O-Brayen nə dediyinin fərqindədir? - HƏQİQƏTƏN DƏ...

O-Brayen nə dediyinin fərqindədir?
Elçin Alıoğlu - TREND

ABŞ rəsmiləri yenə Cənubi Qafqaz, xüsusilə də Azərbaycan-Ermənistan problematikası ilə qəribə bəyanatlar verirlər.

Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə toxunub.

Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən diplomat qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün əsas marşrutlar mahiyyətcə Rusiya və ya Çindən keçir.

“Əgər biz Azərbaycan və Ermənistandan keçən marşrutun açılmasını təmin edə bilsək, o zaman onlar (Mərkəzi Asiya ölkələri - red.) dünya bazarlarına (alternativ – red.) çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılılıq əldə edəcəklər”.

O əlavə edib ki, bütün bunlar Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara öz yollarını seçmək imkanı vermək səylərinin bir hissəsidir.

Devid O-Brayenin açıqlamasının mahiyyətinə görə, söhbət, təbii ki, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasından gedir.

Rəsmi Vaşinqton həmişəki kimi, sözlə əməl arasında kəskin fərqi qoruyub saxlayır. Birləşmiş Ştatlar - O-Brayenin dediyi kimi - bölgə dövlətlərinin "Rusiya və Çindən asılılığı azaltmaq" niyyətindədirsə, onda Ermənistanın hakimiyyət dairələrinə müvafiq təsir edərək Zəngəzur dəhlizi layihəsinin mümkün qədər tez işə salınması üçün maksimum səy göstərməlidir.

Layihənin əsas antoqonisti, daha doğrusu, düşməni və onun reallaşmasının qarşıını alan əsas qüvvə Ermənistandır. İrəvanı bu istiqamətdə İranın da dəstəklədiyini - söz yox, Tehranın öz merkantil maraqları və onlar bəllidir - nəzərə alsaq, Birləşmiş Ştatların zahirən apatik davranması çoxsaylı suallar doğurmaya bilməz.

Ceyms O-Brayen bu barədə danışmaq istəməyib, Vaşinqtonu bölgədə əsas "sülhyaradıcı və tərəqqipərvər güc" kimi göstərmək istəyib.

Halbuki onun reallaşdırmağa çalışdığı, Cənubi Qafqaz ölkələrinə təlqin etdiyi loqistika marşrutu, yəni Rusiya və Çindən yan keçən nəqliyyat marşrutu artıq var.

O, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizdir. Sözügedən layihə Transxəzər bərə daşımalarını da, Bakı-Tbilisi-Qars dəmiryol marşrutunu da ehtiva edir.

O-Brayen bu barədə də susdu və sükutun vəsilələri sirr deyil.

Əsas səbəb Vaşinqtonun indi bütün vasitələrdən, imkanlardan və rıçaqlardan istifadə edərək bölgədəki transmilli və transregional marşrutlara Ermənistanı mütləq daxil etmək istəyidir. Məqsəd - ermənilərin xam xəyallarına rəğmən - Ermənistanın rifahının, inkişafının və tərəqqisinin Vaşinqtonda qayğı predmeti olması deyil.

Məqsəd Ermənistanı sözügedən marşrut layihələrinə daxil etməklə İrəvandan o marşrutların Cənubi Qafqaz məkanındakı hissələrinə nəzarət mexanizmlərinə, Gürcüstan və Azərbaycana təsir, "zərurət yarananda" təzyiq elementlərinə yiyələnməkdir.

Digər məqam Vaşinqtonun Tbilisiyə pressinq siyasətini tətbiq etməyə başlamasıdır.

Belə ki, Ceyms O-Brayen Senatdakı dinləmələrdə deyib: "Vaşinqton administrasiyası Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir və ABŞ hakimiyyəti Tbilisinin yaxın aylarda kursunu dəyişəcəyinə ümid edir".

Onun sözlərinə görə, Gürcüstanın hakimiyyət dairələrinə cəza sanksiyalarının tətbiqi belə, istisna deyil.

"Biz bu sahədə mövcud imkanlarımızı fəal şəkildə nəzərdən keçiririk. Heç nə elan etməyəcəyəm, amma biz bunu araşdırırıq. Söhbət təkcə korrupsiyadan faydalananlardan deyil, həm də Qlobal Maqnitski İnsan Haqları Aktı ilə insan hüquqlarının pozulmasında iştirak edənlərdən gedir. Bir il əvvəl gördük ki, yanlış yol seçilib, sonra hakim partiya öz kursunu dəyişib, çox böyük uğurlar əldə edib. Ümid edirəm ki, bu, növbəti aylarda təkrarlana bilər”, - diplomat bildirib.

Bu arada ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb.

ABŞ Dövlət katibi Antoni Blinken deyib: "Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır”.

ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını bu ölkənin QHT-ləri və mediasına ayıracaq.

ABŞ-nin Gürcüstana olan münasibətinin kəskin dəyişməsinə səbəb Tbilisidəki hakimiyyətinq "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməsi olub.

ABŞ-də hələ 86 il əvvəl qəbul edilmiş qanunun analogiyası, hətta həmin qanundan dəfələrlə "mülayim" olan sözügedən qanun Gürcüstanda fəaliyyət göstərən və xaricdən maliyyələşən çoxsaylı qeyri-hökumət təşkilatlarının maliyyə fəaliyyətinin normal hala gətirilməsi məqsədini güdür. Belə ki, xaricdən maliyyələşən QHT illik maliyyə hesabatı hazırlamalıdır və bu sənəd publik olacaq, hər kəs onunla tanış ola biləcək. Qanunun tələbini icra etməyən QHT-ni 25 min lari, yəni təqribən 9400 dollar məbləğində cərimlənəcək.

Amma Birləşmiş Ştatların Gürcüstanla bağlı tələbi sadəcə, "Xarici təsirin şəffaflığı haqqında" qanunun icrasının, yəni xaricdən və əsasən ABŞ-dan maliyyəşən QHT-lərlə ictimai təşkilatların ölkənin daxili siyasətinə ciddi təsiri, hakimiyyətə təzyiq vasitəsi rolunu oynamağının qarşısının alınmasına yönəlmiş tədbirlərin dayandırılması deyil.

Vaşinqton Tbilisidən Qara dənizdə Çinlə birgə liman tikintisinin dayandırılmasını tələb edib.

Senatda çıxış edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen deyib: "Gürcüstan hökumətinə aydın olmalıdır ki, geriyə bir yol var: Çinin Anakliyada dərin su limanı tikməsinə mane olmaq. O addımlar bu gün Gürcüstan üçün həqiqətən, vacibdir".

Halbuki bu məsələdə də Vaşinqtonun Tbilisi ilə bağlı tutduğu mövqe ədalətsizdir. çünki ABŞ-nin “Conti International” MMC bu limanın tikintisi üçün 400 milyon dollar cəlb etmək öhdəliyini yerinə yetirə bilmədiyinə görə Gürcüstanın hakimiyyət dairələri onun üzvü olduğu konsorsiumla müqaviləni ləğv edib.

Ermənistana gəldikdə isə, situasiya fərqlidir.

O-Brayenin dediyinə görə, ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən uzaqlaşması üçün şərait yaratmağa çalışır”.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərdən uzaqlaşmaq üçün atdığı cəsarətli addımları alqışlayıb: "Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi Rusiyadan uzaqlaşmaq istəyir. Beləliklə, biz bunun baş verməsi üçün şərait yaradırıq”.

İstənilən halda "maraqlı" etirafdır.

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın bəndlərindən biri məhz Zəngəzur dəhlizi ilə bağlı idi. Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək dəhlizin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin etməlidir.

Azərbaycanla yanaşı, Rusiya da bu layihənin mümkün qədər tez reallaşdırılmasını istəyir. Eyni zamanda, Çin də Zəngəzur layihəsinin ən qısa müddətdə gerçəkləşməsində maraqlı olduğunu dəfələrlə bəyan edib.

İndi paradoksal situasiya yaranır: Ceyms O-Brayenin sözlərinə görə, sən demə, Zəngəzur layihəsi Rusiya və Çinə qarşıdır.

Əslində, təəccüblü heç nə yoxdur.

Rəsmi Vaşinqton bilərəkdən, qəsdən Azərbaycanın Rusiya və Çinlə münasibətlərində sərinlik yaratmağa, Bakının guya Moskva və Pekinin transregional loqistika marşrutları ilə bağlı maraqlarını heçə saymağa çalışdığı görüntüsünü yaratmağa çalışır.

Senatda dinləmələrdə hər şey tərsinə qələmə verildi və elə bir orta yaradıldı ki, sanki Cənubi Qafqaz Bakı, Moskva və Pekin arasında yeni qarşıdurma məkanına çevrilməkdədir.

Belə iddiaların tragikomizminin hansı səviyyədə olduğunu şərh etmək belə, absurddur.

Amma görünür, bölgəmizdə süni gərginlik yaratmaq, Ermənistandan katalizator kimi istifadə etmək, Bakı və Tbilisiyə təzyiq göstərməyə çalışmaq yeni narrativə çevrilməkdədir.
Tarix: 1-08-2024, 14:34
Xəbəri paylaş





Xəbər lenti