Gəncədə sərnişindaşımada nələr baş verir? - VERGİNİN CƏRİMƏLƏDİYİ ŞİRKƏT İŞÇİLƏRİNİ ÖZÜNDƏN XƏBƏRSİZ AZAD EDİB


Gəncədə şəhərdaxili sərnişindaşımanı həyata keçirən “Simurq kompany” (Avto-Maşın Sexi)külli miqdarda vergidən yayınıb.
Bu barədə Gununsesi.info-nun    əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmalardan sonra “Simurq kompany” 72 min manat cərimələnib.

Cərimə cəzasının tətbiqindən sonra məlum olub ki, şirkətdə daha böyük qanunsuzluqlar hökm sürürmüş.
Belə ki, şirkətdə sürücü kimi çalışan Əlövsət Bayramov saytımıza açıqlamasında bildirib ki, bir neçə il əvvəl ondan rüşvət alaraq işə qəbul ediblər: “Bizə minimum əmək haqqı yazılırdı. Pensiya və sığorta pulumuz ödənilsə də maaşımızı özlərinə götürürdülər. Biz də sürücü işləyib qazanırdıq, ona görə də buna çox önəm vermirdik. Çünki, şirkətin başında duran Əflatun Əliyev və Fuad Babayev qarajın xərclərinin ağır olduğunu iddia edirdi. Ancaq indi mənə məlum olub ki, özümdən xəbərsiz işdən azad olunmuşam”. 
 
Əlövsət Bayramov üzləşdiyi bu qanunsuzluqla bağlı Baş Prokurluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyini də vurğulayıb.
Şirkətdə çalışan Raib Xəlilov da özündən xəbərsiz işdən azad edildiyini deyir.
Ermənilərin Gəncəyə raket hücumu nəticəsində evi dağılan və həyat yoldaşını itirən Raib Xəlilov özü  ağır yaralansa da həyatda qala bilib.
Rahib Xəlilov deyir ki, 20 avqust tarixində şirkətə gedərək, özü üçün sənəd almaq istəyib. Lakin ona bildirib ki, sən xeyli zamandır ki, burada işləmirsən.
Görünür, Əflatun Əliyev və Fuad Babayev cütlüyü üçün bu faciəvi hadisəni yaşayan bir insanı işdən atmaq asan məsələdir.
Şirkətdə işləyən sürücülər deyir ki, bu cür hallar çoxdur.
Bundan başqa şirkətin yerdə qalan səhmdarları da bütün qazanclara sahib çıxan Əflatun Əliyev və Fuad Babayevin onları səhmdar cəmiyyətə yaxın buraxmadığını deyir.
Növbəti araşdırmamızda bu barədə geniş material təqdim edəcəyik.
Yuxarıdakı iddialarla bağlı Fuad Babayevin mobil telefonuna etdiyimiz zənglər cavabsız qaldı.
Tarix: 27-08-2024, 13:13
Xəbəri paylaş





Xəbər lenti