Azərbaycanda İsrail hərbçiləri yoxdur – Təcili çağırışın GİZLİNLƏRİ


İsrailin “Kan” dövlət teleradio şirkəti xəbər yaydığııb ki, İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib. Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal ölkəyə qayıtmağa borcludurlar.
İran-İsrail gərginliyi fonunda bu çağırış diqqət çəksə də, doğru deyil. Məsələ ondadır ki, İsrailin Azərbaycanda hərbi kontingenti yoxdur. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində başqa dövlətin hərbi bazası və ya kontingenti fəaliyyət göstərə bilməz. Digər tərəfdən, bu gün Azərbaycan ərazisində işğal və ya qeyri-müəyyən vəziyyətdə də yoxdur ki, hər hansı sülhməramlı kontingent fəaliyyət göstərsin.
Azərbaycan regional sülhə, təhlükəsizliyə önəm verən, bunu dövlətin xarici siyasətinin prioriteti halına gətirən ölkədir. Rəsmi Bakı heç vaxt ərazisindən region ölkələrinə qarşı istifadə etməyə imkan verməz. Ölkənin quru, hava və su sərhədləri də heç bir ölkəyə hücum və ya hərbi fəaliyyətə açıq deyil.
“Kan” teleradio şirkətinin yaydığı xəbərdə İsrail ordu rəhbərliyinin hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etdiyi deyilir. Burada hərbi qulluqçu deyərkən mütləq şəkildə kontingent mənsubundan söhbət getmir. Səfirliklər, diplomatik korpusun təhlükəsizliyini qoruyan şəxslər də hərbçi və ya hərbi təyinatlı şəxs olur.
Vyana Konvensiyasına görə, səfirlik və diplomatik korpusun təhlükəsizliyini ya səfirliyin yerləşdiyi ölkə, ya səfirliyi açan ölkə, ya da hər ikisi birlikdə qoruyur. Mümkündür ki, xəbərdə qeyd olunan hərbçilər elə məhz səfirliyi qoruyan təhlükəsizlik qüvvələridir və sayları bir neçə nəfərdir. Lakin İsrailin Azərbaycandakı səfirliyinin mühafizəsində israilli hərbçilərin yer alması da təsdiqlənmir.
Ümumiyyətlə, Azərbaycan heç bir halda İsrail-İran gərginliyinin bir parçası, tərəfi deyil. Rəsmi Bakı münaqişələrin sülh və beynəlxalq hüquqa əsasən dinc yolla həllində maraqlıdır. Bu baxımdan “Kan”ın “İsrail hərbi qulluqçuları Azərbaycanı tərk etsin” xəbərinin heç bir əsası yoxdur.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 12-08-2024, 14:46
Xəbəri paylaş





Xəbər lenti