"Qoca qitə"nin təhlükəsizlik sistemi tamamilə ABŞ-ın bahalı hərbi-siyasi dəstəyinə və NATO-nun mövcudluğuna bağlıdır... Donald Tramp "kəmərləri sıxarsa", Avropanın təhlükəsizliyi ciddi təhdid altında qalar, yüzmilyardlarla əlavə xərc qaçılmaz olar...Dünyanın diqqəti indi böyük ölçüdə ABŞ-da yaşanan daxili siyasi-ictimai proseslərə yönəlib. Beynəlxalq siyasi iradə mərkəzləri yaxın perspektivdə dünyada cərəyan edən proseslərin hansı istiqamətlərə yönələ biləcəyini təxmin etməyə çalışırlar. Ona görə də, ABŞ-da cərəyan edən daxili siyasi-ictimai proseslərin xüsusi həssaslıqla müşahidə olunması əslində, qətiyyən təəccüblü deyil. Və dünyanın gələcək taleyi ilə bağlı bəzi önəmli suallara hələlik yalnız bu yolla təxmini cavablar tapmaq mümkün ola bilər.
Məsələ ondadır ki, beynəlxalq hərbi-siyasi proseslərin inkişaf istiqamətləri uzun onilliklərdən bəri məhz ABŞ-ın tutduğu mövqe ilə müəyyən edilir. Yəni, Ağ Evin xarici siyasət kursu böyük ölçüdə həm də dünyanın həmin dövür üçün taleyini də təyin edir. Halbuki, "yaşıl planet"in taleyinin müəyyən edilməsinin daha çox bir dövlətdən asılı olması da bəşəriyyətə qarşı kifayət qədər ciddi təhdid qaynağıdır. Və nə qədər xoşagəlməz reallıq olsa da, hələlik bu situasiyanı dəyişmək mümkün deyil.
Ona görə də, indi beynəlxalq siyasi iradə mərkəzləri istəsələr də, istəməsələr də ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri ətrafında cərəyan edən prosesləri müşahidə etməyə məcburdurlar. ABŞ-ın daxili siyasət məkanda isə hər çox sürətlə dəyişir. Hər halda, cəmisi bir neçə həftə əvvəl Ağ Evin keçmiş sahibi Donald Tramp növbəti prezident seçkilərinin favoriti hesab olunurdu. Çünki hakimiyyətdə olan demokratların namizədi olan prezident Co Bayden respublikaçı rəqibinə - Donald Trampa bir çox istiqamətlər üzrə uduzurdu. Və bu, respublikaçılarda növbəti seçki qələbəsinə əminliyi ön plana çıxartmışdı.
Ancaq bundan narahat olan demokratlar hazırda situasiyanı öz xeyirlərinə dəyişmək üçün müəyyən manevrlərə cəhd göstərirlər. Əvvəlcə prezident Co Bayden seçkilərdə iştirakdan imtina etdi. Bəzi məlumatlara görə, növbəti dəfə prezident seçiləcəyinə əmin olan qoca Co partiyadaşları tərəfindən geri çəkilməyə məcbur edilib. Hətta prezident Co Baydenin namizədlikdən çəkilməyəcəyi təqdirdə, bu problemi həll etmək üçün onu partiyadan qovmaq məcburiyyəti yaranacağı ilə təhdid olduğu da iddia olunur. Və nəticədə qoca Co vitse-prezident Kamala Harrisin xeyrinə seçkilərdə iştirak etməmək qərarı verməli olub.
Maraqlıdır ki, Donald Trampın seçki qərargahı məhz bu məsələni Kamala Harrisə qarşı əks təbliğat mövzusuns çevirib. Belə ki, trampçılar Kamala Harrisin prezident Co Baydenə qarşı hakimiyyət çevrilişi xarakteri daşıyan məkrli siyasi əməliyyat reallaşdırdığını vurğulayırlar. Onların iddialarına görə, vitse-prezident Kamala Harris prezident olmaq şansını dəyərləndirmək məqsədilə Ağ Ev sahibini ağır təzyiqlərə məruz qoyub. Və indi bütün siyasi-inzibati resursları öz əlində cəmləşdirən Kamala Harris ABŞ-ın ilk qadın prezidenti olmaq üçün bütün vasitələrdən istifadə etməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Donald Tramp və respublikaçılar vitse-prezident Kamala Harrisin namizədliyindən qətiyyən məmnun deyil. Hər halda, Kamala Harrisin prezident Co Baydendən daha şanslı olması Donald Trampın seçki düşərgəsində ciddi narahatlıq yaratmağa başlayıb. Üstəlik, vitse-prezident ictimai rəy sorğularında böyük sürətlə Donald Trampın reytinqinə yaxınlaşır. Və bu baxımdan, yaxın vaxtlarda keçiriləcək Tramp-Harris teledebatı bəzi suallara təxmini cavablar tapılmasına da imkan verə bilər.
Onu da qeyd etmək lazımdır ki, hazırda yalnız ABŞ cəmiyyəti deyil, Avropa Birliyi də analoji suallara cavabların tapılmasında birbaşa maraqlıdır. Çünki Avropa Birliyi ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlmə variantına narahatlıqla yanaşır və bunu "qoca qitə" üçün real təhlükə hesab edir. Hətta Kamala Harrisin prezidentliyə namizədliyi situasiyanı nisbətən Donald Trampın əleyhinə yönəltsə də, Avropa Birliyində narahatlıq əvvəlki məzmun və keyfiyyətini qoruyub, saxlayır. Və Avropa Birliyinə bağlı önəmli qurumların fəaliyyətində müşahidə olunan bəzi dəyişikliklər də bunu təsdiqləyir.
Maraqlıdır ki, Avropa Komissiyası da daxil olmaqla, Avropa Birliyinin bəzi önəmli strukturları ABŞ-da keçiriləcək prezident seçkilərinin mümkün nəticələrini elə indidən nəzərə alaraq, müəyyən priventiv addımlar atmağa başlayıblar. Hazırda əsas istiqamət olaraq, Donald Trampın prezident seçilmə ehtimalı ön planda tutulur. Yəni, Avropa Birliyi Donald Trampın təkrarən Ağ Evə gəlişinə hazırlaşmaq qərarına gəlib. Və bu variantın reallaşacağı təqdirdə, "qoca qitə"ni çox ağır bir dövrün gözləyə biləcəyi təxmin edilir.
Təbii ki, Avropa Birliyi üçün ciddi narahatlıq keçirilməsi vacib olan məqamlar kifayət qədərdir. Donald Trampın ötən prezidentliyi də hələ heç Avropa Birliyində unudulmayıb. Çünki Ağ Evin keçmiş sahibi həmin dövrdə Avropa Birliyinə qarşı çox sərt mövqe tuturdu. Avropa Birliyini ABŞ-ın iqtisadi-ticari rəqibləri sırasında ön sıraya yerləşdirən Donald Tramp bu quruma qarşı müəyyən sanksiyaların tətbiq edilməsinə cəhd göstərirdi. Və Avropa Birliyi ilə ticarətdə ABŞ-ın gömrük rüsumlarını artırması ilə bağlı ehtimal hətta reallaşmaq üzrə idi.
Ancaq o vaxt Bayden administrasiyasının seçki qələbəsi Avropa Birliyini müvəqqəti də olsa, xilas etsə də, indi situasiya daha qəliz xarakter daşıyır. Belə ki, Donald Trampın Avropa Birliyinə münasibəti daha da sərtləşib. Respublikaçı namizəd hesab edir ki, ABŞ Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarını öz dövlət büdcəsi hesabına təmin etməyə qətiyyən borclu deyil. Yəni, Avropa Birliyi ölkələri öz təhlükəsizlikləri üçün yetərli məbləğdə maliyyə vəsaiti xərcləməyə vərdiş etməlidir.
Eyni zamanda, Donald Tramp ABŞ-ın NATO-dan çıxmasına yönəlik cəhdləri ilə də yadda qalıb. Onun fikrincə, NATO ABŞ-ın hərbi-strateji maraqları baxımından, öz dövrünü başa vurub, əhəmiyyətini itirib. Bu səbəbdən, ABŞ büdcəsindən NATO-nun fəaliyyətini təmin etməyə nəhəng maliyyə vəsaitlərinin ayrılması artıq yolverilməzdir.
Donald Trampın bu mövqeyi də Avropa Birliyində ciddi xof yaranmasına səbəb olub. Çünki "qoca qitə"nin təhlükəsizlik sistemi tamamilə NATO-nun mövcudluğuna bağlıdır. Bu hərbi-siyasi alyans mövcud olmasa, Avropanın təhlükəsizliyi ciddi təhdid altında qalar, yüzmilyardlarla əlavə maliyyə vəsaitinin bu problemin həllinə xərclənməsi qaçılmaz olar. Və bütün bunları nəzərə aldıqda, Avropa Birliyində Donald Trampın Ağ Evə qayıdış ehtimalından keçirilən təşviş tamamilə başadüşüləndir.\\Musavat.com
Tarix: 3-08-2024, 22:59