DOST Agentliyi bu dəfə 1,8 milyona ofis icarəyə götürüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, Agentliyin “3 saylı Bakı DOST Mərkəzi” üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi “Faktor Qrup-S-1” QSC (VÖEN - 1604133621) olub.
 
DOST Agentliyi “Faktor Qrup-S-1” QSC-dən ümumi sahəsi 2 490 kv. metr olan qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 1 milyon 792 min 800 manat 2 qəpik ödəniləcək.
 
Məlumat üçün bildirək ki, bu ayın əvvəlində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi də “Faktor Qrup-S-1” QSC-dən qeyri-yaşayış sahəsini icarəyə götürüb və qarşılığında 1 milyon 435 min 140 manat ödəniləcək.
 
Qeyd edək ki, dövlət qurumlarına milyonluq ofisləri icarəyə verən “Faktor Qrup-S-1” QSC “Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. “Faktor Qrup-S-1” QSC 2020-ci ildə, “Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Ötən ay daha bir şirkət – “Company FSL” MMC (VÖEN – 1405481101) fəaliyyətinə xitam verərək “Faktor-Qrup-S-1” QSC-yə birləşib.
 
Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda adları qeyd oluna şirkətlər barəsində məlumatlar mövcud deyil.
Tarix: 23-08-2024, 23:10
Xəbəri paylaş





Xəbər lenti