“Çörək terroru”nun görünməyən tərəfləri

“Çörək terroru”nun görünməyən tərəfləri Süfrəmizə gələn bərəkətin keçdiyi qaranlıq yol

Ta qədimdən belə bir misal var. Deyir, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Bu misal adətən peşəsinin peşəkarı olanları işarə edir. Lakin, bu gün bu “peşəkarlıq” deyəsən həddindən artıqdır. Belə olmasaydı, süfrəmizin bərəkəti hesab olunan, ən çox istehlak etdiyimiz məhsul - çörəyi bu “peşəkarlığımızın” alətinə çevirməzdik, ondan gəlir əldə etməyə çalışmazdıq.

Bu gün ölkədə müxtəlif çeşidli çörək məhsulları hazırlansa da, onların dad və keyfiyyəti istədiyimiz səviyyədə deyil.


Çörəyin içərisində yapışqanlıq, dadının tez dəyişməsi, xoşagəlməz iy verməsi və s. problemlərlə demək olar ki, hər gün rastlaşırıq. Hələ bu bərəkətin içərisindən çıxan yad cisimlərdən danışmıram.

İctimaiyyət arasında belə bir fikir mövcuddur ki, mağaza rəflərində qalan, satılmayan çörəklər yenidən istehsal müəssisələrinə geri qaytarılır. Orada isə isladılaraq yeni hazırlanan çörək xəmirinə qatılır.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyilənləri təsdiqlədi və əlavə etdi ki, satılmayıb geri qaytarılan çörəklər üç istiqamətdə istifadə olunur.

Onların əksəriyyəti təkrar istehsala verilir: “Digər, nisbətən insaflı istehsalçılar isə bu çörəkləri daha ucuz qiymətə heyvandarlıqla məşğul olan fermerlərə satır, çox cüzi hissəsi isə ümumiyyətlə atırlar. Çörək bişiriləndən sonra 72 saat müddətinə istehlak olunmalıdır. Amma hazırda mağazalarda üzərində 1 il saxlama müddəti olan “alman çörəkləri” satılır. Əgər çörək 72 saatdan tez xarab olursa, deməli, onda “kartof” xəstəliyi var, yox əgər 72 saatdan gec xarab olursa, demək onun tərkibinə müxtəlif, insan sağlamlığına mənfi təsir edən maddələr qatılıb”.

“Çörək zavodları mağazaların diqtəsi ilə işləyir”
Çörək zavodları ilə əlaqə saxladıq. Zavodlardan birinin icraçı direktoru Elman Bağırov dedi ki, çörəyin istehsal müəssisəsinə geri qaytarılmasının əsas günahkarı mağazalardır: “Onlar bizdən normadan artıq çörək tələb edirlər. Bunu ya qəfil çıxan istehlakçıların tələbatını ödəmək və bununla da “müştərini qaçırmamaq” üçün, ya da görünüş üçün, rəflərin hər zaman dolu olması üçün edirlər. İstehsal müəssisələri isə mağazalara etirazını bildirə bilmir, çünki, onlar cavabında həmin zavodla işləməkdən imtina edirlər”


Zavoda geri qaytarılan çörəklərin taleyinə gəlincə, Elman Bağırov onların heyvandarlıqla məşğul olan fermerlərə satıldığını deyir: “Biz həmin çörəkləri heç zavodun ərazisinə belə keçirmirik. Onları xüsusi lotoklarda saxlayıb heyvandarlıqla məşğul olan müəssisələrə satırıq”.

Məsələ ilə əlaqədar marketlərə də müraciət etdik. Ölkənin iri marketlər şəbəkəsindən birinin marketinq üzrə nümayəndəsi deyilənləri təkzib etdi və bildirdi ki, onlar istehsal müəssisəsindən artıq çörək almırlar: “Bizim aramızda müqavilə var və o müqavilədə qeyd olunandan artıq çörək ala bilmərik”.“Çörək terroru”nun görünməyən tərəfləri

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qida sektorunda müşahidə olunan bu özbaşınalığın əsas səbəbini, ölkədə qida təhlükəsizliyi ilə bağlı qanunun yoxluğu ilə izah edir.

“Hazırda çörək istehsalı müəssisələrində nə baş verməsindən məlumatımız yoxdur”
Məsələyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də münasibətini öyrəndik. Komitədən bildirdilər ki, 2015-ci ilin noyabr ayından, yəni sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il ərzində dayandırılması haqqında qanunun qüvvədə olduğu müddət ərzində Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti heç bir yoxlama aparmayıb və hazırda da aparmır: “Hazırda çörək istehsalı müəssisələrində nə baş verməsindən məlumatımız yoxdur. Çünki bununla bağlı nə rəsmi şəkildə şikayət, nə müraciət, nə də fakt var. Əgər şikayət olarsa, qanunvericiliyə uyğun şəkildə araşdırma aparacağıq. Məhsulu laboratoriyaya təqdim edəcəyik. Analizlər nəticəsində deyilən fakt təsdiqini taparsa, yenə də biz yox, hüquq-mühafizə orqanlarına müraciət edərək məsələnin araşdırılmasını xahiş edəcəyik. Qanunun icra müddəti bitdikdən sonra Komitə yanında Dövlət Nəzarəti Xidmətinin əsasnaməsinin tələblərinə uyğun olaraq xidmət keyfiyyətə nəzarət tədbirlərini davam etdirəcək”.

İqtisadiyyat Nazirliyinin də mövqeyi təxminən eyni oldu.

Nazirliyin mətbuat xidmətindən bildirildi ki, ümumiyyətlə, monitorinq, müayinə, baxış və digər metodlardan istifadə etməklə istehlak bazarına mütəmadi nəzarət həyata keçirilir: “Mütəmadi olaraq anonim formada satışdan çörək nümunələri götürülür və nazirliyin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən məhsulun keyfiyyəti ilə bağlı laborator müayinələr aparılır. Aparılan müayinələr nəticəsində bu günə kimi çörəklə bağlı hər hansı bir keyfiyyət pozuntusu ilə rastlaşmamışıq”.

Hər iki dövlət qurumu keyfiyyətsiz məhsulla qarşılaşmadıqlarını desə də, sağlamlığımıza ziyan vuran çörəklər hələ də süfrəmizə yol tapmaqdadır.

İstiPress müxtəlif vaxtlarda çörəyin içərisindən çıxan yad cisimlərin fotolarını təqdim edir:“Çörək terroru”nun görünməyən tərəfləri
“Çörək terroru”nun görünməyən tərəfləri
“Çörək terroru”nun görünməyən tərəfləri
“Çörək terroru”nun görünməyən tərəfləri
Tarix: 28-04-2017, 23:07
Xəbəri paylaş





Xəbər lenti