Ağır təhdid, dərin sükut – Diqqətlər İranda

Ağır təhdid, dərin sükut
Yaxın Şərqdə gərginliyin növbəti pik həddi yaşanmaqdadır. Bütün dünya nəfəsini çəkərək, son illər xüsusi aktuallıq qazanan “Üçüncü Dünya savaşı başlayacaqmı” sualı ətrafında proqnozlar verir, mülahizələr irəli sürür.

Əsəbləri tarıma çəkən hadisələrin təməli isə iyulun 31-də qoyuldu. İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın inauqurasiya mərasiminə qatılmaq üçün Tehrana səfərə gələn Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İslam Respublikasının paytaxtında qətlə yetirildi. Rəsmi olaraq bu akta görə heç bir ölkə və təşkilat cavabdehliyi üzərinə götürməsə də, nəzərlər – istər dostlarının, istərsə də düşmənlərinin – Təl-Əvivə yönəldi.

Rəsmi Tehran isə dərhal, hər hansısa tədqiqatların cavabını gözləməyərək, İsraili növbəti terror aktı törətməkdə ittiham etdi və adekvat cavabın mütləq veriləcəyini açıqladı.

Hələlik qisasın kinosunu çəkdilər

İsrail Haniyənin ölümündə iştirakını inkar etsə də, əslində, yaranmış vəziyyətdə, bu, elə də əhəmiyyət kəsb etmir. Tehran qərarını verib və hətta qısa zaman kəsiyində yəhudi dövlətinin darmadağın olmasını əks etdirən təbliğat xarakterli bir neçə videoçarx da hazırlayıb. Kadrlarda İslam Respublikasının istehsalı olan müxtəlif növ raketlərin havaya qalxması, müasir kompüter qrafikası və süni intellektin istifadəsi ilə İsrail şəhərlərinə sarsıdıcı zərbələrin meydana gəlməsi, dağıntılar əksini tapıb.

Ekspertlərin böyük əksəriyyət cavab zərbəsinin avqustun ilk günlərində endiriləcəyinə dair ehtimallar səsləndirsələr də, görünən odur ki, İran tələsmir. Bəs səbəb nədir? Olmaya planlarda kardinal dəyişikliklər baş verib və ümumiyyətlə heç bir qisas əməliyyatı baş tutmayacaq? Ümumiyyətlə, Tehran sözügedən aksiyaya qadirdirmi?

İran dedi və vurdu

Bu suallara hələ qayıdacağıq. Amma öncə yaxın tarixə nəzər salmaq yerinə düşərdi.

2020-ci il yenicə başlamışdı ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Qasim Süleymani Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-yə məxsus pilotsuz təyyarədən açılan raket atəşi nəticəsində öldürüldü. Bu hadisənin miqyasını təsvir etmək üçün yalnız bir məqamı qeyd edək: 2020-ci ildə yaşı 80-i adlamış İranın Ali dini lideri ayətullah Əli Xameneyinin xələfi olmağa ən real namizəd kimi məhz Süleymani göstərilirdi.

Tehran o zaman da qisas vədi verdi. Amma vədlə əməl arasında çəmi 5 gün məsafə oldu. Artıq yanvarın 8-də ABŞ-nin İraq ərazisində yerləşən 2 obyektinə (Ayn-əl-Əsəd aviabazası və Ərbil əyalətindəki aerodroma) raket zərbələri endirildi. İran “Şəhid Qasim Süleymani” adlandırdığı bu əməliyyat nəticəsində 50-yə yaxın amerikalı hərbçinin öldürüldüyünü iddia etsə də, amerikalılar 109 nəfərin müxtəlif dərəcəli kəllə-beyin travması aldığını bildirdi.

Bununla da Süleymaninin ölümünün meydana gətirdiyi proseslərin hərbi tərkibli hissəsinə xitam verildi. Nə ABŞ bu raket atəşlərinə cavab verdi, nə də Tehran əvvəlcə elan etdiyi kimi Dubay və Hayfanı vurdu. Necə deyərlər, müəyyən mənada hər şey dünya üçün yaxşı qurtardı, regionun digər ölkələrini ağuşuna ala biləcək irimiqyaslı münaqişə elə beşiyindəcə boğuldu.

Bu dəfə də 1:1

Tarixə digər ekskursumuz isə bu ilin aprelin 13-14-nü əhatə edir. Məhz bu 2 gün ərzində İran “Sadiq vəd” əməliyyatı çərçivəsində İsrail ərazisinə dron və raketlərlə zərbələr endirdi. Buna səbəb isə İslam Respublikasının Dəməşqdəki konsulluğna qarşı həyata keçirilən əməliyyat idi.

Aprelin 1-də yəhudi dövlətinin HHQ təyyarələrinin diplomatik binaya endirdiyi zərbələri nəticəsində 16 nəfər, o cümlədən briqada generalı Mohammed Reza Zahidi və İslam Keşikçiləri Korpusunun daha 7 yüksəkrütbəli zabiti həyatını itirdi. Və bu dəfə də hər şey, idman terminologiyası ilə fikrimizi ifadə etsək, heç-heçə - 1:1 bitdi. Və yenə də istər dünya, istərsə də region ciddi təhlükəni nisbətən yüngül adlatdı.

Cavab mütləq olacaq

2020 və 2024-cü illərdəki hadisələrə nəzər saldıqdan sonra isə “İran ümumiyyətlə cavab aksiyasına qadirdimi” sualına asanlıqla cavab verə bilərik: “Bəli, qadirdir”. Nəinki qadirdir – mütləq verəcək. Xüsusən də Tehrandan buna dair bəyanatlar səsləndirildikdən sonra.

Söhbət ancaq bu cavabın miqyasından və xarakterindən gedə bilər. İslam Respublikası yuxarıda qeyd etdiyimiz kimi bilavasitə öz qüvvələri ilə tədbir həyata keçirməyə qadirdir. Ancaq digər variant da mümkündür: söhbət “Hizbullah”ın işə qarışmasından gedir. Tehranda hansı seçim ediləcək – bunu yəqin ki, heç Tehranın özündə də qəti qərarlaşdırmayıblar. Məhz elə bu səbəbdən də hələlik cavab tədbirləri reallaşmayıb.

“Böyük müharibə” kimə lazımdır?

Burda bir nüansı da nəzərə almaq zəruridir. Konfrontasiya bu gün İranın və onun müttəfiqlərinin marağında deyil. Tehranda anlayırlar ki, İsrailə qarşı açılacaq cəbhəyə və uzunmüddətli hərbi əməliyyatlara gec-tez ABŞ və NATO-nun digər üzvləri müdaxilə etmək məcburiyyətində qalacaq. Bu isə dağıdıcı, hətta planeti sarsıda biləcək bir müharibənin təməlini qoya bilər və nəticədə İslam Respublikasının aqibəti heç də ürəkaçan olmayacaq.

Eyni zamanda belə ssenari İranın ən yaxın müttəfiqlərindən olan Rusiyanın da planlarına daban-dabana ziddir: Ukraynaya (faktiki olaraq NATO-ya) qarşı 2,5 ilə yaxın müddətdə aparılan müharibə, yarana biləcək yeni cəbhəyə Moskva üçün aktiv müdaxiləni faktiki olaraq mümkünsüz edəcək. Elə Rusiya Təhlükəsizlik Şurasının başçısı Sergey Şoyqunun da bu günlərdə İrana səfəri, böyük ehtimalla, məhz hadisələrin daha sərt məcraya keçməsinin qarşısının alınmasına yönəlmişdi.

Maraqlısı burasındadır ki, mümkün yeni münaqişə ocağı Qərbin də maraqlarına xidmət etmir. Səbəb isə yenə də Ukrayna cəbhəsidir ki, NATO ölkələri bütün resurslarını buraya - Rusiyanı məğlub etməyə yönəldib və ikinci cəbhə həm iqtisadiyyatlarına, həm də hərbi potensiallarına öldürücü zərbə ola bilər.

Münaqişənin lokal ölçüdən çıxaraq qlobal xarakter almasında yeganə maraqlı tərəf İsraildir. Bu da ki, anlaşılandır. Ötən ilin oktyabrın 7-dən başlanan HƏMAS-la qarşıdurmanın sonu hələ ki, görünmür. Baş nazir Netanyahu, demək olar ki, bütün etibar limitini doldurub və kürsüsü əməlli-başlı laxlamaqdadır. Genişmiqyaslı müharibə isə vəziyyəti sıfırlaya bilər.

Növbəti dəfəyə qədər

Siyasətdə proqnozlar böyük hesabla əvvəlcədən iflasa məhkumdur. Amma baş verənləri və hadisələrin axarını nəzərə alaraq söyləyə bilərik ki, dünya bu dəfə də Üçüncü Cahan savaşından yan keçəcək. Növbəti gərginliyə qədər. “Növbəti”nin nə zaman yetişəcəyin isə heç kim deyə bilməz...

Müəllif: Polad Xudayarlı - ayna.az
Tarix: 9-08-2024, 22:43
Xəbəri paylaş





Xəbər lenti