Türkanlılar I vitse-prezidentə müraciət etdilər: “Ləpədöyəni də zəbt ediblər”

Türkanlılar I vitse-prezidentə müraciət etdilər: “Ləpədöyəni də zəbt ediblər” Xəzər rayonu, Türkan qəsəbəsinin bir qrup sakinləri və bağ sahibləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayblar.

Müraciət müəllifləri dəniz sahilinin zəbt edilməsinə heç bir nəzarət edilmədiyini bildirərək yazırlar: “Hazırda həmin məktubda qeyd edilən özül üzərində hasar tikilmiş və artıq hasar dənizə dirənmişdir. Sakinlər üçün dənizdə cəmi 50-100 metr ərazi qalmışdı ki, həmin ərazi - uzun illər istifadə etdiyimiz dəniz sahili də bu günlərdə tamamilə qanunsuz olaraq zəbt edildi. Qanunsuzlugun qarşısının alınması üçün təcili tədbirlər görülməsi zəruridir”.

Müraciətdə qeyd olunur: “Son zamanlar Türkan qəsəbəsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqların zəbt edilməsi, qanunsuz hasara alınması yolu ilə bağlanılması və dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması prosesi geniş vüsət alıb. Son ildə demək olar ki, bütün sahil ayrı-ayrı adamların arasında bölüşdürülmüş və hər kəsin tikdirdiyi daş hasar düz ləpədöyənə qədər uzadılıb.

Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız Azərbaycan Respubliksının Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər.

Hazırda tikilən hasarla Türkan qəsəbəsində hissə-hissə dəniz sahilinin qanunsuz zəbt edilərək hasara alınması prosesi tam başa çatdı (Sizin himayə etdiyiniz nitqi qüsurlu uşaqlar üçün nəzərdə tutulan internat məktəbindən dənizə gedən yolda olan son sahə də hasarlandı) və dəniz sahilində bütün torpaqlar zəbt edilməklə, biz sakinlərə dənizdən istifadə etmək üçün heç bir torpaq sahəsi saxlanılmadı. Sanki, Türkan qəsəbəsində heç bir dövlət orqanı fəaliyyət göstərmir və qanunsuz torpaq sahələrinin zəbt edilməsi üçün heç kim məsuliyyət daşımır.

Aydınlıq üçün bildiriirik ki, son illərdə İnternat məktəbindən dənizə gedən yoldan 1 km sağ və 1 km sol istiqamətdə dənizə gedən bütün yollar bağlanmışdır və sahil zəbt edilmişdir. Halbuki plan və sxemə görə hər iki bağdan bir dənizə yol nəzərdə tutulmuşdur. Sakinlər əsasən internat məktəbinin qarşısındakı yoldan dənizə gedirdilər və orada cox az qalmış sahədə dənizdən istifadə edirdilər. Bu gün artıq həmin sahənin də tam olaraq hasarlandı, hətta qanunda nəzərdə tutulan ən azı 20 metr də məsafə də saxlanılmadı”.

Müraciəti ünvanlayanlar qeyd edirlər ki, Xəzər rayonunun Türkan qəsəbəsində baş verən özbaşnalıqların qarşısının alınması üçün I vitse-prezidentin köməyinə və ədalətinə böyük ehtiyacı var: “Ümidvarıq ki, dövlət mülkiyyətində olan torpaqların amansızcasına qanunsuz zəbt edilməsinin qarşısının alınması və sahil torpaqlarının geri qaytarılması üçün aidiyyəti orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək”.

Musavat.com
Tarix: 11-05-2017, 15:41
Xəbəri paylaş





Xəbər lenti