“İnternet Azərbaycanda ailə insitutunu dağıdır, münasibətləri kəsir”. Bu cümlə son illər ölkədə həm sıravi vətəndaşlar, həm də ekspertlərin dilində tez-tez vurğulanır. Son illər boşanmaların sayındakı artımın da məhz internetdən, sosial şəbəkələrin ucbatından olduğu iddia edilir. Müxtəlif layihələr icra olunur, maarifləndirmə tədbirləri keçirilir, nəticələr isə dəyişmir. Az qala hər gün boşanmaların artması barədə məlumatlar yayılır, statistik göstəricilər bu məlumatların sübutu kimi təqdim edilir.
İnternet olmadan da boşanırdılarDövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub. Hər aya 1200-dən artıq boşanmanın olması təbii ki, müzakirəsi vacib məsələdir. Ancaq statistika onu da göstərir ki, boşanmalardakı artım təkcə internetin geniş yayıldığı, sosial şəbəkələrin məşhurlaşdığı və istifadəçi sayının milyonlarla ölçüldüyü son illərdə yox, ən azı 20 il əvvəldən başlayıb. Mütəxəssislər də məhz bu məqama diqqət yetirilməli olduğunu və ailə institutunun dağılmasında internetin roluna səbəblərdən hamısı yox, əsas səbəblərdən biri kimi yanaşmanın tərəfdarı kimi çıxş edirlər. Təbii ki, bunun əksini düşünənlər də var.
Hardan hara...Sosial şəbəkə termini ilk dəfə elmi leksikona ingilis sosioloq Barns tərəfindən daxil edilib. Sosial şəbəkə sosial obyektlərdən (birlik, sosial qrup, insan) ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan saytdır. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. O zaman indiki Odnoklassniki.ru-nun sələfi hesab edilən classmates.com yaradıldı. 1999-cu ildə Livejournal, ardınca 2003-cü ildə MySpace yaradıldı və çox sayda istifadəçi qazandı. 2004-cü ildə yaradılan Facebook hamısından önə keçdi və qısa müddətdə dünyada məşhurlaşdı. 2006-cı ildə Rusiyada Odnoklassniki ortaya çıxdı. Onunla bərabər V kontakte- də marağa səbəb oldu.
Sanitarlar Facebook-da həkimə çevrilirÖtən illərdə sosial şəbəkələr dünyada xeyli məşhurlaşıb. Sosial həyatın ayrılmaz hissəsinə çevrilib və bu, bəzi hallarda asılılığa aparır. Dünya miqyasında aparılan araşdırmaların ümumi nəticəsinə görə, sosial şəbəkəyə aludə olan insanlar əsasən real həyatda sosiallaşma bacarığı olmayanlardır. Psixoloqlar deyir ki, özü barədə yüksək fikirdə olmayan, özü ilə barışıq olmayan insanlar üçün sosial şəbəkə özünü təsdiq etməyin bir yolu hesab edilir. Sosial şəbəkədə real varlığını gizlədərək hətta qarşı tərəfdə yaxşı təəssürat da yaratmaq mümkündür. Sosial şəbəkə istifadəçiləri arasında onun məhz bu xüsusiyyətinə “vurğun” olanlar az deyil.
Başqa sözlə, sosial şəbəkə onları olduqları kimi görünmək əziyyətindən xilas edir. Məsələn, şəxs xəstəxanada sanitak işçidir, amma özünü sosial şəbəkədəki hesabında həkim kimi təqdim edir. Virtuallıq ona məhz həkim adı altında əlaqələr qurmağa, olmaq istədiyi kimi “olmağa” imkan və ardınca da asılılıq yaradır.
Azərbaycanın 2 milyondan çoxu sosial şəbəkədədirSon illər sosial şəbəkələr Azərbaycanda sürətlə populyarlaşır. Bu sırada 1,75 milyon istifadəçi ilə Facebook birinci yerdə dayanır. Ancaq dünyada getdikcə digər sosial şəbəkələrin, xüsusilə də Instagramın popuyarlaşması bu sırada indiyəqədərki vəziyyəti dəyişdirə bilər.Belə ki, artıq azərbaycanlılar Facebook-dan daha çox İnstagram-a meyllənir.Rəqəmlər də bunu göstərir. Rəqəmlərə görə, təkcə ötən ilin yayı ilə müqayisədə İnstagram istifadəçilərinin sayında az qala 1 milyona çatan artım var. Əgər ötən ilin iyul ayında bu sosial şəbəkənin Azərbaycanda 750 min istifadəçisi var idisə, indi bu rəqəm 1.6 milyondur. Təbii ki, bunlar hamısı aktiv istifadəçilər deyil.Elə Facebook-dan da istifadəçi sayı rəqəmlərdəki qədər olmur.Nəzərə alaq ki, xüsusilə, Facebook-da saxta profillər, bir neçə nəfərə məxsus bir neçə profil var. Bu isə o deməkdir ki.ölkə əhalisinin heş də rəqəmlərdəki kimi 1,77 milyonu Facebook istifadəçisi deyil. Rəsmi rəqəmlər göstərir ki, Facebook və Instagram istifadəçilərinin ümumi sayı hazırda 2,5 milyondur. Bunlardan 840 mini yalnız Facebook istifadəçisidir.750 mini yalnız Instagramdan istifadə edir.910 mini isə həm Facebook, həm də Instagram istifadə edir.Hər iki sosial şəbəkədən istifadə edənlər arasında gənclər və orta yaşlılar çoxluq təşkil edir.36-45 yaşlarda Instagram istifadəçilərinin sayı isə Facebookla müqayisədə xeyli çoxdur.
“Xoşbəxt adamlar gecələr Facebook-da olmurlar”İnternetin tkcə ölkəmizdə yox, bütün dünyada ailə institutuna təsiri danılmazdır. Sadəcə, bu təsirin hansı formada olması və hansı dərəcəyə qədər getməsi müxtəlif ölkələrdə fərqlidir.Azərbaycanda boşanmaların əsas səbəblərindən biri kimi sosial şəbəkədən istifadə göstərilir.Ancaq bəzi mütəxəssislər bu sırada qadına qarşı zorakılıq, iqtisadi problemlər, cinsi uyğunsuzluq kimi səbəblərin arxa plana atılması ilə razılaşmırlar. “Təmiz dünya” təşkilatının rəhbəri Mehriban Zeynalova bildirir ki, boşanmalarda digər səbəbləri gözardına vurub ancaq sosial şəbəkədən istifadənin qabardılması doğru deyil: “Erkən nikah, ailədaxili zorakılıq, iqtisadi çətinlik, cinsi uyumsuzluq kimi problemləri də diqqətə almaq lazımdır. Bir deyim var- xoşbəxt insanlar gecələr Facebok-da olmurlar.Bəlkə də bütövlükdə də olmasa, mahiyyəti müəyyən qədər ifadə edir. Qadın və ya kişi həyatda əsl yarı ilə qarşılaşmayanda, üstəlik, ailədə illərlə getdikcə artan problemlərdən yorulanda virtuallığa maraq artır. Nəticədə qadın və ya kişi virtual aləmdə başqa münasibətlər yaradır, halbuki həmin münasibətlərə sərf edilən zamanı ailədə qarşılaşdıqları problemlərin həllinə sərf etsələr, daha uğurlu olar”.
Komitə səbəbi pulsuzluqda yox, internetdə görürAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində isə fərqli düşünürlər. Komitədə hesab edirlər ki, erkən nikahların azalması, əhalinin savadlanması da ailələrin dağılmasının qarşısını alan faktor kimi çıxış edir. Boşanmalara aparan səbəblər sırasında isə Dövlət Komitəsi internetin təsirini ilk sıraya qoyur.Qurum rəsmilərinin fikrincə, ailələrdə kişilərin başçı kimi statusunun zəifləməsi artıq ikinci plana keçib.Aztəminatlı ailələrə yardımlar edilir, işlə təmin edilərək və beləliklə kişilərin evə qazanc gətirməməsi ailələrin dağılmasında əsas rol oynamır.(Halbuki ailəsində problem yaranan cütlüklər əsasən maddi imkansızlıq, iqtisadi çətinlik səbəbindən boşanma yolu seçdiklərini bildirirlər.Ancaq Komitə bu fikirlərlə razılaşmır və iqtisadi problemlərin boşanmanın əsas səbəbi olmasını qəbul etmir- red).Komitə rəsmilərinin fikrincə, əsas səbəb sosial şəbəkələrdən aktiv istifadə edənlərin, ümumiyyətlə, internet istifadəçiləri arasında yaş həddinin qalxmasıdır.Başqa sözlə desək, təkcə subayların yox, evlilərin də sosial şəbəkədən istifadəsinin artması boşanmalara aparır.“Bu gün ailələrin dağılmasında internetin təsiri birmənalıdır.Bu hal nəinki ailələrdə ər-arvad münasibətlərinə, hətta uşaq-valideyn münasibətlərinə də təsir edir.Çox vaxt məsləhətləri sosial şəbəkələrdən alanlar intihar yolunu belə seçir" deyə komitə rəsmiləri mətbuata açıqlamalarında bildiriblər.
Facebook-dan xəyanətə bir addım?Millət vəkili Rəfael Cəbrayılov da bu fikirlərlə razıdır. Onun sözlərinə görə, internetin hər bir ailəyə daxil olması, sosial şəbəkələr vasitəsilə ünsiyyət imkanlarının genişlənməsi bütün mütərəqqi cəhətləri ilə yanaşı, bəzən insanların həyatına, əxlaqına və mənəviyyatına mənfi təsir göstərir: Azərbaycanda da “Facebook”, “Twitter”, “Odnoklassniki” və digər sosial şəbəkələrdən istifadə edənlərin sayı sürətlə artır. Təəssüf ki, bəzən bu şəbəkələrin imkanlarından düzgün istifadə olunmaması hətta ailələrin dağılmasına, ailə zorakılıqlarına gətirib çıxarır. Son vaxtlar bəzi ailələrdə kişi və qadın internetdə virtual ünsiyyətə geniş maraq göstərdikləri halda, real həyatda bir-birinə az diqqət ayırırlar.
Nəticədə ailədə soyuqluq, biganəlik, qarşılıqlı etimadsızlıq güclənir.Təəssüflə vurğulamaq lazımdır ki, bəzən sosial şəbəkələr vasitəsilə qurulan arzuolunmaz ünsiyyətlər sonda ailə xəyanətlərinin də əsas səbəblərindən birinə çevrilir.Son vaxtlar məhz bu zəmində bəzi ağır cinayətlərin baş verməsi ilə bağlı KİV-də məlumatlar yayılır.Bu saytlardan tanışlıq məqsədilə istifadə olunması Azərbaycanda milli-mənəvi dəyərlərə, ailə əxlaqına da böyük zərbədir.İstənilən halda, sosial şəbəkələrdən çat (ünsiyyət forması) kimi istifadə olunması ailədə qısqanclıqlara, münaqişələrə, etimadsızlığa və son nəticədə boşanmalara gətirib çıxarır”.
Ailə səadəti virtual münasibətə qurban verilir?Psixoloq Sevinc Qasımova isə deyilənlərlə razılaşmır. Onun fikrincə, internet olmadan da insanlar hardasa tanış olur, ünsiyyət qururdular: “Sadəcə internetdə əsl kimliyi gizlətmək mümkündür. Hələlik bu imkan var. Amma internetin ailələrin dağıımasındakı əsas səbəb olması fikir ilə razılaşmıram.Sadəcə internet ailədəki problemləri artırır.
Əgər ar-arvad arasında soyuqluq, laqeydlik varsa, hər iki tərəfin, yaxud tərəflərdən birinin sosial şəbəkədə çox zaman keçirilməsi bu laqeydliyə etirazın bir forması kimi də qiymətləndirilməlidir. Ailəsində xoşbəxt olan heç bir qadın və ya kişi bu səadəti virtual münasibətə və ondan sonra yaranan real münasibətə dəyişməz. Amma əgər ailənin təməli möhkəm deyilsə, problemləri varsa və bu problemi həll etməkdənsə, onu ört-basdır etməyi üstün tuturlarsa, o zaman virtual məkan bu ailənin sonunu gətirəcək.Çünki orda qurduğu münasibət, eşitdiyi xoş bir söz və ya məsləhət münasibətlərə yenidən baxmaq ehtiyacı və bəzən də cəsarəti yaradacaq.Bu isə qarşı tərəfdə “Sən internetə girənə qədər belə düşünmürdün” düşüncəsi formalaşdıracaq.Nəticəsi isə hər iki tərəf üçün xoşagələn olmayacaq”.
Sevil Ağazadə
Cebhe.info
Tarix: 30-04-2017, 14:15