ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində yanlış mövqedən çıxış edib və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib. Yuri Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barəsində bir kəlmə də deməyib. Qərbi Azərbaycan İcması ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib. Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırıb. İcma bildirib ki, bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdir. ABŞ rəsmisinin bu mövqeyi insanların hüquq bərabərliyi prinsipinə ziddir və bölgədə sülh və barışığa mane olur. Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirib. Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil edib. Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu isə inkar etməyə çalışıb. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçmüş ermənilərin xüsusi hal olduğunu vurğulayıb. Göründüyü kimi, AB nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad edib. Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. AB rəsmisinin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də AB-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi AB üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir. Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyi, Azərbaycanın daxili işlərinə qarışmağı və regionda gərginlik yaratmağa xidmət edən bəyanatları sərt şəkildə qınayıb. İcma AB-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir. Xatırladaq ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-nin Dövlət katibi Antoni Blinkenə göndərdiyi məktub hələ də cavabsız qalıb. Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bəyan etməklə, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin olunması və onların dağıdılmış mədəni irsinin bərpası məqsədi uğrunda əzmlə davam edəcəyini bildirib.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan bu tip bəyanatlarla, ayrı-seçkilik və qərəzlə ilk dəfə üzləşmir. Deputatın sözlərinə görə, bəzi Qərb ölkələri və beynəlxalq strukturlar Qarabağdan öz istəkləri ilə köçən ermənilərin hüquqlarını mütəmadi şəkildə gündəmə gətirirlər:
"Halbuki dəfələrlə vurğulanıb ki, Azərbaycanın Qarabağ bölgəsindəki ermənilər könüllü surətdə, heç bir güc tətbiq olunmadan torpaqlarımızı tərk ediblər. Bunu əks etdirən video-görüntülər də var. Ermənilərin Qarabağda qalıb yaşaması üçün Azərbaycan tərəfi üzərinə düşəni artıqlaması ilə etdi. Hətta ermənilər üçün xüsusi portal yaradıldı ki, sərbəst və rahat şəkildə vətəndaşlıq üçün müraciət etsinlər, geri dönmək niyyətlərini açıqlasınlar. Buna rəğmən, ermənilər öz xoşları ilə getməyi seçdilər. Əslində, bu gedişin arxasında Ermənistanın çirkin niyyəti dururdu. Gələcəyə istiqamətlənən müəyyən planlar hazırlanmışdı. Məqsəd qarşıdakı dönəmdə, yəni fürsət düşən kimi Azərbaycanı günahlandırmaq, ölkəmizi hansısa uydurma "etnik təmizləmə"də ittiham etmək idi. Bu cür əsassız ittihamları ötən zaman ərzində bir neçə dəfə gündəmə gətiriblər. Qarabağda hazırda az da olsa erməninin yaşaması göstərir ki, Azərbaycana qarşı ittihamlar əsassızdır. Heç bir dövlətin, yaxud beynəlxalq qurumların Azərbaycanı bu məsələdə suçlamaq ixtiyarı yoxdur".
Parlament üzvü vurğulayıb ki, maraqlı məqam odur ki, Qərb rəsmiləri Qərbi Azərbaycandan zorla qovulmuş, didərgin salınmış azərbaycanlılar haqqında bir kəlmə olsun danışmırlar:
"Qərbi Azərbaycan İcmasının da qeyd etdiyi kimi, ABŞ və Avropa Birliyi ədalətli və obyektiv yanaşma sərgiləsəydi, ermənilərin hüquqlarından danışarkən azərbaycanlıların hüquqlarını gözardı etməzdilər. Bu, açıq-aşkar Azərbaycan xalqına qarşı ayrı-seçkilikdir. Qərbi Azərbaycandan olan 250 mindən artıq soydaşımız öz dədə-baba yurdlarından deportasiya olunub, çoxlu sayda insanımız qətlə yetirilib, evləri viran qoyulub. Ümumilikdə, indiki Ermənistan ərazisində 300 məscid, 500 məzarlıq ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Ermənilərin azərbaycanlıların tarixi izlərini, irsini oradan silməyə çalışıblar. Buna misal olaraq, Təpəbaşı və Sərdar məscidlərinin adını çəkə bilərik. Zəngəzurda çoxlu Azərbaycan abidələri yerlə-yeksan edilib. Əsrin əvvəllərindən sonuna kimi yüz minlərlə azərbaycanlı öz tarixi yurdlarından qovulublar. ABŞ-ni, Avropa ölkələrini, beynəlxalq strukturları azərbaycanlıların da qayıdış hüququnu görməyə, bu məsələdən danışmağa çağırırıq. Gün kimi aydın olan bu məsələnin görməzdən gəlinməsi böyük təəssüf hissi doğurur. Qətiyyətlə pisləyirik və hesab edirik ki, bu ədalətsiz yanaşmaya mütləq son qoyulmalıdır".
Tarix: 6-08-2024, 17:45