“Cərimələrin artmasında maraqlıdırlar ki, daha çox maaş, mükafat alsınlar” — “Azparking” etiraz yaratdı…
“Azparking” fəaliyyəti tamamilə vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanan qurumlardan biridir. Bu sözləri
Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, onların cəriməyə belə “həssas” yanaşması və cərimələri sağa, sola yazmalarının bircə səbəbi var:
““Azparking”-in əsasnaməsinə görə yazılan cərimələrin yarısı “Azparking” işçilərinin əmək haqlarının və onlara mükafatların ayrılmasına yönəlir. Onların əsasnaməsində belə bir qeyd var. Onlar da çox məmnuniyyətlə cərimə yazırlar və cərimələrin artmasında maraqlıdırlar ki, daha çox maaş, daha çox mükafat alsınlar. Əsasən də rəhbərlikdə təmsil olunan şəxsləridir. Dünyanın hər yerində belə bir sistem artıq 10 illərdir tətbiq olunur. Yəni, internet geniş inkişaf edəndən bəri belədir. Məsələn, mən Avropada bu sistemləri 2008, -2009, 2010-cu illərdə görmüşəm. Hətta, biri 15 il bundan öncə var idi. Azərbaycan isə yeni tətbiq edir, amma vətəndaşlara doğru, dürüst xidmət etməkdənsə, vətəndaşlara problemlər yaradılır.
Düşünürəm ki, bu məsələnin kökündən həll olunmasının bircə yolu var: ümumiyyətlə parkinq sistemi və şəhər təsərrüfatı böyük şəhər bələdiyyəsinin nəzdində olmalıdır. Böyük şəhər bələdiyyəsi yaradılmalıdır və bütün məsələlər kompleks şəkildə bir mərkəzdən idarə olunmalıdır. Belə pərakəndəlik, ayrı-ayrı qurumların yaradılması doğru addım deyil”.
Tarix: 23-08-2024, 10:06