Məmur-sahibkarlar - karlı obyektlərin sahibləri

Məmur-sahibkarlar - karlı obyektlərin sahibləri Srağagün gecə saatlarında Bakı şəhərində “Niaqara” restoranının yandığı barədə xəbər yayılmışdı. Sonra məlum oldu ki, ciddi bir şey deyil, restoranın bir hissəsində yağ qalıqlarına od düşüb, tüstülənmə olub və yanğın şoddətlənmədən lokallaşdırılıb.


“Niaqara”dakı yanğın xəbəri ilə yanaşı, “Ambassador” otelinin də yanması barədə xəbər yayıldı. Bu xəbər hardan və niyə çıxmışdı, bəlli olmadı.


Bir azdan otel və restoranı birləşdirən “dəyər”in adı da çəkildi: Yavər Camalov.
68 yaşlı Yavər Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziridir və 2006-cı ili martından, bu nazirlik təsis ediləndən həmin postda işləyir.



Ancaq onun adı yüksək mənsəbli dövlət vəzifəsi tutmaqla yanaşı, həm də xidmət və iaşə sektorunda fəaliyyət göstərən biznesmen kimi çəkilir.


Ola bilər, müəyyən istehsal sahələrində də ona məxsus müəssisələr var, sadəcə, otel-restoranlar göz önündə olduğuna görə o biri müəssisə və obyektlər çox da gözə görünmür.


Söz yox, bütün bu obyektlər, müəssisələr və biznes strukturlarının sənədləşməsində nazirin adı keçmir, hamısında ailə üzlərinin, qohum-əqrəbanın, sınanmış dostların adı yazılıb. Bu isə onları müəssisələrin sahibi etmir.


Hər kəs hansısa otelin, restoranın əsl sahibinin km olduunu bilir. Bunu bilmək elə də çətin deyil. Həmin otelə, restorana işiniz düşdüyündə oraya bələdliyi olan adamlardan “bu obyekt kimindir” deyə soruşsanız, sizə otelin və restoranın sənədləşməsində adı keçən şəxsin (məsələn, Məmməd Məmmədov) adını çəkməyəcəklər, deyirlər, bura Yavər Camalovundur. Özünüzü tanmazlığa qoysanız, əlavə izahat da verirlər: “Nazirdir”.


Bəs bu informasiyalar dəqiqdirmi? Yüzdəyüz. Kim bilməsə də vergi, audit və sair orqanlar hansı obyektin hansı nazirə məxsus olduğunu çox gözəl bilirlər. Çünki həmin obyektlərlə bağlı hər hansı bir problem olanda xəbərdarlıq zəngi məhz nazirdən, yaxud onun adından danışan yaxın adamlardan gəlir: “Orayla işiniz olmasın, bizim obyektdir”.
Beləliklə, əsl sahib haqqında söz-söhbətlər daha böyük arealda yayılır və hər kəsin dilinə düşür.
Əslində, nazirlər, rəislər, prokurorlar, digər yüksək vəzifə adamları bu cür məlumatları ciddi-cəhdlə gizlətmirlər də. Çünki buna ehtiyac yoxdur.


Bu ölkədə hər hansı bir bahalı obyektin, real dəyəri milyonlarla ölçülən otel, şadlıq sarayı, supermarket kimi biznes strukturlarının hansısa yüksək vəzifəli şəxsə məxsus olması qəbahət sayılmır, əksinə, norma sayılır.


Bu üzdəndir ki, ali və orta ranqa daxil olan möhürlü məmurların çoxunun (kiçik istisnalar ola bilər) biznes şəbəkələri var.
Burada təkcə ad çəksək, yazıda yer qalmaz, yalnız nazirlərin obyektlərini saysaq, qəzetin 10 səhifəsi yetməz. Məsələn, 10 il öncə bir qalmaqallı məhkəmədə dövlət ittihamçısı bir nazirin və qardaşlarının sərəncamında olan obyektlərin adlarını sadalamışdı, qəzetlərin iki qoşa səhifəsi dolmuş, ardı üçüncü səhifədə verilmişdi.


Qanunvericiliyə görə, dövlət qulluqçuları biznes fəaliyyəti ilə məşğul ola bilməzlər və ilk baxışdan, sənədlərə görə, onlar bununla məşğul deyillər. Fəqət onlar həm də gerçək sahibkardırlar və dövlət vəzifəsi ilə yanaşı, biznes şəbəkəsini real sahibi postunu paralel tuturlar.


Bu cür ikili status onların biznesinin çiçəklənməsinə rəvac verir, onlar dövlət vəzifəsinin verdiyi üstünlüklərdən istifadə edərək öz bizneslərini genişləndirə bilirlər. Elələri var ki, dövlətin sifarişləri üzrə elan edilmiş tenderi formal şəkildə udur, iki ayın içində əlavə milyonlar qazanırlar.


Bəs bu qədər bahalı, dəyərli biznes strukturlarının ilkin kapitalının qaynağı nədir? Təbii ki, rüşvətxoruq və korrupsiya ilə toplanmış pullardır. Sonradan isə o pulların yatırıldığı müəssisələrin gətirdiyi gəlirlər artıq o milyonların leqallaşması, “yuyulması” ilə nəticələnir.


Bu baxımdan hansısa otel, restoran, alış-veriş mərkəzində yanğın, qəza olanda dərhal onun əsl sahibinin adının çəkilməsi və hallandırılması anlaşılandır və bu heç kəsi təəccübləndirmir.


Hətta sabah-birigün həmin obyektlər artıq vəzifədən qovulmuş nazirin (rəisin, prokurorun) əlindən alınanda da hər kəs mediada çıxan “... əl dəyişdirdi” xəbərini anlayışla qarşılayır. Hər kəs bilir ki, artıq filan nazirin qara çuxası yatıb, demək, biznes şəbəkəsi də pay-püşt ediləcək.


39-42-ci paralellərdə yerləşən ölkəmizdə durum budur, hörmətli oxucular.



Xalid KAZIMLI
Tarix: 12-05-2017, 08:50
Xəbəri paylaş





Xəbər lenti