Buraxılış və qəbul imtahanlarında əsaslı dəyişiklik - gözlənilən nəticələr


Etibar Əliyev: “Məktəblər tətbiq edilən yeniliklərə hazır olmalıdır”; Kamran Əsədov: “Bu il 700 bal toplayanların sayı çox az olacaq”

Bu ildən etibarən həm buraxılış, həm də ali və orta təhsil müəssisələrinə qəbul imtahanları əsaslı şəkildə dəyişdirilmiş formada həyata keçiriləcək. Belə ki, buraxılış imtahanlarında abituriyentlər kurikulum əsaslı tapşırıqlardan, yazı vərdişləri və qavrama vərdişləri tapşırıqlarından, eləcə də ESSE yazmaqla imtahan verəcəklər. Qəbul imtahan mərhələsində isə qapalı və açıq tipli testlərdən imtahan verəcəklər.

Həmçinin bu ildən etibarən ölkədə buraxılış və qəbul imtahanlarının nəticələri birləşdirilir. Belə ki, yeni qaydalara görə birinci mərhələdə, yəni buraxılış imtahanında abituriyentlər 3 fəndən, o cümlədən ana dili, riyaziyyat, xarici dildən maksimum 300 bal, II mərhələdə, qəbul imtahanında isə ixtisas qruplarına uyğun 3 fəndən maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər.

Bəs yeniliklər şagird və abituriyentlər üçün hansı çətinliklə yarada bilər? Yeniliklər prosesi asan, yoxsa daha da çətinləşdirir? Son olaraq qəbul imtahanlarında hansı nəticələr gözlənilir?

Məsələ ilə bağlı təhsil ekspertlərinin rəylərini öyrənməyə çalışdıq.

Etibar Æliyev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ekspert Etibar Əliyev qeyd etdi ki, məktəblər tətbiq edilən yeniliklərə hazır olmalıdır: “Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi çalışmalıdır ki, valideyn və abituriyentlər yeniliklər barədə məlumatlı olsun. Çünki əgər 2-3 il bundan əvvəl qapalı test tapşırıqlarına üstünlük verilirdisə, indi 20 qapalı, 8 açıq test tapşırığı tətbiq olunub. Bu, labüddür və kurikulumun tələbləridir. Şagirdlər oxuduqları mətni anlamalı, riyaziyyatdan tənlikləri həll etməlidirlər.

Bu yeniliklər heç də təsadüfi, bir gündə qərar verilən yeniliklər deyil. Yəni kurikulum sənədi qəbul olunduqdan sonra zaman-zaman monitorinqlər, sınaq imtahanları, eyni zamanda məktəbin özünün qiymətləndirmə ilə əlaqəli keçirdiyi imtahanların ortaya qoyduğu nəticələrlə bağlıdır. Yəni, uzun illər bu yeniliklərlə bağlı hazırlıqlar gedib. Bu gün orta məktəb müəllimi açıq tipli tapşırıqların həlli ilə bağlı şagirdlərini hazırlaya bilmirsə, deməli çox ciddi problemlər mövcuddur".

Etibar Əliyev bu il keçiriləcək qəbul imtahanlarnın nəticəsi barədə öz mövqeyini bu cür bildirdi:

“İstedadlılar hər zaman ortaya çıxır. Yəni söhbət kurikulumun tətbiqi ilə yanaşı xüsusi istedadlı şagirdlər var ki, onlar yaxşı nəticə göstərir. Bu, fərdi çalışmanın ortaya qoyduğu məsələdir. Ola bilsin ki, bəlkə bu il 700 bal toplayanın sayı çox az olacaq. Lakin bütün hallarda bu cür çətinlik mərhələsi ardıcıllıqla başlayıb və biz onu izləyirik. İmtahan nəticələrində 700 balın az və ya çox olması təhsilə o qədər də təsiri yoxdur. Yəni, əgər abituriyent öz bilik və bacarıqlarını nümayiş etdirib, 500 dən yuxarı  bal toplayırsa, bunun özü də pis nəticə deyil”.

Kamran ÆsÉdov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov da yeniliklərlə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, 2019-cu ildən başlayaraq istər ali, istərsə də orta təhsil müəssisələrinə qəbul imtahanları tamamilə yeni formatda həyata keçiriləcək: “Bu, ölkədə tətbiq olunan 2008-ci il kurikulum standartlarının nəticəsi idi. Çünki artıq həmin ildən etibarən kurikulumla təhsil alan şagirdlərin bilik və bacarıqlarının yoxlanılması əvvəlki ənənəvi üsulla aparılması mümkün deyil. Çünki onların əldə etdikləri bilik və bacarıqlar tamamilə  fərqli formatdadır. Bu səbəbdən bu il qəbul və buraxılış imtahanları tamamilə yeni formatda olacaq. Etiraf edək ki, həm buraxılış, həm də qəbul imtahanlarında iştirak edənlər bu prosesi hələ tam mənimsəməyib. Çünki əvvəllər yalnız qəbul imtahanlarında iştirak edənlər bir imtahan nəticəsindən 700 bal toplayırdısa, buraxılış imtahanlarının qəbul imtahanlarına təsiri yox idisə, 2019-cu ildən başlayaraq bu proses dəyişdirilib və imtahan şərti olaraq iki mərhələdə aparılacaq. Birinci mərhələ orta təhsil müəssisələrində təhsil almaq üçün buraxılış imtahanları hesab olunub, əvvəlki illərdə bitirənlər üçün isə bu formal olaraq imtahanın birinci mərhələsidir. Burada iştirak edənlər 0-300 bal toplamalıdırlar. Onlar 3 fəndən imtahan verəcək - Azərbaycan bölümündən olanlar Azərbaycan dilindən, rus bölümündən olanlar rus dilindən, riyaziyyat və xarici dildən. İkinci mərhələdə isə seçdikləri 4 ixtisas qrupunun birindən 0-400 bal toplamalıdırlar. Sonda hər iki mərhələdə toplanan ballar cəmlənir və yekun balla imtahana buraxılacaq.

Burada bir vacib məqamı qeyd etmək istəyirəm ki, təkcə imtahanın formatında deyil, həm də eyni zamanda test tapşırıqlarının modellərində də dəyişiklik olub. Əgər bu günə qədər qapalı test tapşırıqları var idisə, indi açıq test tapşırıqları da tətbiq olunub. “

Kamran Əsədov qeyd etdi ki, bütün bu dəyişikliklər imtahan nəticələrinə çox ciddi şəkildə təsir göstərəcək:

“Tam əminliklə deyə bilərəm ki,  əgər ötən ilə qədər 20-dən çox 700 bal toplayan var idisə, bu il 700 bal toplayan olmayacaq və yaxud sayı çox az olacaq.

Digər məsələ isə imtahan nəticələri ilə bağlıdır. Əgər bu günə qədər yalnız proqram təminatının tətbiq edilməsi ilə imtahan nəticələri yoxlanılırdısa, 2019-cu ildən etibarən yoxlama prosesinə insan faktoru da təsir göstərəcək. Yəni orada açıq, situasiya, dinləmə tipli testlərin yoxlanılmasına insan faktoru təsir göstərəcək ki, bu da qiymətləndirmədə müəyyən qədər problemlər ortaya çıxardacaq. Yəni, 2016-17-ci il buraxılış imtahanlarında müşahidə etmişdik ki, yoxlamalarda müəyyən qədər qüsurlara yol verilmişdi. Əslində bu nə üçün vacibdir? Bununla ali məktəblərdə az bal toplayanlara imkan, şans veriləcək ki, onlar qəbul oluna bilsinlər. Lakin ümumilikdə tam şəkildə gözləyə bilmərik ki, prosesdə inkişaf olacaq. Çünki burada yenə də şagirdlərin biliklərini yoxlayırıq, onların bacarıqlarını yoxlayan mexanizm yoxdur. Hələ də biz yaddaş məktəbindən təvəkkül məktəbinə keçməmişik. Halbuki hər zaman deyirik ki, mütləq şəkildə uşaqlar əzbərçiliyə mey etməməli, dərslikləri bu cür yadda saxlamamlıdırlar. Bizdə tətbiq etmə kimi test tapşırıqları yoxdur.

Beləliklə, gözlənilən ən ciddi qüsurlardan biri cavabların yoxlanılması ilə bağlı olacaq. Təsəvvür edin, aprel ayının 7-də artıq buraxılış imtahanlarının birinci mərhələsi keçirilib, hələ də  20 gündür ki, cavablar bilinmir. Cavabların bilinməsi üçün 1, hətta 2 ay vaxt lazımdır. Daha sonra may ayında qəbul imtahanı keçiriləcək və onun nəticələri də bir müddət sonra bilinəcək. Beləliklə imtahanlarda iştirak edənləri uzun müddət gərginlikdə qalacaq, növbəti imtahanda qeydiyyatdan keçib-keçməyəcəkləri barədə sual qarşısında qalacaqlar. Abituriyentlər imtahan nəticələrini gözləyənə qədər təxminən 2 ay psixoloji gərginlik yaşayacaqlar.

Ən əsas problemlərdən biri buraxılış imtahanlarında istifadə olunan test tapşırığı kitabçaları imtahan iştirkaçılarına verilməməsidir. İştirakçılar bilmir ki, hansı suala doğru, hansınsa yanlış cavab verir. Həm sual, həm də cavab kitabçaları iştirakçılardan alınır. Bu kifayət qədər çatışmamazlıqdır. Düşünürəm ki, yaxşı olardı  Dövlət İmtahan Mərkəzi sual kitabçalarını heç olmasa elektron variantda iştirakçılar çatdırsın ki, onlar verdikləri cavabı yoxlaya bilsinlər.

Ümumiyyətlə hələ də resurs çatışmazlığı var. Dövlət İmtahan Mərkəzi 11-ci siniflər üçün kitabçalar çap etməyib, yeni imtahan modelinə uyğun test toplumları çox azdır, demək olar ki, ənənəvi formatdadır. Bu bizə 1991-92-ci illərdəki vəziyyəti xatırladır. Bu baxımdan 2019-cu ildə biz imtahanlardan yüksək nəticə gözləməməliyik".

Xalidə GƏRAY

Tarix: 27-04-2019, 10:20
Xəbəri paylaş





Xəbər lenti