Volodin Bakıya niyə gəlmişdi?


ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Rusiya Dövlət Dumasının mətbuat xidmətinin spiker Volodinin Azərbaycan rəsmi səfərinin bəzi detallarını açıqlayıb. Məlumatdan bəlli olub ki, əsas müzakirə mövzusu Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında müqaviləni icra vəziyyəti olub. O Xəzəryanı ölkələrin parlament konfransının keçirilməsindən tutmiş Azərbaycanda Rusiyanın təhsil standartlarına uyğun məktəblərin yaradılması, Rusiya ali məktəblərinin filiallarının açılması, Dövlət Dumasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsi bağlı müzakirələr aparıb.
Baxın, görün, bu müzakirələr kimə xidmət edir? İlk növbədə Rus dövlətinin şovinist mənafeyinə, eləcə də Əliyevlər ailəsinin şəxsi maraqlarına xidmət edən belə əməkdaşlıqdan Azərbaycan dövləti nə qazana bilər?
Bəziləri iddia edir ki, Rusiya ilə əməkdaşlıq bizim Qarabağda mövqeyimizi möhkəmləndirir. Bununla da razılşamaq mümkün deyildir. Hətta Azərbaycan tarixində müasir dövrün ən böyük xəyanət aktı olan 10 noyabr 2020-ci il bəyannaməsində bizim marağımız da olan məsələləri belə Rusiya onun imzalanmasından 2 ilə qədər vaxt keçməsinə baxmayaraq icra etmir. Baxın:
1) Bəyannamənin 4-cü maddəsində yazılıb ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.” Rus qoşunları Qarabağda yerləşib, bəs erməni silahlı qüvvələri çıxıbmı?
2) Bəyannamənin 7-ci maddəsində yazlıb ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.” İndiyədək 1 nəfər də olsun məcburi köçkün və qaçqın Dağlıq Qarabağın ərazisinə qaytarılıbmı?
3) Bəyannamənin 9-cu maddəsində yazılıb ki, “… Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.” Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşa edilib, istifadəyə verilib, amma Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin layihəsi belə yoxdur.
Yəni, belə olan halda biz təcavüzkar və işğalçı Putin Rusiyasını nəyə görə sevməliyik? Hesab edirəm ki, bu sual Azərbaycan sevdalısı olan hər kəsi düşündürməli, həm Rusiya, həm də Qərbə münasibətdə önə Azərbaycanın maraqlarını çəkməliyik.
Tarix: 28-09-2022, 14:01
Xəbəri paylaş





Xəbər lenti