Leyla və Arif Yunusların məhkəməyə məcburi gətirilməsinə qərar verildi

Leyla və Arif Yunusların məhkəməyə məcburi gətirilməsinə qərar verildi Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbr verir ki, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə ölkədə olmayan Leyla və Arif Yunusların məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb.

Vəkil Elçin Sadıqov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmündən Yunuslar apellyasiya şikayəti vermişdilər. Prokurorluğun isə hökmlə bağlı protesti olmadığına görə apellyasiya instansiyası cəzanı ağırlaşdıra bilməz. Vəkil bu səbəbdən Yunusların apellyasiya şikayətinə özlərinin iştirakı olmadan baxılmasının mümkün olduğunu söyləyib.

Dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbaslı sənədlərin surətinin vəkilə verilməsi ilə bağlı vəsatətə etiraz etməyib. Ancaq o, apellyasiya baxışının Leyla və Arif Yunusların iştirakı ilə keçirilməsini istəyib.

Vəkil Elçin Sadıqov vəsatət verdi ki, təqsirləndirilən şəxslərin ölkədən çıxışına Ali Məhkəmə icazə verib. Ona görə də prosesin onların iştirakı olmadan keçirilməsi mümkündür. Vəkil həmçinin bildirib ki, onların məhkəmə iclasında hazırda iştirak etməsi müalicə almaları səbəbindən mümkün deyil.

Vəkil Yunusların "skype", "whatsapp", "facebook" vasitəsilə məhkəmə iclasına qatılmasının təmin edilməsini istəyib. Dövlət ittihamçısı vəsatətə etiraz edib. Məhkəmə də vəsatəti rədd edib və təqsirləndirilən şəxslərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar verib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci ilin avqust ayında Leyla Yunusun 8 il 6 ay, Arif Yunusun isə 7 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Leyla Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, sənəd saxtalaşdırması, Arif Yunus isə dələduzluq maddəsi ilə təqsirli bilinib. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

2016-cı ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edərək, Yunuslar barəsindəki azadlıqdan məhrumetmə cəzasını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək onları azadlığa buraxıb. Bundan sonra onlar ölkəni tərk edərək, Hollandiyaya gediblər.

Bir müddət əvvəl isə Ali Məhkəmə Yunusların şərti cəza ilə azadlığa buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarını ləğv edib, iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilib.

İ.Muradov,
Tarix: 17-05-2017, 14:24
Xəbəri paylaş





Xəbər lenti