İsmayılı kim “qurban” etdi: İsrail, yoxsa İran?



HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. HƏMAS Haniyənin öldürüldüyünü təsdiqləyib.
İ.Haniyənin indiki məqamda ölümü olduqca sirli və ciddi hadisədir. HƏMAS liderinin ölümü ilə bağlı əsas şübhələr İsrail üzərində cəmlənir. Daha dəqiq desək, ağlagələn ilk versiya hadisənin Mossad tərəfindən təşkil edilməsidir. Bu iddianı gücləndirən əsas fakt isə İsrail Baş naziri Benyamin Netanyahunun 13 iyul 2024-cü ildə bütün HƏMAS rəhbərliyini hədələməsidir.
İsrailin İsmayıl Haniyəni öldürmək istəməsi bir həqiqətdir. Təl-Əvivin bunu etmək üçün kifayət qədər səbəbi də vardı. Lakin indiki məqamda Təl-Əvivin HƏMAS liderini öldürməmək üçün də səbəbləri var.
Birincisi, HƏMAS kifayət qədər qəliz bir təşkilatdır və bu təşkilatın bir çox aparıcı şəxslərinin adı məlum deyil. Hətta İsmayıl Haniyənin belə üzdə görünən lider olduğu deyilirdi. Lakin əsas məsələ odur ki, İsrail Haniyənin kim olduğunu, harada yaşadığını onsuz da bilirdi. Bilinən bir şəxslə mübarizə aparmaq, ona zərər vurmaq, onu təhdid etmək daha asandır, nəinki tanımadığı yeni bir şəxslə mübarizə aparmaq…
İkincisi, İsrail Qəzzada apardığı əməliyyatlar nəticəsində HƏMAS-a ciddi zərər vurub. HƏMAS hazırda hərbi baxımdan heç olmadığı qədər zəifləyib. Yəni İsmayıl Haniyə ilə danışıqlara başlamaq üçün real şərait var ikən İsrailin onu öldürməsi məntiqli addım deyil.
Üçüncüsü, İsrail Hizbullah ilə müharibəyə hazırlaşır. Bu istiqamətdə Livana müdaxilə planları qurulur. İsrailin belə bir zamanda İsmayıl Haniyəni öldürüb HƏMAS-ı kimin idarə etdiyini bilmədən Hizbullah ilə müharibəyə başlaması da məntiqli addım deyil.
Haniyənin ölümü ilə bağlı diqqətçəkən bir detal onun 14 iyulda İran Prezidenti Məsud Pezeşkianla danışmasıdır. Haniyə telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun son bəyanatlarında Qəzza zolağında atəşkəs üçün yeni şərtlər irəli sürdüyünü bildirib. Digər bir detal isə Pekində HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi imzalanmasıdır.
HƏMAS-ın indiki məqamda İsrail ilə atəşkəsə getməsi mümkündür. Çünki belə bir atəşkəs hər iki tərəfə lazımdır. HƏMAS-ın gücünü toparlamaq, İsrailin isə Livanda Hizbullaha qarşı əməliyyatlara başlamaq üçün belə bir atəşkəsə ehtiyacı var. Lakin İsrailin Hizbullahla müharibəyə hazırlaşdığı bir zamanda İran belə bir sazişə isti baxmayacaqdı. Yəni mümkündür ki, Haniyə ilə Pezeşkian arasında baş verən telefon danışığı zamanı bu məsələ müzakirə edilib və Tehran tərəfi qəti şəkildə qəbul etməyib. HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi də Tehranın maraqlarına cavab vermir.
Bütün bunları nəzərə aldıqda demək olar ki, HƏMAS lideri İsmayıl Haniyəni elə İranın özü sıradan çıxara bilər. Bunu həm də o baxımdan demək olar ki, o, İranın paytaxtı Tehran şəhərində raket zərbəsi ilə öldürülüb.
İsrailin İranda kifayət qədər casusu ya da üstün texnologiyası ola bilər. Lakin İran prezidentinin andiçmə mərasimi və ölkəyə gələn xarici ölkə rəsmilərinin olduğu bir zamanda təhlükəsizlik tədbirlərinin bu qədər zəif olması inandırıcı deyil. Belə dəqiqlikdə bir hücumu ancaq və ancaq İranın özündən edilə bilər.
Digər maraqlı bir detal isə Haniyənin qətlindən bir neçə saat öncə Hizbullahın önəmli hərbi komandanlarından olan Fuad Şükrü də Livanın paytaxtı Beyrutda öldürülmüşdü. Bu hadisəni İsrail edib doğrudur lakin İranda Haniyəni öldürərək bundan ustaca istifadə etmiş ola bilər. Çünki HƏMAS Hizbullahla ortaq hərəkət etmirdi. Necə ki, İsrail Qəzzada əməliyatlara başlayanda Hizbullah şimaldan müdaxilə etmədi, İsrail Hizbullaha hücum edərkəndə HƏMAS buna səssiz qalacaq. İran bu iki proksisini ortaq hərəkət etdirmək üçün həmdə belə bir addım atmış ola bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 31-07-2024, 14:10
Xəbəri paylaş





Xəbər lenti