Müxalifət partiyalarının neçə namizədi qeydə alınıb? - SORĞU
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədlərin qeydiyyat prosesi davam edir. Artıq siyasi təşkilatlardan Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin qeydiyyatı prosesi başa çatıb. Hakim partiyanın bütün namizədləri qeydə alınıb. Bəs, digər partiyalarla bağlı vəziyyət necədir? Bakupost.az müxalif partiyalar arasında namizədlərin qeydiyyatı ilə bağlı sorğu keçirib. Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı bildirib ki, seçkilərə 34 namizədlə qatılıblar. Onun sözlərinə görə, indiyədək 21 nəfərin namizədliyi qeydə alınıb, 2 namizədə imtina verilib: "Digər 11 namizədin qeydiyyata alınmasını gözləyirik".
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçkilərə 62 nəfərin namizədliyini irəsli sürdüklərini bildirib: "Hələlik onlardan 21 nəfəri qeydə alınıb. Hazırda qeydiyyat davam etdiyi üçün digər namizədlərlə bağlı əlavə məlumat veriləcək". Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev bildirib ki, partiya tərəfindən 36 namizəd irəli sürülüb. Onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini Aytəkin İmranova 43 nəfərin imza vərəqələri götürdüyünü, onlardan hələlik 6 nəfərin qeydə alındığını bildirib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn seçkilərə 7 nəfərin namizədliyini irəli sürdüklərini bildirib. Onlardan 5 nəfərin namizədliyi təsdiq olunub: "İki nəfərin isə namizədliyinin qeydə alınması ilə bağlı cavab gözləyirik".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiya tərəfindən 20-dən çox şəxsin namizədliyinin irəli sürüldüyünü və hazırda 3 namizədin qeydə alındığını bildirib. O özünün isə seçkidə namizəd kimi iştirakdan imtina etdiyini vurğulayıb.
REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib ki, onlar seçkiyə 13 namizədlə qatılıblar: "Onlardan artıq 10 namizəd qeydə alınıb. 1 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub. 2 nəfərin qeydiyyat məsələsinə isə bu gün baxılacaq". Ədalət, Hüquq, Demokrat Partiyasının mətbuat xidmətinin rəhbəri Əli Zülfüqarov bildirib ki, 11 namizədlə seçkilərdə iştirak edəcək.
Ağ Partiyanın sədri Tural Abbaslı 40 nəfərin namizədliyini irəli sürüldüklərini, artıq onlardan 15 nəfərin qeydiyyata alındığını bildirib. Azərbaycan Milli İstiqlal Partiyasından bildirilib ki, bu günə qədər 8 namizədləri qeydə alınıb: "İki nəfər isə müstəqil şəkildə namizədliyini irəli sürüb. Partiya üzvlərimizdən 2 nəfər isə namizədliyini geri götürüb".
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, partiya tərəfindən 12 nəfərin namizədliyi irəli sürülüb: "Onlardan 6 nəfərinin namizədliyi qeydə alınıb. 4 nəfər maliyyə problemlərinə görə, 2 nəfər isə imza vərəqələrindəki nöqsanlara görə namizədliklərini geri götürüblər".