Azərbaycanda su təchizatı tenderlərini kimlər udur? - İLGİNC

Azərbaycanda su təchizatı tenderlərini kimlər udur?
2024-cü il ərzində su təchizatı sahəsində keçirilmiş tenderlər geniş miqyaslı infrastruktur layihələri və xidmət müqavilələri ilə diqqət çəkir. Dövlət və bələdiyyə qurumlarının keçirdiyi bu tenderlər, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını göstərir.

FED.az xəbər verir ki, ümumilikdə, 2024-cü il üzrə su təchizatı tenderlərinin ümumi dəyəri nə az, nə çox 33 111 665 AZN təşkil edib.

Ən çox SAYDA tender udan şirkət 9 tender udaraq "Azərsu" ASC olub. Şirkət müxtəlif dövlət və bələdiyyə qurumlarının su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə bir çox müqavilələr imzalayıb. "Azərsu" ASC-nin udduğu tenderlərin ümumi dəyəri 446 280 AZN təşkil edir. Müxtəlif icra hakimiyyəti və mərkəzi xəstəxanalarla bağlanmış müqavilələr bu şirkəti su təchizatı sahəsində əsas oyunçuya çevirir.

Maksimum dəyərdə tender isə "Minera" MMC tərəfindən qazanılıb. Bu şirkət Laçın rayonunun Bəylik yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemləri ilə bağlı 11 359 019 AZN dəyərində böyük bir müqavilə imzalayıb. Bu müqavilə su təchizatı sahəsində ən böyük layihədir.

Bundan başqa, milyon manatlıq müqavilələr də diqqət çəkir. Məsələn:

"AZ Graft Construction" MMC Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə bağlı 7 123 232 AZN-lik müqavilə bağlayıb.

"RR İnvestment" MMC isə Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması üzrə 6 126 261 AZN-lik tenderin qalibi seçilib.

"Azərsutəchizattikinti" ASC Cəbrayıl rayonunun Şükürbəyli kəndində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə 2 560 615 AZN-lik tender udub.

"Maybo" MMC Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcli sutəmizləyici qurğuları ilə bağlı 1 656 000 AZN dəyərində tenderi udub.

"Rəmzi" MMC Ağdam rayonunun Sarıcalı kəndinin su təchizatı və kanalizasiya sisteminin yaradılması üçün 1 609 440 AZN-lik tenderi qazanıb.

Bu layihələr su təchizatı sahəsində böyük infrastruktur işlərinin həyata keçirildiyini göstərir və dövlət tərəfindən suvarma və kanalizasiya sistemlərinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayır.
Tarix: Bu gün, 10:56
Xəbəri paylaş





Xəbər lenti