"Ermənistanın strateji planları var" - Keçmiş nazir elə açıqlamalar verdi ki...
“Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında yeganə bir sənəd - 10 noyabr 2020-ci ildə Üçtərəfli Birgə Bəyanat imzalanıb. Azərbaycanda və bir çox yerlərdə kapitulyasiya sənədi adlandırılan bu bəyanatda Ermənistan məğlub tərəf kimi üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin bəziləri icra edilib, bir çoxu isə icra olunmadı. Azərbaycan məcbur olub onları özü icra etdi. Ancaq bəzi öhdəliklər hələ də qalıb. Azərbaycan müharibədən dərhal sonra haqlı olaraq təklif etdi ki, sülh sazişinin imzalanması istiqamətində danışıqlar başlasın. Rəsmi Bakı İrəvana beş prinsipdən ibarət təkliflərini göndərdi. Əslində bu beş prinsip BMT Nizamnaməsində olan bəndlərdir. Bunun əsasında sülh prosesi inkişaf etməlidir”.
Musavat.com xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, hazırda müzakirə olunan və “sülh müqaviləsi” adlandırılan sənəd əslində prinsiplər müqaviləsidir: “Bu, gələcək sülh prosesi üçün hüquqi və məntiqli çərçivə yaradan sənəddir. Sadəcə bir çərçivədir ki, bu çərçivə daxilində danışıqlar üçün istiqamətlər olsun. Ermənistanın havadarlarının strateji planları var. Onlar istəyirlər ki, hansısa sənədin imzalanmasına nail olsunlar və bu sənədi münaqişənin bitməsi, sərhədlərin müəyyənləşməsi kimi qələmə vermək istəyirlər. Bundan sonra həmin havadarlar münaqişəni "Qarabağ ermənilərinin hüquqları" müstəvisinə keçirəcəklər. Təbii ki, Azərbaycan bunu yaxşı başa düşür. İlham Əliyev çıxışında bu istiqamətdəki təhlükələri açıq şəkildə bildirdi. Azərbaycan bu ssenariyə qarşı öz siyasi iradəsini ortaya qoyur və buna imkan verilməyəcək".
Tarix: 16-10-2024, 09:52