Nazirlikdə və TSEK-lərdə elektron maxinasiyaların ağılasığmaz - Təfərrüatı

Nazirlikdə və TSEK-lərdə elektron maxinasiyaların ağılasığmaz - Təfərrüatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron maxinasiyalara start verildiyi iddia olunur

Siam.az-ın bildirdiyinə görə Ulus.Az-a daxil olan məlumatda deyilir ki, nazirlikdə şəffaflığın təmin edilməsi məqsədi ilə elektron sistem tətbiq edilməyə başlayıb.

Bu sistem ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyin edilməsini tamamilə məmur asılılığından qurtarmalı olsa da, faktiki olaraq böyük korrupsiya mənbəyinə çevrildiyi iddia edilir.

Mənbə bu korrupsiya mexanizmini ən xırda detallarına qədər izah edir: “Ünvanlı yardımdan başlayaq - sistem işə salınan kimi bütün rayonlarda bu işlə məşğul olan işbazlar dövriyyəyə girib və hər yerdə internet köşkləri yaranıb.

Sistemin çatışmayan nöqtələrindən istifadə edən işbazlar yardımın 1- 2 ay müqabilində hüququ olmayan adamlara yardım təyin edilməsinə nail olublar.
Məsələn ailənin işləyən üzvünü ailə tərkibində göstərməməklə, yaşayış yerini, əmlakı, torpağı və s düzgün göstərməməklə bu işi görmək olar”.

Mənbəmiz iddia edib ki, nazirliyin rəhbərliyi bu işlərdən xəbərsiz deyildi: “Sadəcə müəyyən zaman lazım idi ki, həmin vətəndaşlar bir qədər pul alsın. İndi isə nazirlik yerli şöbələrə göstəriş verib ki, məlumatlar yerindəcə planşetlər vasitəsilə yoxlanılsın. Yoxlama isə gəlir mənbəyidir.

Məsələ burasındadır ki, yoxlamanı aparan məmurun yoxlama vaxtı aşkar etdiyi göstəriciləri yardım alanın müraciət vaxtı təqdim etdiyi göstəricilərə uyğunlaşdırmaq imkanı var.

Başqa sözlə, yardımın davam etməsi məmurun ixtiyarına verilir və yenə əvvəlki kimi rüşvət imkanı yaranır.

Yəni yeni sistem vətəndaşın cinayət etməsinə yol açır və nazirlik yoxlayıcılarının həmin cinayətin ört-basdır olunması imkanları yaranır. Bu imkan isə gəlir mənbəyinə çevirilir. İtirən isə yenə də dövlət büdcəsidir.

Ulus.Az-a daxil olan məlumatda deyilir ki, saxta əlillik dərəcələrinin verilməsində mexanizm bir qədər fərqlidir.

Sadə dillə izah etsək burada bir rayonun TSEK sədri öz rayonunun əlillik işlərinin baxılmaq üçün hansı rayona göndərildiyindən nazirlik vasitəsilə xəbər tutur, vətəndaş "sözəbaxan"dırsa həmin rayonun TSEK sədri ilə sövdələşərək məsələni həll edir.

Mənbə qeyd edir ki, Əmək Müfəttişliyində olduğu kimi bu sahədə də monitorinqin aparılması ASAN xidmətə verilməsə nazirliyin indiki komandası ilə bu sahədə qayda-qanun yaratmaq mümkün olmayacaq. Bu iddialarla bağlı nazirliyin açıqlamasını dərc etməyə hazırıq.

Siam.az
Tarix: 2-05-2017, 08:42
Xəbəri paylaş





Xəbər lenti