Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi... - Ekspert danışır...
İşçilərin əmək haqqı barədə. İşçilərin əməyin ödənilməsi: növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı: 1. qanunvericiliklə 2. kollektiv müqavilələrlə. 3. Əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqavilələri ilə və ya işəgötürənlə həmkarlar təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi: sistemi, növləri və məbləği AR Nazirlət Kabineti tərəfindən müəyyən edilir. İşçilərin əmək haqqı əsasən 3 hissədən ibarətdir: İşçinin Əmək haqqının tərkibinə: aylıq tarif (vəzifə) maaşı, əlavələr, mükafatlar daxildir. 1. Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi, işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqı 3 hissədən ibarət olsa daha çox tarif (vəzifə) maaşı əsasdır. Əmək haqqının tərkibinə daxil olan əlavələr və mükafatlar isə heç də bütün işçilərə şamil olunmur, yalnız işçilərin qanunvericiliklə bu hüququ yarandıqda, kollektiv müqavilələrlə, əmək müqavilələri ilə, işəgötürənin iradəsi ilə müəyyən edildiyi hallarda ödənilə bilər. Eyni zamanda əmək haqqına əlavələr üzrə ödənişlər də əmək haqqı hesabı ilə deyil, aylıq və ya saatlıq tarif (vəzifə) maaşından hesablanır. 2. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, onun əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək şəraiti ağır və zərərli olan işlərdə, iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində, axşam - gecə saatlarında, normadan artıq işə görə işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) (dəniz əmsalı, gecə saatlarına görə, zərərli iş saatlarına görə, susuzluğa görə v sair) məbləğinin minimum miqdarı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 3. Mükafat — əməyin kəmiyyəti, keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, peşəkarlığına, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
Müəllif: Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - Dia-az.İnfo