Sərdar Cəlaloğlu: “Dövlət müəssisələrində xidmət keyfiyyəti aşağıdır, ona görə də vətəndaşlar özəllərə müraciət etməyə məcbur olacaqlar”
Azərbaycanda 70-dək dövlət tibb müəssisəsinə ödənişli əsaslarla tibbi xidmət göstərmək hüququ verilə bilər. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, hələ 1997-ci ildə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pullu tibbi xidmətlərin göstərilməsi məsələsi öz əksini tapıb:
"Lakin bundan sui-istifadə halları olduğuna görə bu məsələləri həll etmək üçün müəyyən bir müddət lazım idi. Hələ 2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə uyğun olaraq, dövlət müəssisələrində pullu xidmət tam dayandırıldı. Digər tərəfdən, həmin vaxt dövlətin də imkanı var idi ki, əhaliyə tam pulsuz xidmət göstərə bilsin. Dövlət müəssisələri bu gün də əhaliyə pulsuz xidmətlər göstərirlər. Amma bununla belə inkar edilmir ki, dövlət müəssisələrində xidmətə görə ödənişin tələb edilməsi halları olur”.
Elxan Əzizov bildirib ki, müəssisələrin publik hüquqi şəxs olması bu ödənişləri qanuniləşdirməyə imkan yaradacaq. O, hazırda dövlət tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi üçün işlərin aparıldığını açıqlayıb. Nazirlik rəsmisinin sözlərinə görə, publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün artıq 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsi razılaşdırmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib. Nizamnamə razılaşdırıldıqdan sonra müəssisələr prosedura uyğun olaraq, Vergilər Nazirliyində qeydiyyatdan keçəcəklər. Bundan sonra isə artıq onların mülkiyyət forması dəyişəcək və onlar publik hüquqi şəxslər olacaqlar:
"Publik hüquqi şəxs olma tibb müəssisələrinə kifayət qədər geniş imkanlar verəcək. Onlar büdcə ilə də maliyyələşə biləcəklər, hətta özlərinin əlavə pullu xidmət göstərmək imkanları da olacaq. 70-dək müəssisə publik hüquqi şəxs olduqdan sonra artıq onların ödənişli xidmət göstərmək hüququ olacaq. Hansı xidmətlərin pullu olacağı isə hökumət tərəfindən müəyyənləşdiriləcək. Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir".
Elxan Əzizov qeyd edib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: "Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, ödəniş də artıq rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.
Maraqlıdır, bu proses səhiyyə sisteminə nə kimi töhfə verəcək? İxtisasca həkim olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bildirib ki, tətbiqi gözlənilən proses səhiyyə sisteminə heç nə verməyəcək: “Azərbaycanda vətəndaşların gəlirləri onların özəl tibbi xidmətə müraciət etmələrinə imkan vermir. Buna görə də hesab edirəm ki, dövlət müəssisələrində aşağı keyfiyyətli yardım göstərməklə vətəndaşları özəl müəssisələrə müraciət etməyə məcbur edəcəklər. Bu da faktiki olaraq Konstitusiyada vətəndaşların sağlamlıq hüququnun açıq-aşkar pozulmasına yol açacaq. O ölkələrdə bu cür özəl tibb müəssisələri açılır və bu kimi müəssisələr şəbəkəsi yaradılır ki, o ölkədə insanların əməkhaqqı həmin müəssisələrə müraciət etməyə imkan versin. Azərbaycanda minimum əməkhaqqı 63 dollardır. Amma özəl klinikalarda ən ucuz müalicə və müayinəyə baxsaq, 5-6 min dollardır. Azərbaycan əhalisinin neçə faizi bu cür səhiyyə xidmətinə müraciət edə bilər?! Çox az sayda yüksək maliyyə ilə təmin olunmuş insanlar var ki, onlar da ancaq xarici ölkələrdə müalicə olunur. Beləliklə özəl sektorlarda kasıb vətəndaşların müalicə olunması üçün dövlət sektorunda aşağı keyfiyyətli tibbi xidmət olacaq. Dövlət sektorunda göstərilən tibbi xidmət demək olar ki, arxa plana keçəcək və xəstələr süni sürətdə özəl sektora müraciət etməyə məcbur ediləcək. Bu da onların istismarına yol açacaq”.
Vahid qiymətin tərtib edilib-edilməməsinə gəlincə, Sərdar Cəlaloğlu qeyd edib ki, özəl sektor bazar iqtisadiyyatına əsaslanır: “Ona görə də bir tərəfdən özəl səhiyyə sektoru yaradıb, digər tərəfdən ona nırx (ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət) qoymaq bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Dövlət tibb müəssisələrinin ödənişli əsaslarla tibbi xidmət göstərməsi yalnız azad rəqabət olduğu təqdirdə vətəndaşların xeyrinə işləyər. Amma Azərbaycanda monopoliya olduğuna görə, həyata keçirilən islahatlar vətəndaşların əleyhinə olacaq”.
Yeganə Oqtayqızı
Cebhe.info
Tarix: 6-05-2017, 23:10