konqresinin nümayəndəsi Maarif Rəhimov çıxış 
edərək, bu mühüm tarixi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların 
unutmamalı olduğunu və Azərbaycanın qüdrəti, ordumuzun qəhrəmanlığı barədə 
gənclərin, xüsusilə gələcək nəsillərin mütəmadi məlumatlandırılmasının vacibliyini dilə 
gətirib.
Bundan əlavə, silsilə tədbirlərin davamı olaraq, 27 sentyabr tarixində Moldovanın 
nüfuzlu xəbər portalı “Noi” xəbər agentliyinin redaksiyasında yerli və azərbaycanlı 
gənclərin iştirakı ilə Anım Gününə həsr edilmiş konfrans keçirilib. Konfransda tələbə və 
gənclər çıxış edərək 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi 
aspektləri, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə aparılan 
irimiqyaslı tikinti-bərpa işləri, sülh quruculuğunda Azərbaycanın davamlı səyləri və digər 
mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfirliyin önündə təşkil edilmiş tədbir, habelə “Noi”də keçirilmiş gənclərin konfransı 
çərçivəsində 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr edilmiş 
foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Sərgi izləyicilərinə foto-şəkillərə dair izahlı 
məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
27 sentyabr – Anım Günü münasibətilə paytaxt Kişineuda təşkil edilmiş silsilə tədbirlər 
Moldova KİV-də rumın və rus dillərində işıqlandırılıb.
SIAM.AZ
Tarix: 28-09-2022, 08:19
Xəbəri paylaş





Xəbər lenti