Təyminənin biznesmen ərinə qarşı falçı Səkinə ilə gizli sövdələşməsi…

Təyminənin biznesmen ərinə qarşı falçı Səkinə ilə gizli sövdələşməsi… Bakı Ağır Cinayətlərə Məhkəməsində iş adamı Barat Abdullayevin dələduzluqda, saxta sənəd düzəltməkdə və polisə müqavimət göstərməkdə ittiham olunan həyat yoldaşı Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Ramella Allaheverdiyevanın sədrliyi ilə aparılan prosesdə təqsirləndirilən statusundakı Təyminə Abdullayeva istintaqa verdiyi ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. O, ifadəsində B.Abdullayevlə 1990-cı ildə ailə qurduqlarını, birgə nikahdan bir övladları dünyaya gəldiyini bildirib. Deyib ki, həyat yoldaşı ilə bir yerdə yaşadıqları evi, onun qızıllarını ələ keçirmək niyyəti olmayıb.


Düşünüb ki, yəqin ərin cadu ediblər…

T.Abdullayevanın ifadəsinə görə, həyat yoldaşı ilə aralarında yaranan problemlərə səbəb onun başqa qadınla münasibət qurması olub. B.Abdullayevin mütəmadi olaraq ölkə xaricində olması, Azərbaycana qayıdanda isə digər ailəsinin yanında qalması ər-arvad arasında münasibətləri daha da kəskinləşdirib. Və günlərin birində Təyminə belə qərara gəlib ki, ərinə cadu ediblər. O, cadunun tilsimini sındırmaq üçün çıxış yolunu falçılara müraciət etməkdə görüb.

Təyminənin ifadəsindən: ”Falçı dedi ki, ərinə bir rus qadın cadu edib. Cadunu çıxartmaq üçün 20 min manat pul istədi. Həmin pulla Gürcüstandan cadunun çıxarılması üçün müxtəlif əşyalar gətirəcəyini deyirdi, razılaşdım. İki gündən sonra həmin pulu aparıb verdim. Falçı deyirdi ki, sənə də, oğluna da çox bərk cadu ediblər. Pulu verəndən sonra falçı bir bağlama Verdi, gözdən uzaq, qaranlıq yerdə saxlamağı tapşırdı. Həmin bağlamanı Zığ qəsəbəsindəki zeytunluğa basdırdıq”.



Falçı göndərdi ekstrasensin yanına, 10 min də getdi

T.Abdullayevanın ifadəsinə görə, falçı ona narahat olmamağı, hər şeyin yaxın günlərdə yoluna düşəcəyini deyib. Təxminən bir ay sonra falçı qadınla əlaqə saxlayan T.Abdullayeva ərinin bəzi obyektlərini, mənzilini satmaq istədiyini, amma alınmdadığını deyib, kömək göstərməsini xahiş edib.

Bu söhbətdən sonra falçı qadın T.Abdullayevanın başqa bir ekstrasensin yanına göndərib. Bu dəfə isə obyektlərin satılması üçün 10 min manatından keçməli olub:”Həmin pulu ekstrasensə deyil, falçı qadına vermişdim. Qızılları lombarda qoyub pul götürmüşdüm. Falçı qadın bir aya kimi hər iki işin düzələcəyini desə də aradan üç ay vaxt keçmişdi. Ona görə də zəng vurub pulumu istəyib”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, uzun müddət falçı qadından pulunu geri istəsə də ala bilməyib. Səkinə adlə həmin qadın Təyminəyə təklif edir ki, mənzili banka girov qoyub pul götürəcək.

Falçı Səkinənin elektrod biznesi

Qadın danışır: “Dedi ki, tanışlarımla bu işi həll edəcək və mənə lazım olan pulu verəcəklər. Bu işdən Səkinə də pul qazanacağını və mənə olan borcunu geri qaytaracağını bildirdi. Bu barədə ərimə dedim, razılaşdı. Lakin bu iş də alınmadı. Sonra Səkinə dedi ki, Gürcüstandan maşın gətirib satacaqlar, ordan pul qazanıb borcumu verəcəklər. Həmçinin dənizaltı qaynaq işlərinin görülməsi üçün elektrodların satışı ilə məşğul olduğunu da deyirdi. Həmin işə pul qoymağımı təklif eləmişdi. Həm də Əhmədlidə olan gösəllik salonunu borcunun qarşılığında mənə verə biləcəyini demişdi. Mən də inandım. Şücayət adlı tanışımdan 6 faizə 20 min pul götürüb elektrod işinə görə Səkinəyə verdim. Bu dəfə də məni aldatdığını görüb pulumu istədim. Əvəzində salonu mənə verdiyini dedi. Salonun dəyəri 100 min, Səkinənin mənə borcu isə 50 min idi. Ona əlavə olaraq 50 min manat verməli idim ki, gözəllik salonunu adıma keçirtsin”.
Təyminənin biznesmen ərinə qarşı falçı Səkinə ilə gizli sövdələşməsi…
Barat Abdullayev

Ərindən xəbərsiz evi satıb

T.Abdullayeva əri Barat Abdullayevlə birgə yaşadığı mənzili qanunsuz olaraq ələ keçirməkdə də təqsirləndirilir. Belə ki, mənzil T.Abdullayevanın adına olub və o, şəxsiyyət vəsiqəsində subay olduğunu göstərib. Beləliklə ərinin razılığını almadan evi satıb. İş adamının arvadı evi ərindən xəbərsiz girov qoyması və pul götürməsi məsələsini belə izah edib: “Səkinənin tanışı olan Eminə ailəli olduğumu, ancaq evin öz adıma olduğunu dedim. Ərimin xəbəri olmadığı üçün bunun mümkün olmayacağını söylədim. Amma Emin dedi ki, bu işi həll edəcək”.

T,Abdullayeva ifadəsində mənzili necə girov qoyub 110 min manat götürdüyünü belə izah edib: “Həmin ərəfələrdə şəxsiyyət vəsiqəmi itirmişdim. ASAN xidmətə müraciət etdim. Evli, yaxud subay olduğum barədə heç nə demədim. Şəxsiyyət vəsiqəsi aldıqdan sonra Eminlə əlaqə saxladım. “Dəmirçi plaza”da yerləşən “Faktor Lizinq” şirkətinin ofisinə dəvət etdilər. Kreditlə bağlı danışıq oldu. Mənə 110 min manat lazım olduğunu dedim. Emin isə bildirdi ki, 130 min yazdıraq ki, 20 min də bank xidmətləri tutulacaq. Mənə 100 min lazım idi, amma Səkinə mənə demişdi ki, 10 min artıq götürüm. Həmin pulu Xəyyama verəcəkdi. Və sonra mənim pulumu qaytaranda geri ödəyəcəkdi. Bu məbləği verərkən şirkəti bir təminatçı istədi. Mən də Səkinəyə zəng vurdum. Xəyyam, Səkinə və Eminlə birlikdə 9 saylı notariat kontoruna getdik. Orada Səkinə də, mən də sənədləri imzaladıq. Sənədləri imzalayanda oxumadım. 110 min pul aldım, 60 minini Səkinəyə verdim. 35 min isə lombarda ödədim”.

Telefonlarını söndürüb yoxa çıxır

T.Abdullayevə ifadəsində göstərib ki, bu söhbətlərdən iki ay vaxt keçsə də, Səkinə salonu onun adına keçirməyib. Hər dəfə müxtəlif bəhanə gətirib, onu aldadıb. Hətta “Lizinq” şirkətinə pul da ödəməyib. Zəng vurub öhdəçiliyi öz üzərinə götürməsini istəyiblər:”Əgər pulu ödəməsəm ev əlimdən çıxa bilərdi. Ayda altı min ödədim. Öhdəçiliyi öz üzərimə götürəndən sonra Səkinədən borc müqaviləsi bağlamağımızı istədim. Əvvəlcə razılaşdı, amma sonra telefonları söndürüb yoxa çıxdı. Bu barədə ərimə və qaynıma dedim. Onların məsləhəti ilə polisə müraciət etdim”.

Qeyd edək ki, iş adamı Barat Abdullayev şikayətində qızıllarının arvadı tərəfindən lombarda qoyulduğunu, bir hissəsinin isə ələ keçirildiyini deyib. T.Abdullayeva bu ittihamla da razılaşmayıb və istintaq orqanına deyib ki, lombarda qoyduğu qızıllar arasında ərinin qızıl saatı da olub: “Amma digər qızılları isə Barat nigah dövründə mənə alınıb.

Biznesmen arvadı haqda şikayətində nə deyirdi

Polislərə müqavimət göstərməsi ittihamı barədə ifadə verən Təyminə Abdullayeva bildirib ki, həmin vaxt evdən çıxarkən 3 mülki geyimli şəxs ona yaxınlaşıb: “Məni zorla maşına mindirmək istədilər. Onların polis olduğunu bilmədim. Həmin vaxt huşumu itirib yıxıldım. Amma onlara müqavimət göstərmədim. Ayılanda isə oğlum və dostlarının həmin şəxslərə mübahisə etdiyini gördüm”.

Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub. Qeyd edək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda oteli, ticarət obyektləri olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

İnarə Rafiqqızı
Tarix: 16-05-2017, 21:36
Xəbəri paylaş





Xəbər lenti