“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub
“Azərbaycan xalçaları” jurnalı 22-ci sayından etibarən “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunur. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Publisist İlham Tumasın Füzuli filialının fəaliyyətindən bəhs edən “Dörd xalçadan başlayan həyat” reportajı, Şəmkir rayonundakı tədris-hazırlıq kurslarından, DOMOTEX xalça satış-sərgisinin gündəliyi, HALI jurnalı ilə əməkdaşlıqdan bəhs edən yazılar, yeni toxunmuş xalçaların fotoşəkilləri təqdim edilib.
T.ü.f.d, prof. Vidadi Muradovun və yazıçı-publisist Malik Məmmədovun “Qaracəmirli kəndi: tarixi və xalçaları”, akademik İsmayıl Hacıyevin (AMEA-nın Naxçıvan Bölməsi) “Naxçıvan qalalarının öyrənilməsi tariximizin mühüm mənbəyi kimi”, Ayşat Maqomedovanın (Dağıstan) “Dağıstan xalçaları”, Bəxtiyar Tuncayın (AMEA-nın Folklor İnstitutu) “Xalça və sikkələr üzərində runik işarələr”, t.ü.f.d. Səbuhi Əhmədovun (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “İslam mədəniyyəti muzeylərində orta əsr Azərbaycan silahları”, Hacı Abdullanın (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı) “Zəngəzur bölgəsi: qədim dövrlərdən XX əsrin əvvəllərinədək”, f.ü.f.d. Şakir Albalıyevin (AMEA Folklor İnstitutu) “Azərbaycan folklorunda güləbətin motivi və onun mifik semantikası”, Gulzadə Abdulovanın (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycanın qadın geyim bəzəkləri” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.
Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N22/ ünvanında tanış ola bilərlər.
Əlaqə: 012 465-17-52 (daxili 114)
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi
Tarix: 26-04-2017, 21:52