Mühacir azərbaycanlı ailələrdə boşanmaların sayı artıb

  Almaniyada 2017-ci il ərzində 138 893 nəfər ailədə partnyoru tərəfindən zorakılığa məruz qalıb. Bu zorakılıq halları qəsdən və ya ehtiyatsızlıqla adam öldürmə, ölümə cəhd, döymə, zorlama, hədə-qorxu, habelə məcbur etmə kimi cinayətlərdən ibarət olub. Bu barədə AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, zorakılıq qurbanları bir qayda olaraq qadınlar olur. 138 893 nəfər qurbandan 113 965 nəfəri qadınlar olub ki, bu da qurbanların 82%-ini təşkil edir.
Kriminal polisin məlumatına görə ailə zorakılığı nəticəsində 147 qadın öldürülüb. Statistikaya görə bu cinayətlərin 65%-i alman ailələrində, təxminən 35%-i isə miqrant ailələrində baş verib. Cinayətlərin 50%-i birgə yaşayan partnyorlar tərəfindən törədilib.
Almaniyada qadınlar üçün 350-yə yaxın sığınacaq, (ildə təxminən 30 min qadına kömək göstərmək imkanlarına malik) 600 ixtisaslaşdırılmış konsultasiya mərkəzi fəaliyyət göstərir. Bundan əlavə sutka ərzində yardım üçün 17 dildə konsultasiya təqdim edən telefon xətti mövcuddur. Azərbaycanda hələ ki, bu cür statistik məlumatlar gizli saxlanılır.
“Leqat”dan bildirilib ki, Almaniyaya gələn azərbaycan ailələrində boşanma hallarının sayı artmaqda davam edir: “Son 6 ay ərzində Almaniyaya gələndən sonra boşanmaq istəyən 27 ailə məsləhət üçün bizim təşkilata müraciət edib. Boşanmaq üçün müraciət edən qadınların əksəriyyəti özünü ailə zorakılığının qurbanı kimi təqdim edən şəxslərdir. Ailə zorakılığına məruz qalanların hamısını qadınlar təşkil edir. Boşanma üçün müraciət edənlərdən 22 ailə Almaniyaya Bakı şəhərindən deyil, regionlardan yəni, müxtəlif rayonlardan və şəhərlərdən gələnlərdir.
Boşanmaq üçün müraciət edənlərin 17-si polisə müraciət edib və əri tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını və ölümlə hədələndiyini bildirib. Onlardan yalnız iki ailə Almaniyada yaşamaq hüququ olan və bu ölkədə 10 ildən artıq müddətdə yaşayan şəxslərdir. Digərləri isə Almaniyada yaşamaq hüququ olmayan və 2-5 il müddətində Almaniyada olan şəxslərdir.
Qadınlarla aparılan söhbət zamanı onlar Azərbaycanda da eyni problemlərin mövcud olduğunu və Azərbaycanda şikayət etmək üçün şəraitin və ictimai dəstəyin olmadığını bildiriblər. Həmçinin yaxınlarının, tanışlarının qınağından çəkindiklərini qeyd ediblər.
Kişilər isə hesab edirlər ki, Almaniyada qadınlarda azadlıqdan baş gicəllənmə baş verir. Onlar qadınlardan narazılıqlarını ən çox bu sözlərlə ifadə edirlər: “çörəklərini veririk, rahat evdə yaşayırlar, isti su, soyuq su, daimi işıq…., bilmirəm başqa nə istəyir?!”
Maraqlıdır ki, ailəsi boşanma ərəfəsində olan kişilərin heç biri boşanmaq istəmədiyini, xanımlarının müxtəlif hüquq müdafiəçiləri tərəfindən öyrədildiyini bildirirlər. Xanımlar isə həyat yoldaşları ilə yaşamağın dözülməz olduğunu və qadınlar üçün ayrılmış sığınacaqlarda yaşamağın onlarla birlikdə yaşamaqdan daha əlverişli olduğunu bildirirlər.
Kişilərin əksəriyyəti hesab edir ki, boşanmalar əsasən qadınlar tərəfindən Almaniyadakı azadlığın düzgün başa düşülməməsi, bəziləri tərəfindən isə sui-istifadə hallarına yol verilməklə baş verir.
Bəziləri isə hesab edir ki, boşanmaların sayının bu qədər çoxluğu boşanmaq üçün müraciət edənlər arasında Almaniyada müvəqqəti yaşamaq hüququna nail olmaq istəyi ilə bağlıdır. Belə ki, bəzi ailələr elə hesab edirlər ki, qadınların sığınacaqda yerləşdirilməsi onların müvəqqəti yaşayış hüququ alması ilə nəticələnəcək. Çox təəssüf ki bu hallarda ailədəki uşaqların yaşadıqları mənəvi travma nəzərə alınmır. Bəzi ailələr isə sığınacaqda olduqları müddətdə uşaqlar təhsildən ayrılır, yeni məktəblərə getməli olur, bu da onların yenidən təhsil müəssəsinə inteqrasiya olunmasında bəzən problemlər yaradır”.
“Bir qrup isə hesab edir ki, qadınlar Azərbaycanda təmin olunmayan insan haqlarını burda görür və bundan yararlanmağa çalışır. Ailə dəyərləri arxa plana keçir. Qadınlar ərlərindən deyil dövlətdən dəstək aldığı üçün özünü güvəndə hiss edir. Bilir ki, ac qalmayacaq. Ər “sənə çörək verirəm, mənsiz heç kimsən!“ variantlarını burda itirir.
Hesab edirik ki, harada yaşamasından asılı olmayaraq ailə yalanlar üzərində qurulmamalı və bu yalanlarla yaşamalı deyil”-deyə inteqrasiya mərkəzindən saytımıza bildirilib.
Tarix: 9-05-2019, 13:54
Xəbəri paylaş





Xəbər lenti