Roma-Bakı əməkdaşlığı hərbi sahədə xüsusi diqqət çəkir - Turan Rzayev


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gedib. Səfər bir çox baxımdan diqqət çəkir.
İtaliya Azərbaycanın Avropadakı etibarlı iqtisadi-siyasi tərəfdaşlarındadır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir. Rəsmi Roma dünyanın yeni siyasi trendlərini təmkinlə izləyən addımlarını ona görə atan nadir Avropa ölkələrindəndir. Misal üçün, İtaliya Fransa kimi emosional addımlar atmır, Bakı ilə münasibətlərə xüsusi önəm verir.
Təbii ki, burada dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycanın səmərəli ikitərəfli münasibətlərə verdiyi diqqət və önəmin xüsusi yeri var. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir.
İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Bunu ölkə başçılarının qarşılıqlı səfərləri də sübut edir. Ümumiyyətlə, ölkələrarası münasibətlərdə bu cür səfərlər xüsusi əhəmiyyətə malikdir. Yəni Prezident İlham Əliyevin İtaliyaya səfərinin ilk səbəbi münasibətlərin inkişaf dinamikasını artırmaq, habelə perspektivdə atılacaq addımları müəyyən etməkdir.
Roma-Bakı əməkdaşlığı hərbi sahədə xüsusi diqqət çəkir. Azərbaycan İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarələrini alan ölkələrdəndir. Onu da deyim ki, bu təyyarələr öz sinfinin ən müasir növlərindəndir. İki ölkə müdafiə sənayelərinin inkişafı istiqamətində də ortaq layihələr icra edir, əməkdaşlıq edirlər.
Roma-Bakı münasibətlərinin özəyini təşkil edən əsas məqam isə enerji sahəsindəki əməkdaşlıqdır. İtaliya Azərbaycanın xam neft və neft məhsulları ixrac etdiyi ən iri ticarət tərəfdaşlarındandır. Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Azərbaycan ən çox İtaliyaya satış həyata keçirir.
Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
Azərbaycanın mövcud layihələrlə Avropaya nəql etdiyi neft və qaz hələlik arzuedilən səviyyədə deyil. Bunun üçün mövcud infrasturkturun yenilənməsi, ötürücülük qabiliyyətinin artması mühümdür. Buna görə də Bakı Roma ilə bu sahədə əməkdaşlıq edir. Misal üçün Prezident İlham Əliyev 2022-ci il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşmüşdü. Bu görüş yenə məhz İtaliyanın vasitəçiliyi ilə baş tutmuşdu.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 6-09-2024, 15:31
Xəbəri paylaş





Xəbər lenti